Astana 2012-ci il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçildi
23 sentyabr 2011 12:02 (UTC +04:00)

Astana 2012-ci il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçildi

Qazaxıstanın paytaxtı Astanada keçirilən TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının XXIX toplantısı başa çatıb. Toplantıda Azərbaycanı mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.

Nazirliyin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən Lent.az-a verilən məlumata görə, iclasa TÜRKSOY-un baş katibi, Qazaxıstan, Türkiyə, Türkmənistan və Şimali Kiprin mədəniyyət nazirləri, Qırğızıstan, Rusiya Federasiyasının Başqırdıstan, Tatarıstanın mədəniyyət nazirlərinin müavinləri, Moldova Respublikasının Qaqauz Yeri vilayətinin mədəniyyət idarəsinin rəisi və ölkələrin nümayəndə heyətləri qatılıb.

İclas zamanı, Abdulla Tukay İli çərçivəsində görülmüş işlər haqqında hesabat, türkdilli ölkələrin müstəqillik əldə etdikdən sonra 20 il ərzində mədəniyyət və incəsənət sahəsində gördükləri işlər barədə məlumat, təşkilatın maliyyə hesabatı, Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərində keçirilmiş TÜRKSOY üzv ölkələrinin YUNESKO üzrə Milli Komissiyalarının iclası və TÜRKSOY-un qeyri-maddi mədəni irsi üzrə seminarın nəticələri, TÜRKSOY-a üzv ölkələrin üzvlük haqlarının artırılması, üzv ölkələrin TÜRKSOY-dakı təmsilçilərinin statusları ilə bağlı vəziyyət və digər məsələlər müzakirə olunub.

İclasın sonunda TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının XXIX toplantısının Qərarı və iclasın Yekun Protokolu qəbul edilib. Qərara əsasən, TÜRKSOY-un baş katibi cənab Düsen Kaseinov 2011-2014-cü illər üçün yenidən TÜRKSOY-un baş katibi seçilib, 2012-ci il TÜRKSOY çərçivəsində Xakasiyanın dünyaca tanınmış türkoloqu Nikolay Katanov ili elan edilib, Qazaxıstanın paytaxtı Astana şəhəri 2012-ci il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilib.

Toplantıda Türkiyə Respublikasının mədəniyyət və turizm naziri Ertoğrul Günay Türkiyənin Eskişehir şəhərinin 2013-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi təklifini irəli sürüb və təklif yekdilliklə bəyənilib.

İclasın Yekun Protokoluna əsasən TÜRKSOY-un 2012-ci il üçün Fəaliyyət Planı təsdiq edilib, təşkilatın təsisçi üzv ölkələrinin və müşahidəçi ölkələrin üzvlük haqlarının artırılması, eyni zamanda ölkənin milli qanunvericiliyi nəzərə alınmaqla TÜRKSOY üzv ölkələrinin Mədəniyyət nazirliklərinin TÜRKSOY-dakı təmsilçilərinə diplomatik status verilməsi ilə bağlı təklif irəli sürülməsi tövsiyə olunub.

TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının XXX Dönəm Toplantısının yeri müəyyənləşdirilənə qədər Türkiyənin mədəniyyət və turizm naziri Ə.Günay koordinatorluğu müvəqqəti olaraq öz üzərinə götürüb.

Xəyalə Muradlı
# 1036

Oxşar yazılar