Tofiq Abdin etiraf edir: “45 ildir o erməni qızını unuda bilmirəm...” – MÜSAHİBƏ –
01 sentyabr 2011 11:46 (UTC +04:00)

Tofiq Abdin etiraf edir: “45 ildir o erməni qızını unuda bilmirəm...” – MÜSAHİBƏ –

Lent.az-ın “Məşhurların sevgi etirafları” layihəsinin növbəti qonağı tanınmış şair, publisist, əməkdar mədəniyyət işçisi Tofiq Abdindir.

- Tofiq müəllim, ilk sevgi şeirinizi xatırlayırsız?

- Nə çətin sual oldu... İndi xatırlamıram. Gərək o illər yazdıqlarımı xatırlayam.

- Bəs o şeiri kimə yazdığınız da yadınızda deyil?

- Ağlım kəsəndən ilk sevgi şeirlərimi sevdiyim qıza həsr etmişəm. Yəni, ağıl və hisslə yaranan şeirlər olub. Mən şeir yazmağa çox tez başlamışam. Ola bilər hansısa sevgi şeiri olub, amma mən xatırlamıram. Amma yenə deyirəm, 21-22 yaşımdan etibarən yazdığım ən yaxşı sevgi şeirlərim məhz o illərə aiddir. Təxminən yüzdə doxsanını o qıza həsr etmişəm. 5-6 şeirim də var ki, həyat yoldaşıma ithaf olunub.

- Deməli, ilk şeirlərinizi həsr etdiyiniz qız, elə sizin ilk məhəbbətiniz sayılır.

- Düşüncəylə, ağılla, kişiliyi kəşf etməklə bəli, o, mənim ilk məhəbbətim, ilk qadınım olub.

- Kim idi o?

- Onun haqqında təsəvvürünüzün yaranmasını istəyirsinizsə, “Hərb və sülh” filmində Nataşa Rostova obrazını xatırlasanız, kifayətdir. Həmin obrazı Lyudmila Savelyeva adlı aktrisa canlandırıb. Mənim istədiyim qız o aktrisaya dəhşətli şəkildə bənzəyirdi. O qızın elə olmağı, mənim də kənd uşağı olmağım aramızda təzad yaradırdı.

- Siz kənddə, o şəhərdə böyümüş biri olaraq yollarınız necə kəsişdi, necə tanış olduz?

- O vaxtkı üçüncü Sverdlovski, indiki Mirbəşir Qasımov 24 ünvanında mənim dostlarım – Abbas Abdulla, İsa İsmayılzadə kirayə qalırdılar. Mən Bakıya gələndə onlarla tanış olmuşdum, birlikdə dərnəklərə gedirdik. Onlar universiteti bitirib gedəndən sonra mən o evdə kirayədə qaldım. O ev indi də qalır. Balaca bir ev idi. Bu qız o həyətdə yaşayırdı. Mənim üçün indi də möcüzəlidir ki, mənim kimi kənd uşağına 10-cu sinif şagirdi olan bir qız necə vurulmuşdu. Hələ də bu sualın cavabını tapa bilmirəm. Halbuki orada məndən qabaq Abbas Abdulla, İsa İsmayılzadə, Mövlud Süleymanlı kimi yaraşıqlı oğlanlar yaşayırdı, Əkrəm Əylisli o evə gəlib-gedirdi. Bilmirəm bəlkə də onlar hesab edirdilər ki, o qıza yanaşmaq olar. Bir gün qartopu oynayanda təsadüfən soruşdum ki, mənimlə kinoya gedərsən? Dərhal dedi, “hə, gedərəm”. Mənim ağlımda hələ heç nə yox idi. Bəlkə də mənim cürətim onun xoşuna gəldi, bilmirəm. Əvvəl bir az təəccübləndim ki, bəlkə məni dolayır. Bir də gördüm gəldi ki, “hazıram, gedək”. Beləcə, görüşməyə başladıq. O qədər gözəl qız idi ki... Həm də bir növ şeytanlığı vardı. Məsələn, bu gün onunla mübahisə edib ayrılırdım, deyirdim, bir də getmərəm yanına. Sabah gəlib pəncərəmi döyürdü ki, çölə çıxarsan? Vəssalam, onunla da dünənki söz-söhbət unudulurdu. Ya da bulvara gəzməyə çıxırdıq. Oturub skamyada söhbət edirdik. Üzümü o yana çevirirdim, təzədən bu tərəfə baxanda görürdüm yoxdu. Hara getdi, neylədi? Evə gedib görürdüm ki, pəncərədən mənə baxıb gülür. Bir də gördün şəhərin ortasında getdiyimiz yerdə boynuma atılıb məni qucaqlayıb öpürdü. Onun üçün ətraf mühitin önəmi yox idi. Çox azad, sərbəst biri idi. Onunla əksər teatrlara, konsertlərə, kinolara gedirdik.

