İradə Tuncay etiraf edir: “Mən hələ də o adamı sevirəm” – MÜSAHİBƏ
15 sentyabr 2011 16:53 (UTC +04:00)

İradə Tuncay etiraf edir: “Mən hələ də o adamı sevirəm” – MÜSAHİBƏ

Lent.az-ın “Məşhurların sevgi etirafları” layihəsinin növbəti qonağı istedadlı və məşhur publisist, “Ədalət” qəzetinin baş redaktoru İradə Tuncaydır.

- Sevgi etirafı etmək çətin, yoxsa asandır? -

Ümumiyyətlə, mən etiraf sevmirəm, o ki qala özəl məsələlər olsun. Nə etiraf? Əgər sevgidən söhbət gedirsə, bu, iki insan arasında olan hissdir. Onu niyə başqası bilməlidir? Onun gözəlliyi də elə gizli qalmağında, mübhəm olmağındadır. Və o adamları da anlayıram ki, cəmiyyətin sığındığı bu yalançı, lokal dəyərləri, əxlaqı nəzərə alaraq, susmağa üstünlük verirlər. Çünki cəmiyyət saxta şeyləri sevir. Məsələn, çox yaxşı tanıdığım bir qadın var, hamı tanıyır əslində, müsahibəsini oxuyuram. Özünü gözəl bir ailə qadını, əxlaqımızın qoruyucusu kimi təqdim edir. Kim ki sözün düzünü danışır, olur pis. Amma kim ki yalandan özünü əxlaq qoruyucusu kimi göstərir, ona deyirlər, “bərəkallah, nə gözəldir”. Ona görə də görünür belə şeylərdən qaçan insanlar haqlıdır.

- Onda belə çıxır ki, sevgi etirafı etməmisiz.

- Hər halda məndən etiraflar haqqında etiraf gözləmirsən.

- Həyat yoldaşınıza da?

- Həyat yoldaşım romantikadan çox uzaq adamdır. Yəni, realist. Biz çox fərqliyik. Amma düşüncəm belədi ki, sevgini hər gün etiraf etmək lazımdı. Hər gün, hər gün... Bundan yorulmaz insan. Bir də ki, mən bunu dəfələrlə demişəm, mənim ailəm o qədər ağır xasiyyətli ailə idi... limitlə yaşayırdım. Ona görə də gəncliyimdə kiminləsə görüşmək şansım olmayıb.

- Məktəb illərində də? Məsələn, ilk məhəbbətiniz olmayıb heç?

- Guya orta məktəbdə oxuyanda bizim sevgi haqqında nə anlayışımız olur ki? Sadəcə kitablarda oxuduğumuz, filmlərdə gördüyümüz kimi özümüzü hiss etmək istəyirik. Bundan o tərəfə nə ola bilər ki?! Özü də bizim gənclik dövrümüzdə bugünkü durum yox idi. Bugünkü gənclik çox sərbəstdir, hər şeyi də bilir. Bu gün tanış olurlar, iki gündən sonra artıq hər şeyi həll edirlər. Amma bizdə elə deyildi axı. Bizdə sevgi necə idi? Sən küçənin o başında gedirdin, oğlan o biri başı ilə, sənə uzaqdan gizlin-gizlin baxa bilərdi, vəssalam. Bundan o tərəfə gedə bilməzdi. Onu da deyim ki, qızların çoxuna sevgi məktubu yazırdılar. Amma mənə heç vaxt sevgi məktubu yazılmayıb. Nə üçün bilmirəm.

- Yəqin sizdən qorxurdular...

- Yəqin. Nə orta məktəbdə, nə universitet illərində mənə sevgi məktubu yazmayıblar.

- Darıxdırıcı imiş ki...

- Düz deyirsən, vallah, darıxdırıcı idi. Bir az da paxıllığım gəlirdi o qızlara. İntəhası, belə idi də, neyləyə bilərdim. Amma çox maraqlıdı - indi alıram belə məktublar. Bu virtual aləm insanlara bir az sərbəstlik verib.

- Deməli, həyatınızda ilk məhəbbət, unudulmaz, əlçatmaz sevgi olmayıb.

