“Bir gecə yuxuma nurani bir kişi gəldi...” - ARAŞDIRMA
27 avqust 2011 17:05 (UTC +04:00)

“Bir gecə yuxuma nurani bir kişi gəldi...” - ARAŞDIRMA

Lent.az-ın “Daşlaşmış tarix” layihəsinin növbəti yazısı Füzuli meydanında, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının qarşısında yerləşən böyük şairimiz Məhəmməd Füzulinin abidəsi haqqındadır.

“... dedi ki, sən məni tapdın”

Azərbaycan heykəltəraşlıq tarixində Füzulinin ilk heykəlini xalq rəssamı, əməkdar incəsənət xadimi Fuad Əbdürrəhmanov yaradıb. Təbii ki, o, heykəli yaratmazdan öncə Füzuli yaradıcılığını ətraflı öyrənməyə başlayır. Ancaq nə qədər çalışırsa, şairin obrazını yarada bilmir. Nəhayət, günlərin birində heykəltəraş istədiyinə nail olur... Gecə yarısı yataqdan həyəcanla qalxır, yanındakı plastilini götürüb bir obraz düzəldir (yatağının yanındakı çəkməcənin üstündə daim plastilin olardı) və yenə yatır. Heç bir həftə keçməmiş Fuad Əbdürrəhmanov üzərində çoxdandır çalışdığı Füzuli obrazını yaradır. İllər sonra həyat yoldaşı Şükufə Mirzəyeva bu haqda soruşanda heykəltəraş belə cavab verir: “O gecə yuxuda bir nurani kişi gəlib dedi ki, axtardığın insan mənəm. Mən də yuxudan oyanan kimi həmin obrazı yaratdım. Abidə ucalandan sonra yenə ağ işığın içərisində həmin nurani kişi yuxuma gəlib dedi ki, sən məni tapdın”. Füzulinin bu heykəli hazırda Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin fasadında ucalan 6 heykəldən birincisidir.

Bir abidənin iki müəllifi

Füzulinin “Azdrama”nın qarşısındakı abidəsi isə 1962-ci ildə ucaldılıb. Abidə qoyulmazdan 4 il öncə, 1958-ci ildə müsabiqə elan olunur. Heykəltəraşlarımız arasında əsl yaradıcılıq yarışı başlanır. Müsabiqənin birinci mükafatına Tokay Məmmədovla Ömər Eldarovun birgə layihəsi layiq görülür. Beləliklə, gənc heykəltəraşlar hər kəsin xəyalən təsəvvür etdiyi, lakin heç kəsin simasının ümumi cizgilərini, qiyafəsini, yerişini əyani surətdə görmədiyi bu dahi şairin surətini yaratmağa çalışaraq işə başlayırlar. Və bu gərgin, əziyyətli iş tam 4 il davam edir.

O 4 il ərzində heykəlin qoyulacağı yerə bir qara daş qoyulmuşdu. Üzərinə də bu yazı həkk olunmuşdu: “Burada Məhəmməd Füzulinin heykəli qoyulacaq”. Abidənin ucaldılmasını səbirsizliklə gözləyən Bakı sakinləri hətta həmin daşın qabağına gül-çiçək qoyurdular. Nəhayət çox gözlənilən həmin an gəlib çıxır. 1962-ci ilin iyun ayında Bakının mərkəzində, şairin adını daşıyan meydanda, Akademik Milli Dram Teatrının binasının (memarı H.Əlizadə) qarşısında Füzulinin monumental abidəsi ucaldılır.

Hər iki rəssama gümüş medal

Müəlliflər özləri bu heykəlin ərsəyə gəlməsindəki əməklərini ayırmırlar və onu hər ikisinin bərabər uğuru hesab edirlər. Xalq rəssamı, akademik Ömər Eldarov 1980-ci ildə Füzuli meydanında təşkil olunmuş poeziya bayramında qeyd etmişdi: “Füzuli kamilliyi, müdrikliyi, lirikası, dühası nəinki Azərbaycan xalqını, bütün Şərqi, eyni zamanda dünyanı öz cazibəsinə alıb. Xalqın ürəyində əbədi heykəlləşən belə bir şəxsiyyətin obrazını yaratmaq o qədər də asan iş deyildi. Biz - Tokay Məmmədov və mən heykəl üzərində işləyərkən qarşımızda duran ən böyük çətinlik də elə bu idi. Xeyli axtarışlar etdik, Füzuli dövrünə aid etnoqrafik materiallar topladıq. Biz Füzulinin həm lirik, həm filosof, həm də kədər qarışıq surətini ciddi verməliydik. Görünür, istəyimizə nail olmuşuq”.

