“Mahmud və Məryəm”in çəkilişləri başlayır
18 iyul 2012 18:09 (UTC +04:00)

“Mahmud və Məryəm”in çəkilişləri başlayır

İyulun 18-də “Nizami” Kino Mərkəzində Azərbaycan və Türkiyənin birgə işi hesab olunan yazıçı Elçinin romanı əsasında çəkiləcək “Mahmud və Məryəm” tammetrajlı filminə həsr olunmuş mətbuat konfransı keçirilib. Lent.azın məlumatına görə, konfransda əsərin müəllifi, baş nazirin müavini Elçin, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, eləcə də filmin yaradıcı heyəti iştirak edib.


Tədbirdə çıxış edən Dövlət Film Fondunun rəhbəri Cəmil Quliyev Azərbaycan kinosu haqqında qonaqları məlumatlandırıb. Xalq yazıçısı Elçin isə bu romanı 30 il öncə qələmə aldığını xatırladıb: “Əgər 30 ildən sonra hələ də öz aktuallığını itirməyibsə, sənət adamlarının maraqlandırırsa, roman müəllifi kimi məni sevindirir. İkinci sevindirici hal odur ki, bunu, sevimli ölkəmiz Türkiyə ilə birlikdə çəkilir. Bu layihəyə təşəbbüskar Türkiyənin “24 kare” şirkətidir. Onlar iki il öncə mənə müraciət etdilər. Bu roman Türkiyədə 5 müxtəlif formada tərcümə edilib, diplom işləri yazılıb, dissertasiyalar müdafiə edilib”.


Əsərin müəllifi bildirib ki, filmin çəkilişləri ilə bağlı başqa qurumlar tərəfindən bir neçə təklif olmasına baxmayaraq, təkliflər onu qane etməyib: “24 Kare”nin təklifi ürəyimcə oldu. Artıq sabahdan Şəkidə çəkilişlərə başlanılacaq. Mən filmin bədii rəhbəriyəm. “24 kare” ilə şərt kəsdik ki, mən ssenarini təsdiqləməsəm, bu film çəkilməyəcək. Onlar mənə ssenarini bir neçə variantda təqdim etdilər. Nəhayət, sonuncu variantı bəyəndim və təsdiqlədim”.


Yaradıcı heyətin dəyişməsinə gəlincə, Elçin bildirib ki, ilk dəfə rejissor işini bəyənməyib: “İlk rejissor İngiltərədən idi. Onun yazdığı rejissor işini bəyənmədim. Çünki orada Azərbaycan mentalitetliyinə uyğun olmayan nüanslar var idi. Azərbaycan gerçəkliyi, mənəviyyatı ilə uzlaşmayan, Şərqin koloritini duymayan məqamlar olduğu üçün razılaşmadım. Amma ikinci rejissorla söhbətimiz tutdu. Onun roman barəsində düşüncələri xoşuma gəldi, razılaşdım”.



Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasova 21 ilə yaxındır ki, Türkiyə teatrında işlədiyini xatırladıb: “Həmin müddətdə teatr repertuarında Azərbaycan əsəri yox idi və mən Bəxtiyar Vahabzadənin “İkinci səs” əsərini səhnələşdirdim. Bu gün isə bu filmi birgə ərsəyə gətirmək üçün bir araya gəlmişik”.



Filmdə Mahmud rolunun ifaçısı Aras Bulut çox həyəcanlı olduğunu və bu rol üçün əllərindən-gələni edəcəyini vurğulayıb. Məryəm rolunun ifaçısı Eva Dedova da bu rola məhz onun seçilməsindən dolayı sevincli olduğunu vurğulayıb. Filmdə Ziyad xan obrazının ifaçısı Fəxrəddin Manafov bu filmin çətinliyindən danışıb və filmdə türk dilində danışmağın onun üçün çox çətin olduğunu deyib: “Hətta Bombeydə filmdə çəkilmişəm, ingilis dilini bilmədən bunu bacarmışam. Amma türk dili mənə çox çətin gəlir və məhz türk dilində danışmalıyıq. Ümid edirəm ki, çətin olsa da və hansısa hərfi səhv desəm, üzrlü sayarsınız”.


Filmin rejissoru Mehmet Ada Öztekindir, musiqisi Aygün Səmədzadəyə məxsusdur. Film baş rollarının ifaçısı Aras Bulut İynemli (Mahmud), Eva Dedovadır ( Məryəm). Filmin ilkin hazırlıq və çəkilişlərində 150 nəfərlik heyət işləyir. Film 10 həftə ərzində çəkiləcək.


“Mahmud və Məryəm” filmində Fəxrəddin Manafov, Məlahət Abbasova, Mehmet Çevik, Tomris İncer, Polat Bilgin, Şamil Süleymanov, Açelya Özcan, Murad Abdullayev, Şafak Başkaya, Rövşən Ağayev, İlker Kızmaz, Ramiz Məlikov, Ufuk Şən, məşhur Amerika və ingilis əsərlərində oynayan Kristina Krapela kimi tanınmış aktyorlarla bərabər Cemal Hünal da qonaq aktyor kimi iştirak edəcək. Filmdə 25 nəfərlik dublyor heyəti olarkən, sürpriz qonaq aktyorlar da çəkiləcək. Aktyorlar 3 ay ərzində döyüş səhnələri, at minmə və qılıncdan istifadə etmə təlimi keçiblər. Fİlm Azərbaycan və Türkiyənin bir sıra yerlərindən başqa, həqiqətəuyğun planlaşdırılan dekorasiyasının qurulduğu, 8 000 kvadrat metrlik böyük bir yaylaqda çəkiləcək. Mindən çox saqqal, saç, bığın hazırlanması üçün 250 kq süni qan emal edilib.


Film bir çox vizual effekti əks etdirəcəyi üçün post-prodüksiyon mərhələsi də 3 ay davam edəcək. 2012-2013-cü ildə Azərbaycan, Türkiyə və 9 Avropa ölkəsində kinoteatrlarda, daha sonra televiziyada göstəriləcək.

Mətbuat konfransında hər bir rolun ifaçısı təqdim edilib və arzularını dilə gətiriblər.

Jalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 906

Oxşar yazılar