- Niyə olmayıb, mən insan deyiləm? Bir şey deyim də. Mən həmişə əlim çatmayan kişilərə aşiq olurdum. Sıradan, hər gün gördüyüm insanlar mənim maraq dairəmə daxil olmurlar. Məsələn, bir gözəl Amerika müğənnisi var idi, Din Rid. Ona elə aşiq olmuşdum ki... Bütün şəkillərini yığmışdım. Onu görəndə ağlayırdım. Hardasa 14 yaşım vardı. Əməlli-başlı sevirdim onu. Amma o, tək mənim yox, milyonlarla qadının sevdiyi bir kişi idi. 1988-ci ildə qəzaya düşüb vəfat etdi. Onda artıq maraq dairəmdən kənara çıxmışdı. Sonra “Nəsimi” filmi ekranlara çıxanda bütün qadınlar kimi mən də Rasim Balayevə aşiq oldum. Onun da şəkillərini yığırdım. Hətta onun üstündə anam məni möhkəm döydü. Amma mənim bütün ömrümdən keçən bir eşq var ki, bu gün də məni tərk etməyib. Mən indi də o adamı sevirəm. Halbuki o öləndə mənim 8-9 yaşım vardı. Ernesto Çe Gevara...

- Sizin əbədi məhəbbətiniz...

- Hə, mənim əbədi məhəbbətim (gülür). Həyatımın aşkı… Və mən fikirləşirəm ki, yəqin elə bir kişi olmadı ki, mən onu onun kimi sevə biləm. İndi dərk edirəm ki, mən yəqin inqilabçıları sevirəm.

- Siz o gün telefonda Heydər Əliyevi də sevdiyinizi demişdiz.

- Ooo, dəlicəsinə. Heydər Əliyev elə kişi idi ki, ona laqeyd qalmaq mümkün deyildi. Özümü qadın kimi dərk edəndə gördüm ki, mənim bu tipli kişilərdən xoşum gəlir, hündür boy, ala gözlü. Nazim Hikmət tipajı. Bir il bundan qabaq yanıma Polşadan jurnalistlər gəlmişdi. Gördüm qız balaca, pişiyə oxşayan bir qızdı. Amma oğlan elə qəşəng idi, hündür, sarışın, göy göz... Yazımda da qeyd etmişdim bunu. Yazını oxuyan bütün kişilərin acığı gəldi. Mən ümumiyyətlə, Avropa tipli kişilərdən xoşlanıram. Mədəniyyətləri, qadınla rəftarları ilə...

- ... Azərbaycan kişilərindən fərqlənirlər.

- Çox fərqlənirlər. Görünür bu səbəbdən mənim sevgi dairəmə daxil ola bilməyiblər. Həm də mənim xasiyyətim elə ağır olub ki, həmişə məndən qorxublar, yaxınlaşmayıblar.

- Yəni, cəsarət edib yaxınlaşan, ürəyini açan heçmi olmayıb?

- Tamam yox desəm, yalan olar. Bəzən olub ki, hər şeyi başa düşürsən, amma özünü anlamazlığa vurursan. Bəzən kobudluq edə bilirsən ki, get. Bəzi şeylər də var ki, məsələn, baryer məsələsi, onu hamı etmir. Bunu etmək üçün ya gərək çox sırtıq ola, ya da içində çox böyük hisslər ola.

- Həyatınızdakı əlçatmaz məhəbbətləri sadaladız. Bəs əsl məhəbbət...?

- Mən sənə deyim ki, Aqillə təzə-təzə, yəni gizlin görüşdüyümüz vaxtlar ona çox böyük sevgilə yanaşırdım. Özü də nə yaşım vardı ki ?! 19 yaş. Görünür sonralar mən onun qarşılığını görmədim deyə o hiss söndü. Bir də məişətdə dediyin o yüksək hisslər ki var, müəyyən vaxtdan sonra ölür. Gündəlik qaçaqaç bütün gözəl hisslərin qatilidi. Hər halda bu elə bir hissdir ki, dünyada hər kəs buna can atır. Elə bir hissdir ki, onu dünyanın heç bir neməti, sərvəti, pulu ilə almaq mümkün deyil. Hər adam sevə bilməz. O da bir istedaddır – böyük sevgilə, hisslərlə, hisslərin içində boğula-boğula kimisə sevmək. Onu hər adam edə bilməz. Amma hər adam yaşamaq istər. İnsan həmişə öz yarını axtarır, ancaq tapmır. Hər halda sənətin, ədəbiyyatın əbədi mövzusudursa, kimsə bundan yan keçə bilməz. Bir də ki, ölmüş adamları sevmək asandı – onların eyibləri olmur.