Xalq rəssamı, professor Tokay Məmmədov isə bildirib ki, Füzuli heykəli yaradıcılığının ən yüksək dövrünü özündə əks etdirir: “O zaman gənc idim, yorulmaq bilmədən işləyirdim. Buna görə də mən Füzuli heykəlini digərlərindən fərqləndirirəm və ən xoşuma gələn də elə bu abidədir”.

Qeyd edək ki, müəlliflər bu birgə işlərin görə, 1963-cü ildə SSRİ Rəssamlıq Akademiyasının gümüş medalı ilə mükafatlandırılıblar.

Füzuli heykəli sözün əsl mənasında milli ruhdadır

Rəssamlıq Akademiyasının baş laborantı, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun dissertantı, sənətşünas Samir Sadıqovun sözlərinə görə, Füzuli heykəlinin qoyulduğu meydanın memarlıq quruluşu, onun kiçik formaları və yaşıllıq massivi, abidənin boz qranit kürsülüyü ilə uyğunluq təşkil edir. Heykəl öz ölçülərinə və təsviri-estetik ideyasına görə meydanla çox gözəl uyğunlaşıb və şəhərin bu hissəsinin ayrılmaz bir elementinə çevrilib. Füzuli abidəsinin ümumi hündürlüyü 12 metrə bərabərdir. 6 metr hündürlüyündəki boz qranit postament üzərində bərqərar olan 6 metrlik tunc heykəl mütənasib, ahəngdar ölçülərə, canlı plastik formalara, ifadəli siluetə malikdir: “Heykəl bir neçə nöqteyi-nəzərdən görülə bilməsinə hesablanıb. Abidənin ətrafına dolanarkən müxtəlif baxış nöqtəsi açılır, bu cür görünüş dolğun hisslər və abidənin plastikasını anlamaq imkanı verir. Heykəltəraşlar şairin başını bir qədər əyib xəyala dalmış, sükuta qərq olmuş vəziyyətdə, təbii hərəkətlə sağ əlini çənəsinə söykəmiş, sol əlində məşhur “Divan”ı ilə verilən ustad sənətkarı sanki daxili dialoq əsasında əbədiyyətə qovuşmuş halda təsvir ediblər. Şairin qədim libasını iri, güclü yapılmış qırışla göstərərək abidənin əsil monumentallığına, siluetin cizgilərində ahəngdarlığa, axıcılığa və yığcamlığa nail olublar. Monumentin dayanıqlı gözəl kompozisiyası ciddi düşünülmüş və plastik ifadəsi ilə seçilir. Onda hər şey qarşılıqlı əlaqədədir, hər bir detal bütöv bir zəncirin hissələri kimi digərini tamamlayır. Şairin vüqarlı, təntənəli obrazının dərin həyatiliyi ilə dolu olan fiquru postamentlə vahid, qırılmaz vəhdət təşkil edir. Bu vəhdət proporsiyaların, konturların, heykəltəraşlıq və memarlıq ölçülərinin düşünülmüş nisbəti ilə əldə edilir. Lakin bununla yanaşı heykəl ilk növbədə surətin mənəvi keyfiyyətlərinə, psixoloji ifadəsinə görə sözün əsl mənasında milli ruhdadır. Burada əsl xalq şairinin mənəviyyatını görürük. Məhz buna görə də obraza süni pafos, təkəbbürlü poza, nümayişkaranə duruş və hərəkət kökündən ziddir. Füzuli surətində lirik əhval-ruhiyyə əsl bəşəri kədər kimi təcəssüm olunub. Geniş alnı, düşüncəli gözləri, çatılmış qaşları şairin simasına nəcib və ciddi bir ifadə verir. Obrazın açılmasında mühüm ifadə vasitələrindən biri də əlləridir. Tokay Məmmədov və Ömər Eldarovun yaratdığı Füzuli obrazı tamaşaçıya şairin daim düşüncələr aləminə daldığını, onun qəlbini didib dağıdan suallara cavab axtardığını anladır”.