- Təbii ki, bu hərəkətləri hansısa azərbaycanlı qızı etməzdi. O qızın əsli haralıydı?

- Əvvəla, bilirsiz, bizim o nəsil niyə başqa millətin qızlarına meyl edirdi? Çünki azərbaycanlı qızlar bizə yaxın durmurdu, bunu açıq etiraf etmək lazımdı. Hətta gəzmək üçün bir qız axtarsaydıq belə, tapa bilməzdik. Ona qədər bir neçəsini görüşə dəvət etmişdim, heç üzümə də baxmamışdılar... Bu qızın ailəsi İrandan köçüb gəlmiş ermənilər idi. Adı İra idi. Mən onların həyətində kirayədə yaşayırdım. Sonra mən ordan köçdüm. Çünki gözlərinin qabağında qızları ilə gəzirdim.

- Nə qədər davam etdi münasibətləriniz?

- Xeyli davam etdi. Təxminən 3 il. Orda da bir nüans vardı ki, anası, qardaşları razıydı, amma atası yox.

- Siz ciddi şəkildə onunla ailə qurmaq istəyirdiz ki?

- Əvvəl fikrim ciddiydi, bəli. Amma mən həm də onu düşünürdüm ki, bundan ailə qadını olmaz. Niyə? Ona görə ki, mən ona və özümə baxırdım, görürdüm, bizim aramızda fərq böyükdü. O çox gözəl idi, həm də şəhər tərbiyəsi görmüşdü.

- Bəs ailəniz necə, razı olardı?

- Hə, razı olardı. Atam son dərəcə savadsız və demokratik insan idi. O, iki şeyə önəm verərdi. Birincisi təhsilə. İkincisi, deyirdi, “kiminlə evlənirsən, evlən, özün gələcəyini düşün”. Mən onu o qədər çox istəyirdim ki, hətta özümlə kəndə aparmışdım. O, hələ orta məktəbdə oxuyurdu. Hardasa 7-8 ay olardı görüşürdük. Kənddə qaldığı 2-3 gün içərisində qoca nənəmin, ata, anamın qılığına necə girdisə... biz qayıdanda məsələn, nənəm ağladı. Amma mən yenə fikirləşirdim ki, yox, alınan iş deyil. Çünki ev-eşiyim yox idi. Teatr İnstitutunda oxuyurdum. Amma ən dəhşətlisi bu qızın mənə vurulmağı və aludə olması idi. O müddətdə bizim bir gizli təşkilatımız vardı, bizim evdə toplaşırdıq. “KQB” məni axtarırdı. Bilirdi ki, məni aparacaqlar, yenə də məndən əl çəkmirdi. Bir də görürdüm işin qabağında dayanıb məni gözləyir. Hətta ata-anasını da mənə görə qurban verirdi. Görün mənə görə neylədi? Atası polisə şikayət etmişdi ki, Tofiq qızımı döyür, ona qarşı zor tətbiq edir. Bu şikayətə məhkəmədə baxıldı.

- Döyürdüz doğrudan?

- Hə, arada döyürdüm.

- Niyə?

- Bilmirəm, vallah. Yəqin o da sevgidən idi. Dəhşətli dərəcədə qısqanırdım onu. Amma vəhşi kimi döymürdüm. Sadəcə, məni cırnadırdı, əsəbiləşdirirdi. Elə bir qız idi ki, şəhərə sığmırdı. Bu iş məhkəməyə qədər uzandı. O, məhkəmədə ifadə verdi ki, biz bir-birimizi sevirik. O hadisədən sonra qıza təklif etdim ki, Kislovodska istirahətə gedək. Razılaşdı. Valideynləri də bilirdi. Biz təxminən bir ay orada qaldıq. İlk dəfə orada onunla yaxınlıq etdim. Gələndən bir neçə ay sonra anasına demişdi ki, “mən hamiləyəm”. Anası da məcburi şəkildə uşağı abort etdirdi. Amma onda bunları mənə deməmişdi. Mən sonradan bildim.

- Desəydi, nəsə dəyişərdi? Onunla ailə qurardız?

- Yox, ailə qurmazdım. Amma qorxumdan ölərdim. Bunları mənə axırıncı görüşümüzdə danışdı və dedi ki, gedirəm. Yəqin o da başa düşmüşdü ki, mən onunla evlənməyəcəm. Mənim üçün də bir bəhanə oldu. Fikirləşdim ki, getsin, görüm onu unuda bilərəmmi, başqa qıza meyl edərəmmi? Belə düşüncələrlə onu unutmaq məqsədilə Rumıniyaya, Bolqarıstana getdim. Orda məşhur aktrisalardan müsahibə götürdüm. Onda artıq “Qobustan” jurnalında şöbə müdiri işləyirdim.