- Siz də yarınızı tapmamısız?

- Yəqin, bu, ruh məsələsidir. Ruhun həmin şeyə hazır olmasıdır. Ola bilsin həyatının hansısa kəsimində sənə elə gəlir ki, bu, elədir. Sonra görürsən ki, yox, elə deyilmiş.

- Sizin Aqil Abbasla bağlı fikirlərinizlə tanış olmuşam. Sizdə ona qarşı bir xəyal qırıqlığı var sanki.

- Hə, var. Təkcə xəyal qırıqlığı deyil, həm də ürək sınıqlığıdı. Məni görə bilmədi, məndə MƏNİ görə bilmədi. Halbuki hamı ona həsəd aparırdı.

- Səbəb?

- Belə deyək də. Bizim mental meyarlarla götürsək, evinə, uşaqlarına baxır, pul qazanır, cəmiyyətdə tanınmış simadır. Bəlkə də Azərbaycanda 90 faiz qadın mənə qibtə edir. Bütün bunlarla razıyam. Bir dəfə bir tədbirdə təsadüfən yanımda bir qadın oturmuşdu. Gördüm Aqilə elə həsrətlə baxır ki… Mənə də nifrətlə… Özü də süpürgəyə oxşayan bir şeydi… Bir az dözdü, sonra özünü saxlaya bilmədi – biz də zarafat edirdik orda, guya bir-birimizdən narazılığımızı danışırdıq. Qayıtdı ki, sən nədən narazısan? Belə baxdım üzünə… Bir rus filmi vardı – adı yadımdan çıxıb. Orda bir general arvadına deyirlər ki, nə xoşbəxt qadınsan, generala ərə getmisən. Qadın da cavab verir ki, yox, bir leytenanta ərə getmişdim, həmin leytenantla Sovet İttifaqının bütün sərhəd zastavalarında zülm çəkmişəm. Niyə xatırladım bu filmi? Kənarda baxan süpürgələrə elə gəlir ki, hər şey elə əvvəldən belə parıltılı olub, əziyyətsiz, filansız. Bir özünüzə baxın, mənə baxın da. Mən kimin qızıyam, hansı mühitdə böyümüşəm, hansı dəyərlərlə yaşamışam. Mən həmin dəyərlərdən çıxış edərək deyirəm... General arvadı olmaq istəyirsənsə, leytenantın bütün əziyyətlərinə dözməlisən. Mən bu yaşa gəlib çıxmışam, amma ruh halım həmişə elə olur ki, elə bil kəpənək kimiyəm, uçuram. Məsələn, ulduzlu göy, dəniz sahilində oturub dalğalara qulaq asmaq... içimdə qəribə hisslər yarada bilər. Həmin hisslərin qarşılığını görməmişəm. Yoxsa dediyim həmin mental meyarlarla yanaşsaq, Aqil Abbas dünyanın ən gözəl əridir.

- Nə vaxt artıq başa düşdüz ki, yox, bu, o deyilmiş?

- Yəqin tez oldu... Hamıdan Çe Gevara olmağı gözləmək olmaz axı. Mən bununla barışdım. Mən cəmiyyətin qanunlarını nəzərə aldım həmişə.

- Amma özünüzü yox...

- Yox... Heç vaxt... Əlbəttə çox peşman olduğum şeylər var ki, mən həmişə fədakar oldum. Bir də sənin dediyin o yüksək hissləri burda kimdən alacaqsan ki? O da yoxdu axı - o qəhrəman obrazı.

- Ola bilərdi.

