Tamara Sinyavskaya: “Qəbələ festivalı artıq dünyada öz yerini tutub” - FOTO
23 iyul 2012 15:52 (UTC +04:00)

Tamara Sinyavskaya: “Qəbələ festivalı artıq dünyada öz yerini tutub” - FOTO

APA-nın məlumatına görə, Müslüm Maqomayevin 70 illik yubileyi sabah start veriləcək IV Qəbələ festivalı çərçivəsində də qeyd olunacaq. Müslüm Maqomayevin həyat yoldaşı, SSRİ-nin xalq artisti, Böyük Teatrın solisti, professor Tamara Sinyavskaya da Qəbələ festivalına qonaq qismində qatılacaq. Azərbaycana səfəri ilə bağlı mətbuat konfransı keçirən xanım Sinyavskaya bildirib ki, Qəbələ festivalı artıq dünyada öz yerini tutub və ən hörmətli musiqi festivallarından biridir: “Müslümün xatirəsinə təkcə burada deyil, bütün dünyada hörmətlə yanaşırlar. Hətta bir vaxtlar SSRi-dən köçüb getmiş insanlar belə onun yaradıcılığını hörmətlə xatırlayırlar. Moskvada “Krokus city holl”da Müslüm Maqomayev adına konsert zalı açılıb, orada Müslümün abidəsi qoyulub”.


Müslüm Maqomayevin 70 illiyi Moskvada da geniş qeyd olunacaq. Tamara Snyavskaya bildirib ki, oktyabrın 5-də Moskvada Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş konsert keçiriləcək. Oktyabrın 20-də isə Müslüm Maqomayev adına ikinci beynəlxalq müsabiqə baş tutacaq. Tamara Sinyavskaya rəhbərlik etdiyi Müslüm Maqomayev Fondunun bu müsabiqənin iştirakçılarının gələcək taleyini izləməkdə davam etdiyini deyib: “Mənə elə gəlir ki, bu müsabiqə onların bir çoxunun yaradıcılığında böyük rol oynayıb”.


Azərbaycanlı müğənnilərə dərs demək planları ilə bağlı sualı cavablandıran Tamara Sinyavskaya bildirib ki, bu məsələ barədə düşünür və master-klasslar keçə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1156

Oxşar yazılar