Üzeyir Hacıbəylinin doğum günü Macarıstanda da qeyd olunub
22 sentyabr 2011 15:43 (UTC +04:00)

Üzeyir Hacıbəylinin doğum günü Macarıstanda da qeyd olunub

Dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 126-cı ildönümü Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü ilə Budapeştdə təntənəli şəkildə qeyd edilib.


“Dunay” simfonik orkestrinin və azərbaycanlı musiqiçilərin iştirakı ilə keçirilən bayram konsertində Azərbaycan və macar bəstəkarlarının yaradıcılıqlarından nümunələr səsləndirilib. Lent.az-ın məlumatına görə, görkəmli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun, eləcə də macar musiqisinin klassiki Bela Bartokun əsərləri, macar xalq musiqisi nümunələri iki ölkənin musiqiçilərinin ifasında rəğbətlə qarşılanıb. Xalq artisti, Bakı Musiqi Akademiyasının professoru Ramiz Quliyevin tarda virtuoz ifası daha böyük maraq doğurub. Üzeyir Hacıbəylinin əsərlərindən seçmələrin və macar xalq rəqsi “Çardaş”ın orkestrin müşayiəti ilə tarda ifası iki fərqli musiqi mədəniyyətinin və ifaçılıq məktəbinin məharətli sintezi kimi diqqəti cəlb edib. Beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin dirijorluğu altında “Dunay” simfonik orkestri qısa müddət ərzində Azərbaycan bəstəkarlarının milli özünəməxsusluğu ilə seçilən əsərlərini məharətlə ifa etməyə nail olub. Gənc pianoçu, Ferens List adına Budapeşt Musiqi Akademiyasının magistrantı Jalə Rəsulova royalda Azərbaycan bəstəkarlarının əsərlərindən solo parçaları səsləndirib.


Konsertdən əvvəl tamaşaçılar qarşısında çıxış edən səfir Vilayət Quliyev Azərbaycanın mədəni və mənəvi həyatında Üzeyir Hacıbəyli fenomenindən, onun zəngin yaradıcılıq irsindən, bu gün də yaşayan ənənələrindən bəhs edib, ölkəmizdə qeyd olunan Üzeyir Musiqi Günü haqqında məlumat verib.

Xəyalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1297

Oxşar yazılar