- İnanmıram. Biz qadınlar qarşımızdakı əks cinsdə öz xəyalımızda yaratdığımız obrazı axtarırıq. Ancaq tapmırıq. O da bir insandı axı, onun da xarakteri var. Qarşındakını dəyişməyə çalışma – bir nömrəli qanun! Nə qədər çox çalışmasan, xəyal qırıqlığın da bir o qədər az olacaq. Məsələn, deyək ki, mən çox heyvan sevənəm. Həmişə çoxlu itlərim olub. İndi fikirləşirəm ki, mən insanlarda görmədiyim o mehri heyvanlara salırdım. Cəmiyyətə baxırsan, qadınlı kişili, hamı belədir, bütün münasibətlər təmənna üzərində qurulub. Yəni, insanların o saf hisslərinə yer qalmayıb. Bir də görünür Sovet quruluşunun o zəncir siyasəti var ki, hamı ipini yığıb saxlamışdı, birdən-birə açıldı və çox eybəcər bir mənzərə alındı cəmiyyətdə. İndi baxırsan ki, hardasa bir önəmli kreslo tutan kişinin hərəmxanası var, bütün işçiləri ona təzim edir. Məndən olsa, bütün yüksək vəzifələrə qadınları qoyardım. Çünki qadınlarda o təmizlik nisbətən qalıb.

- Sizin yazınızda belə bir fikir var: “Hər qadın bir missiya ilə doğulur. Biri övlad, biri qadın, biri ana olur. Mən ömrüm boyu təkcə övlad oldum. Qadınlığımı, analığımı yaşaya bilmədim”. Niyə yaşaya bilmədiz? Nə idi sizə mane olan? Ancaq Məmməd Arazın qızı olmaq adımı, yoxsa...?

- Hə, birinci ondan başladı. Sonra ərə getdim. Sonra oğlanlarım anadan oldu. Birinci növbədə atam idi. O birilər sonra gəlirdi. Amma o da elə bir şeydi ki, insanın içində yatır-yatır, birdən püskürür. Və görürsən ki, əvvəlki kimi yaşaya bilmirsən. O da çevirir başqa üsyanlara, yazılara, başqa nələrəsə. Mən fikirləşirəm ki, içimdəki potensialı yazılarımla realizə etdim. Amma elə qadınlar var ki, onu edə bilmir. Hər adam özünü ifadə edə, realizə edə bilmir axı. Bu da böyük faciələrə gətirib çıxarır. Statistikaya baxsaq, seks zəminində ən böyük cinayətlər əyalətlərdə, kəndlərdə olur. Niyə? Çünki orada qapalılıq, zəncirlər çoxdur. O yerdə ki, cəmiyyət azaddır orada belə faciələr də olmur. Avropa o zəncirləri vaxtında qıra bilib. Biz də qırmışıq, amma gizlində. Açıq şəkildə demirik, rol oynayırıq.

- Onda belə deyək ki, siz qadınlığınızı övladlığınıza qurban vermisiz.

- Qurban demək böyük çıxacaq, güzəşt deyək.

- Heç düşünmürsüz ki, gərək bunu etməzdim?

- İndi mən desəm ki, qurban vermişəm, deyəcəklər, “buna bax e, qudurub. Sən nə qurban vermisən ki? Kef etmisən həmişə”. Amma insanın ən böyük ehtiyacı ruh ehtiyacıdır axı, onu hər kəs anlamır. İnsan ancaq qarnını doyurmaq üçün yaşamır. Mənim kimi insanların mənəvi qidaya ehtiyacı var. Gərək cəmiyyət bunu anlasın. Özü də mənim maddi anlamda çox çətinliklərim olub. Pul qazanmaq üçün kiməsə kurs işi yazmışam, kiməsə diplom işi. Qonorar almaq məqsədilə o redaksiyadan bu redaksiyaya ayaq döymüşəm. Kənardan baxanlar üçün parlaq İradə Tuncay ki var, həmişə belə olmayıb. Daxilən mən özüm bilirdim ki, mən parlağam. Amma maddi anlamda həmişə belə olmayıb. Son illər yaranıb.

- Yəni, maddiyyat sizin daxilən dəyişməyinizə imkan verməyib.

- Bəlkə son vaxtlar öz haqqımı daha çox tələb etməyə başlamışam və bu da evdə heyrət yaradıb. Bəli, son vaxtlar haqqımı tələb edirəm ki, bu, mənə aiddir, mənim olmalıdır, vəssalam.