- Getməyin xeyri oldu, unuda bildiz?

- Yox, bacarmadım. 45 ildir o qızı unuda bilmirəm. O vaxt o, ərə getdi, Yerevana köçdü, 3-4 ildən sonra bir qızı oldu. Ondan sonra Bakıya gəldi. Gələndə mənə zəng vurdu ki, “Tofiq gəlmişəm, gəl, görüşək”. Hər Bakıya gələndə görüşürdük. Evimə də gətirirdim. Amma məni yaxınına buraxmırdı. Çünki biz ayrılanda mən ona demişdim ki, sən hara getsən də, yenə qayıdıb gələcəksən yanıma. O da demişdi, “yox, məni məğlub edə bilməyəcəksən”. Yəqin bunu sübut etmək üçün elə edirdi. Hardasa 3-4 il gəlib getdi bura. Sonra da Qarabağ hadisələri başladı, məsafələr qırıldı. 1993-cü ildə isə mən Türkiyəyə işləməyə getdim. Beləcə, o vaxtdan onu görmürəm.

- Görmək istəyirsiz yenə?

- Görsəm, çox maraqlı olardı. Ara-sıra yada düşür. Amma görə bilmərəm axı. Birincisi, bilmirəm sağdı, ya ölüb. Bu yaxınlarda internetdə adını yazıb axtarış verdim, heç bir məlumat tapa bilmədim. İndi onun nə sağ olduğunu bilirəm, nə də hansı yolla axtarmaq lazım olduğunu.

- Bilsəydiz axtarardız?

- Təbii. Amma arada Qarabağ münaqişəsi olmasaydı, əlbəttə.

- O hadisədən neçə il sonra ailə qurduz?

- 14 il sonra, düz 35 yaşımda. Mənim mənasız bir iddiam vardı. Deyirdim evim, maşınım, işim olsun, sonra evlənim. Allahıma şükür edirəm ki, sonradan indiki həyat yoldaşıma rast gəldim. O qadın ömrümün elə bir vaxtında gəldi ki... stressdəydim, canımı qoymağa yer axtarırdım. Həyat yoldaşıma məhz elə bir vəziyyətimdə rast gəldim.

- Bəs onunla necə tanış olduz?

- Qardaşı orta məktəbi qurtarıb Bakıya gəlmişdi. Mən yaşadığım yerdə qalırdı. Bir dəfə onu evlərinin qabağından keçəndə gördüm. Elə bil məni elektrik vurdu. Üzü, boy-buxunu ona çox bənzəyirdi. Amma çox acıladı məni, ailə qurmaq istəmirdi, ciddiyyətimə inanmırdı.

- O qıza oxşamasaydı, ona fikir verməzdiz heç?

- Bilmirəm... Amma Bakıda o qədər qız var idi. Mən niyə elə onu istədim?! Düzdür, o qız qədər yox, amma bunu da çox istəyirdim. Kim deyir ki, mən ömrümdə bir dəfə sevmişəm, yalan deyir. Həyatda bir neçə dəfə sevmək olur. Həyat yoldaşımı da bir başqa cür sevdim. Bir oğlum, bir qızım oldu.

- Yoldaşınız o sevginiz barədə nəsə bilirdi?

- Evlənəndən sonra dedim. Anlayışla qarşıladı. Hər halda 35 yaşlı bir kişinin həyatında o vaxta qədər hansısa sevginin olmaması inandırıcı olmazdı. Gülnaz çox gözəl ailə sahibidi, yaxşı insandır. Bizim aramızda indiyədək ciddi bir söz-söhbət olmayıb. Mən ondan çox razıyam.

- Amma İranı hələ də sevirsiz deyəsən...

- Güman ki, hə. Bu illər ərzində unutmamışamsa, görünür elədir. Yenə deyirəm, çox gözəl qız idi. O, ancaq sevmək üçün idi, ailə qurmaq üçün yox. Amma peşman deyiləm. Nə yaxşı ki, indiki həyat yoldaşımla ailə qurmuşam, bu illər ərzində onunla həyatımı, ömrümü, yaşamımı paylaşmışam. Mənim aləmimdə yaşamaq məhz sevmək və sevilməkdir.

P. S. Qeyd edək ki, bu gün Tofiq Abdinin doğum günüdür. Şairin 70 yaşı tamam olur. Yubiley münasibətilə biz də onu təbrik edir, can sağlığı arzulayırıq. Həyatında sevgi heç zaman əskik olmasın!

Xəyalə Muradlı
# 1475

Oxşar yazılar