Postamentin uğurlu kompozisiyası heykəltəraşların tapıntısıdır

Füzulinin lirik qəhrəmanları da sevgi yolunda hər şeyi qurban verən, məhəbbəti ən ülvi və saf bir nemət sayan faciəvi qəhrəmanlardır. Füzuli yaradıcılığına xas bu keyfiyyət abidənin oturacağında həkk edilmiş qorelyefdə də canlı və mənalı şəkildə oxunur. Bu qabartmanın məzmunu “Leyli və Məcnun” poemasından götürülüb. Heykəltəraşlar memar Hacıbaba Muxtarovla əlbir işləyərək postamenti bədii cəhətdən çox maraqlı həll ediblər. Miqyas etibarı ilə oturacaqla heykəlin tənasübü abidənin kompozisiyasına bütövlük verir. Sənətşünas deyir ki, postamentin uğurlu kompozisiyasının özü heykəltəraşların tapıntısıdır və abidəyə əlavə təsir gücü gətirir. Qorelyef fiqurlar əsasən başdan görünüşə hesablansa da, kompozisiya elə qurulub ki, dövrə vurarkən postamentin yan hissələri güclü insan düşüncələrinin, hissələrinin incə çalarları və nüanslarını daha darindən açaraq, fərqli cür oxunur: “Heykəltəraşlar gözəl Leyli obrazını yaradıblar. Fiqurun və üzün planlaşması səlis axıcı keçidlərlə doludur. Üzün mükəmməl cizgiləri, çiyin və əllərin yumşaq təsviri, obrazın böyük plastik qüvvə ilə verilmiş dərin ruh yüksəkliyi Leyli surətini Azərbaycan heykəltəraşlığının ən dərin poetik obrazlarından birinə çevirir. Çarəsiz, aşağı sallanmış sol əlin və yüngülcə başı saxlayan sağ əlin jesti kədərlə doludur. Başına atdığı örtük yumşaq büküklərlə plastik fiqura daha böyük cazibə verərək onun çiyinlərinə düşür. Həyatdan küsən qızın simasında kəskin şəkildə qəzəb və yaşadığı dövrünə nifrət hiss olunur. Leyli obrazının incəliyinə gizli dramatizmlə dolu olan Məcnun obrazı qarşı qoyulub. Məcnunun sakitliyi ancaq zahiridir, o, daxilən çox gərgindir. Sol əli başın arxasına aparılıb, başı ümidsizlikdən əyilib və bu jestdə eyni zamanda həm qüvvə, həm də zəiflik var. Sanki buxovlanmış qüvvə çıxmağa yer tapa bilmir. Məcnunun bu daxili əhvalı başının əyilməsində və qəmli üzündə oxunur. Bu fiqurda biz gizli narahatlıq hiss edirik, bu narahatlığı Məcnunun ayağının altındakı aslan təsviri daha da artırır. Məcnun öz dövründən və insanlardan inciyərək səhraya gedib heyvanlar arasında yaşamağa başlayır. Bu nöqteyi-nəzərdən heykəltəraş çarəsiz Məcnunun ayağı altında aslan təsvirini verməyi belə unutmayıb. Gizli qüvvə ilə dolu qadın fiqurunun məlahətini, gərgin kişi qüvvəsinin təzadını mərmər qayanın işlənməmiş hissələri gücləndirir, onun kələ-kötür, nahamar səthi də gərgin narahatlıq yaradır. Heykəltəraşlar Leyli və Məcnun obrazında Füzulinin tərənnüm etdiyi məhəbbəti, ən nurlu insan hissinin gücünü və dərinliyini bədii cəhətdən əks etdiriblər. Beləliklə, postamentin ümumi ahəngi və üstündə həkk edilmiş təsvirin məzmunu ilə Füzulinin heykəli arasında qırılmaz bir rabitə var. Qranit postamentin boz gümüşü rəngi ilə tunc heykəlin tünd rəngi bir-biri ilə müqayisədə daha cazibədar görünür. İstər koloritinə, istərsə də zahiri tərtibinə görə qranit ilə tuncun nisbəti əsərin emosionallığını xeyli artırır”.

Azərbaycanda mövcud olan bir neçə heykəllə yanaşı Məhəmməd Füzulinin heykəli də heç bir ideologiyanı özündə əks etdirmir. Bu səbəbdən də Füzuli abidəsi öz monumentallığını əsrlər boyu qoruyub saxlayacaq.

Xəyalə Muradlı
# 2031

Oxşar yazılar