Moskvada şair Əliş Əvəzin yubileyi qeyd edilib -
21 sentyabr 2011 22:15 (UTC +04:00)

Moskvada şair Əliş Əvəzin yubileyi qeyd edilib -

Moskvada Millətlər Evində şair-jurnalist, Rusiyadakı Azərbaycan diaspor təşkilatının yaradıcısı və fəallarından biri olan Əliş Əvəzin 55 illik yubileyi qeyd edilib.

Lent.az-ın verdiyi məlumata görə, tədbirin təşkilatçısı, “Şəhriyar” Ədəbi Məclisinin sədri Vasif Məmmədov Əliş Əvəzi “Qarabağın nisgilli şairi” kimi təqdim edib.

Vasif Məmmədov deyib ki, taleyinə Rusiyada yaşamaq düşən Əliş Əvəz keşməkeşli ömür yolu keçib, nisgilli bir şair-jurnalist həyati yaşayıb. Bərdədə dünyaya göz açsa da, ürəyində uşaqlığının izləri qalan Kəlbəcər torpağının, Qarabağın nisgili ilə yaşayır. Xocalı faciəsini duyan kimi Moskvadan birbaşa cəbhə xəttinə gedən və könüllü vuruşmaq istəyində olan Əliş Əvəzin jurnalist olduğunu bilən könüllülər taborunun komandiri “sən qələminlə vuruş!” deyərək onu geri göndərib. O vaxtdan qələmi ilə savaşa qalxıb. Rusiya mətbuatında Qarabağ münaqişəsi ilə bağlı qərəzli yazılara “Qarabag həqiqətləri”, “Jurnalist borcu, şərəf və vicdanı haqqında” kimi kəskin cavabları ilə imzası tanınıb”.

“Ocaq” cəmiyyətinin sədri , Azərbaycan Yazıçılar birliyi Moskva bölməsinin sədri Tofiq Məlikli Əliş Əvəzi cəmiyyət adından fəxri fərmanla təltif edib. 55 yaşın hələ gənclik yaşı olduğunu vurğulayan Tofiq Məlikli şairə bundan sonrakı yaradıcılığında uğurlar arzulayıb.

Şair Nəsib Nəbioglu Əliş Əvəzin ilk kitabının adının “Ana Tərtər” olduğunu xatırladıb: “Tərtər öz başlanğıcını Kəlbəcərdən alır. Bərdədə doğulsa da, uşaqlığı da Kəlbəcər yaylaqlarında keçib. Şair, qələmin korşalmasın, deyirəm!” Yazıcı Sultan Mərzili Əliş Əvəz şeirlərini təhlil edərək onun dilin bütün incəliklərindən məharətlə istifadə etdiyini söyləyib.

Gecənin aparıcısı Vasif Məmmədov isə nəzərə çatdırıb ki, Rusiya Yazıçılar Birliyinin Moskva şəhər təşkilatı Əliş Əvəzi 55 illik yubileyi münasibəti ilə Rusiya mədəniyyətinə və ədəbiyyatına verdiyi töhfəyə görə “V.V. Mayakovski” ordeni ilə təltif edib.

Digər çıxış edənlər də Əliş Əvəzin Rusiyada Azərbaycan mətbuat nümunələrinin yaradıcısı - “Azərbaycan diasporu”, “Azərros” qəzetlərinin baş redaktoru olduğunu, onun bu ölkədəki soydaşlarımıza latın qrafikasını qəzetdə təbliğ etdiyini bildiriblər. Gecə saz, tar musiqisinin, şairin seirlərinin ifası ilə keçib.

Tünzalə Vəliqızı,
Moskva, “Yeni səs” qəzeti
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1042

Oxşar yazılar