- Əksər qadınlar bilir ki, həyat yoldaşları onlara xəyanət edib. Dünyada elə bir kişi yoxdur ki, yoldaşına bir dəfə də olsun xəyanət etməsin...

- Yox, yoxdur. Sadəcə az-çox məsələsi var. Məndə çox olub.

- Hamısını da bilmisiz?

- Təxminən. - Barışa bildiz bununla?

- Dözdüm, dözdüm, axırda da partladım. Uzun illər dillənmədim. Fikirləşirdim ki, yazıçıdır, onun da ruh halı var, o da dəyişməlidir. Ümumiyyətlə, yaradıcı insanın həmişə yeni hisslərə ehtiyacı var. Mən bunların hamısını anlayırdım. Çünki atamı görmüşdüm. Evdə də bu zəmində yaranan konfliktlərin travmasını yaşamışdım. Özümə söz vermişdim ki, mən evdə uşaqlarıma bu travmanı yaşatmayacam. Amma illər keçdi və mən anladım ki, səhv etmişəm. Cəmiyyətin xasiyyətinə uyğun davranmaq lazım imiş – həyasızlıq, ləçərlik etmək lazımdır, bildin, tut yaxasından çək ki, gəlib sənin haqqını tapdalamasınlar. Yoxsa ki, küçələrdə qalmış hansısa insanlar elə bilirdilər ki, onlar da mənim tayımdır. Bəzi qadınlarda belə bir xasiyyət var – paxıllıq etdikləri qadının əriylə yatağa girəndə özlərini elə sənin yerində zənn edirlər. Amma yox, deyilsən, heç ayağımın tozu da deyilsən. Onunla heç nə olmur. Adamın içi olmalıdır. Qadınlar özlərinə qiymət vermirlər. Elə bilirlər ki, bir idarəyə gedəndə, hansısa kişi onları çay içməyə aparanda... özlərini xoşbəxt sayırlar. Axı sən, istifadə olundun, daha sənin heyvandan nə fərqin var ki? Mən belə fikirləşirəm.

- Və barışdız bu xəyanətlərlə. Bəs bağışlaya bildinizmi?

- Yox, bağışlamamışam. O, ağrı hələ də mənim içimdə qalır. Mən sənə bir şey deyim. Cəmiyyətdə hansı qadına yaşamaq daha asandır, ərli, yoxsa ərsiz? Məsələn, özünə qiymət verən, özünü sevən bir qadındır. Harasa bir diləyə gedir. Biləndə ki, əri yoxdur, o dəqiqə hamı başlayır ona əl atmağa. Mən o vaxt bunların hamısını fikirləşdim. Mən o vaxt çox gözəl idim. Heç kim mənim yanımdan laqeyd keçə bilməzdi. Mən hər şeyi ölçdüm-biçdim. Evimdə iki oğlan böyüyürdü. Bunların da adı var. Sabah mənə görə xəcalət çəkməsinlər.

- Məhz bunlara görə ayrılmadız...

- Yox, həm də sevgi hissi olub axı. Biz sevib evlənmişik. Hər halda mən sevmişdim onu. Amma sayın millət vəkili çox realist adamdı.

- Hətta özü də deyib ki, Məmməd Arazın qızı olduğu üçün...

- Hə, o da var. Amma mən ondan qaça bilmərəm axı. Mən hamının içini necə yoxlayaydım ki, sən mənim özümü sevirsən, yoxsa atamı? Bu faktdır, taledir, mən neyləyim. Amma o böyük sevgilər ki var, aldım-satdım cəmiyyətlərində yaşamır. Təmənna varsa, sevgi yoxdur. Sevgi varsa, təmənna yoxdur. Bir də ki, hansı qadın bu şeylərdən keçmir ki? Bütün qadınlar onu yaşayır. Məşhur fizik Lev Landaunun arvadının xatirələrini oxumuşam. Deyir ki, “biz evlənəndə Landau mənə dedi ki, mənim belə bir xasiyyətim var – qadın görəndə özümü saxlaya bilmirəm. Razılaşdım, amma bütün ömrü boyu bunun ağrısını yaşadım. Bir dəfə Landau ezamiyyətdə olanda mənə bir məktub gəldi. Açdım gördüm Landaudandı. Sevgilisinə yazdığı məktubu səhvən mənə göndərmişdi. Həmin qadının harada yaşadığını bilirdim. Getdim ora. Poçt qutusunu qırdım və ona göndərdiyi məktubu götürüb oxudum. Məktubları tutuşdurdum, gördüm mətn o qədər də fərqlənmir”. İnsanlıq halıdır da. Bütün qadınlar bundan keçir. Bir xatirəsində də danışır ki, “bir dəfə şəhər kənarındakı evimizdəyik. Görürəm məni göndərmək istəyir. Deyir sən mənim üçün yataq dəstlərini şifonerə qoy, get, mən işləməliyəm. Dedim işləməlisənsə, yataq dəstlərilə niyə maraqlanırsan? Nə isə, bunu aldatdım, oturdum şifonerdə. Gördüm, bir qadın gəldi və bütün o prosesi izlədim. Sonra da Landaunun özünə dedim. O da dedi axı sənə əvvəldən demişdim mən beləyəm”.

- Aqil bəy necə, əvvəldən sizə heç nə deməmişdi?

- Sənə bir şey deyim – bu gün cəmiyyətimizdə gördüyünüz eybəcərliklər var ha - burda süpürgə xislətli qadınlar günahkardı. Hamının ayağının altına yıxılan. Rahatdılar da ilk baxışda. Əziyyət çəkmədən əldə olunan, bir barmaq işarəsi ilə hər yerdə əldə olunan. Kişilər belə asanlığa aldanırlar – sonra başlanır şantajlar, hədə-qorxular. Mən bu məmləkətdə cibinə qoyulan beş-on manatdan yox, ona yazılmış sevgi məktubundan məsud olacaq çox az qadın tanıyıram. Kişilər tanıya bilmirlər, məsələ budur. Bir də ki, mən həmişə bir olayın elmi tərəflərini araşdırmağa çalışıram. Təbiətən kişilər poliqam məxluqdu. Hətta heyvanlar aləmində də belədi. Baxın – böyük bir heyvan sürüsündə də insan cəmiyyətində olduğu kimi, hərəmxana prinsipi olur. Xüsusən qorillalar insana çox bənzəyirlər. Alimlər belə izah edirlər ki, hər yeni münasibət kişilərə bioloji aktivlik verir. Amma bir amma var. Bir var ruhsal sevgi, böyük sevgi… Bir də var fizioloji münasibət. Sevən insan gözəlləşir, işıqlanır. Pozğun həyat keçirən, gündə bir portnyor dəyişən adam isə eybəcərləşir… Bunu bir-birindən ayırmaq gərəkdir. Qaldı ki… Olub, bəzən fikirləşmişəm – başını götür get, qalsın bu qorilla sürüsünün içində. Amma o, həm də mənim yaratdığım biridi axı. Bizim məsələdə həm mənim həddən artıq mədəni olmağım, qorilla sürüsünün də həddən artıq sırtıq olması problemi var. O, bir az da mənim oğlumdu - cəmiyyətdə belə qəbul olunub. Əfaltun Amaşov mənə zəng edəndə soruşur – böyük oğlunuz necədi? Oğulu gərək bağışlayasan - mənsiz çox acizdi o. Həm də çox gözəl keyfiyyətləri də var axı onun. Həmişə özünü çox iyi bir ailə babası kimi aparıb. Həmişə də elə düşünüb ki, mənim onun heç bir işindən xəbərim yoxdu. (gülürük) Çünki dillənmirdim. Mənim çox böyük günahım budu bax. Özümə sığışdırmırdım bunu deməyi. Amma hər kəslə öz dilində danışmalısan. Yanıma gəlib-gedən bir yaşlı, ixtiyar kişi var, oğlu həbsdədi, amnistiyaya düşməsi üçün kömək etmək istəyirəm ona – Həsən əmi . O həmişə deyir ki, bala, gərək kişinin cilovu həmişə arvadın əlində olsun - təcrübəsi var da...

- İndi necə?

- Dedim axı, o, çox realist adamdi - süpürgələr hər yerdə çoxdu, amma ikinci bir İRADƏ yoxdu.

- Yəni dəyişib?

- Bəli. (yenə gülür) İnanmaq olmur. Nə bilim, vallah. Hər halda indi mənsiz bir addım da atmır. Bütün günü evdədi və mən onun səmimi olduğuna inanmaq istəyirəm. Hər halda o özü gördü ki, süpürgələr ondan istifadə edirdilər. Kullanırdılar!!!!!

- Siz bir yazınızda da belə bir fikir işlətmisiz ki, “mən bir zamanlar bütün dünyanı sevməyə hazır idim... Sonra içimdəki sevgini elə ölürdülər ki, yeri boş qaldı...”

- Məni cəmiyyətdə o qədər incitdilər ki, qadınlı, kişili... İndi baxıram ki, cavan qızlar məni çox istəyirlər. Mən o yaşda olanda qadınlar mənə elə münasibət göstərirdilər, elə bil nifrət edirdilər, məndə özlərinə rəqib görürdülər. Mən həmişə sevgi dolu insan olmuşam, insanlara da sevgilə yanaşmışam. Amma cəmiyyətdə düzgün anlaşılmamışam. Xarici görkəmimə görə də elə bilirlər ki, soyuq, göylə gedən, ədabaz biriyəm. Mən insanları həmişə sevmişəm. Amma içimdə o sevgini sındırdılar. Amma yenə nifrət yoxdu.

- Bəs sevgi?

- Tək, tək adamlara. Çox özəlliklə yanaşıram insanlara və hər kəsi də yaxınıma buraxmıram.

- O tək-tək adamlar sırasında həyat yoldaşınız da var?

- Təbii ki. Sevməsəm, onunla yaşamazdım axı. Demək bu neçə illər ərzində məni onun yanında saxlayan nəsə var. Yəni, vicdanla deyim, o saydığım səbəblərlə yanaşı sevgi də olub.

- Xəyanətə xəyanətlə cavab vermək, bu yolla qisas almaq fikrinə düşməmisiz heç?

- Yox, xəyanət etməmişəm. Amma bir şey var. “Quran”da deyir ki, ya ürəyindən keçirdin, ya da elədin, heç bir fərqi yoxdur. Əslində ömrü boyu ürəyimizdən o qədər şey keçiririk. Amma nə qədərini reallaşdıra bilirik, ya da o addımı atmaq istəyirik? O bir az mürəkkəb məsələdir.

- Cəsarət tələb edir.

- Tək cəsarət yox. Özü də guya xəyanət etməklə qisas alırsan? Yox. Boş şeydir bu.

- Sizcə, hansı yolla qisas almaq olar?

- Özünü təsdiq et. Kişilər üçün ən böyük dərd odur.

- Adətən deyirlər ki, yaradıcı qadınlar xoşbəxt olmurlar.

- Yox, olmurlar.

- Siz də?

- Birincisi, xoşbəxtlik ruh halıdır. Bir an xoşbəxt ola bilərsən, bir an yox. Mənim kiçik oğlum bacıma deyir ki, bu evdə iki normal adam var, biri sən, biri də mən, qalan hamı göydə uçur. Yaradıcı insanın içində ruhun tam aram olması halı olmur. Dəyişkəndir. Və iki yaradıcı insanın bir evdə duruş gətirməsi çox çətindir. Hər ikisi demək olar ki, dəlidir. Amma mənə elə gəlir ki, Allah mənə bunları veribsə, mən həm də çox xoşbəxt adamam. Yəni, mənə qeyri-adi ata, gözəl övladlar, özümü ifadə etmək şansı verib.

- Amma bunlar dediyiniz övlad, ana xoşbəxtliyidir, qadın yox.

- Yəqin onun da anları olub. Ramiz Rövşənin məşhur bir şeirindən, məşhur misralar “... Bəlkə də xoşbəxtik xəbərimiz yox”. Bəlkə biz həqiqətən də öz xoşbəxtliyimizi dəyərləndirə bilmirik. Bəlkə də çox xoşbəxtəm... Sevə bilirəm və sevilirəm. Sevənlər də az deyil… YAZIÇI KİMİ…

Xəyalə MURADLI
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2834

Oxşar yazılar