Bir şedevrin tarixçəsi... - FOTO
Sizlər bəlkə də Liviyaya xoşbəxtlik gətirirsiniz, amma hələlik irreal görünən xoşbəxtliyin yolu real cinayətdən keçirsə, insanlıq bunu qəbul etməməlidir!
Bu, mənim - yaşamaqdan savayı bir iddiası olmayan sadə azərbaycanlının qənaətidir və yer üzündə bu qənaətimdə yanıldığımı mənə anladacaq bir qüvvə tanımıram!
* * *
Pablo Pikasso “Gernika”
2003-cü il fevral ayının 5-də İraqa hücum məsələsini müzakirə etmək üçün Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının iclasına gələnlər əsas giriş qapısının açıldığı vestibülü tamam başqa görkəmdə tapdılar. Dahi rəssam Pablo Pikassonun 1985-ci ildən bəri vestibülün orta divarını bəzəyən monumental “Gernika” tablosunu mavi lövhə ilə örtmüşdülər. Təşkilatın rəsmiləri “Yayım üçün televiziyalara birrəng fon lazımdır” deyərək, jurnalistlərin fikrini yayındırmağa cəhd göstərmişdilər. Jurnalistlər də kinayəylə xatırlatmışdılar ki, nədənsə indiyədək birrəng fonun olmaması heç vaxt televiziya reportajlarına mane olmurdu...
Həmin gün Təhlükəsizlik Şurasının iclasından reportajlara baxanlar Pikassonun tanış obrazlarını görməyəndə qəzəblənmişdilər. BMT rəsmiləri tablonun örtülməsindən xəbərdar olmadıqlarını bildirsələr də, kimsəni aldatmaq mümkün olmamışdı. Bu addımın doğurduğu əks-səda böyük oldu - Avropanın bir çox şəhərlərində müharibə əleyhinə kütləvi aksiyalar keçirildi, “Gernika”nın İspaniyasında isə insanlar əllərində Pikassonin tablosu küçələrə çıxaraq İraqda aparılan ikiüzlü müharibəyə “Yox” demişdilər...
BMT rəsmilərini anlamaq mümkün idi. Görünür hər cizgisində, hər detalında müharibə əleyhinə tükənməz pafos daşıyan bu ecazkar sənət əsərinin ideyası Birləşmiş Millətlər Təşkilatının ekspertlərinə İraq məsələsində “lazım” olan qərarı qəbul etməyə imkan vermirdi...
* * *
“Gernika” bəşər xəzinəsinə daxil olmuş ən məşhur sənət əsərlərindən biridir. Özündə müharibə əleyhinə ehtiraslı çağırış ehtiva edən bu tablonun tarixi 20-ci əsrdə insanlığın yaşadığı dəhşətlərlə sıx bağlıdır və nə qədər ki, biz həyatı, sevgini, gözəlliyi qiymətləndirməyi bacarmırıq, nə qədər ki, bir-birimizi öldürməyin dəhşətli günah olduğunu dərk etmirik, Pikassonun şedevri öz müqəddəs davasını - yer üzündə bəhanəsindən asılı olmayaraq bütün müharibələrə qarşı davasını davam etdirəcək...
İyul, 1936
1936-cı ilin iyulunda bütün Avropa və Amerika qəzetləri İspaniyada baş verən hadisələrdən bəhs edirdi. Hər şey Frankonun başçılığı ilə “sağçı” polkovniklərin qiyamıyla başlamışdı. Qiyamçılar İspaniya respublikaçılarıni devirmək üçün hərəkata start vermişdilər və ölkədə vətəndaş müharibəsi başlamışdı. Xalqın müdafiə etdiyi hökumət xaricdən dəstəklənən qiyamçılara var gücüylə müqavimət göstərirdi.
İyulun 22-də isə vəziyyət dəyişdi. Almaniyada hakimiyyəti ələ keçirmiş Hitler Frankoya kömək göstərməyə hazır olduğunu bəyan etdi və nasist könüllülərindən ibarət ilk dəstə İspaniyaya yollandı. Franko həm də italyan faşistlərinin lideri Mussolinidən də yardım alırdı. Respublikaçılara isə Sovet İttifaqı və sıralarında otuz beş millətin nümayəndələri döyüşən beynəlmiləl briqadalar kömək edirdi. Bu fədakar insanlar bəşəriyyətin daha ədalətli bir gələcək yaşaması naminə həyatlarını təhlükəyə məruz qoyaraq ispan xalqının azadlığı naminə mübarizəyə qalxmışdılar. Onların arasında amerikalı Ernest Heminquey, macar Mate Zalka, sovet yazarları İlya Erenburq, Mixail Koltsov, şair Federiko Qarsia Lorka ilə yanaşı, neçə-neçə azərbaycanlı da vardı...
Faşizmin hücumu
Hami anlayırdı ki, İspaniya müharibəsi dünyanı gələcək dəhşətlərdən qurtarmaq üçün son şansdır. Faşizm irəliləyirdi. Artıq Almaniya, İtaliya faşistlərin əlindəydi. Onlar Skandinaviya ölkələrində, Yunanıstanda, Yuqoslaviyada da baş qaldırmışdılar və bəşəriyyəti total müharibəyə sürükləyirdilər...
Həqiqət artıq hamıya bəlli idi: İspaniyada faşizmlə ölüm-dirim savaşı gedir...
İspaniya Xocalısı - Gernika
1937-ci il, aprelin 26-da Almaniyanın bombardmançı təyyarələri baskların yaşadığı balaca Gernika şəhərinə hücum etdilər. Şəhər dünya xəritəsindən silindi. Üç saat davam edən hücumda 1645 nəfər dinc sakin həlak oldu, 899 nəfər yaralandı. Bu, bəşər tarixində hava hücumu vasitəsiylə kütləvi qırğının ilk nümunəsi idi. Fransız Jan Pol Sartr bu müdhiş hadisəyə “şəhərin qətli” dedi. Sonralar buna bənzər hadisələr təkrar olunacaq, insanlığın yaddaşına Xatın, Sonqmi, Xocalı kimi adlar yazılacaq, amma bu dəhşətli siyahıya həmişə Gernika başçılıq edəcək...
Gernikanın müharibə strategiyası baxımından heç bir dəyəri yox idi, Amma bu şəhər İspaniyanın ən qədim xalqlarından biri - baskların tarixi və mədəni qibləgahı idi. Və bu qibləgahı acımasız məhv etdilər ki, ispanların müqavimət ruhunu qırsınlar, yer üzündə söz sahibi kim olduğunu onlara başa salsınlar - eynən Xocalı kimi...
Dünya ayağa qalxır
Bombardmandan az sonra Gernikaya Amerika jurnalisti Con Stir gəlir. Dağıntıları ziyarət edir, sağ qalmış sakinlərlə görüşür, alman bombalarının nişanəli qalıqlarını tapır. Bu artıq sensasiya idi. Çünki həmin anadək rəsmi Almaniya İspaniyadakı vətəndaş müharibəsində iştirakını danırdı...
Stirin “Times” qəzetindəki reportajı bütün dünyanı sanki yuxudan oyadır və hamı Franko və tərəfdaşlarının növbəti qansızlığından xəbər tutur.
“Qadın və uşaq qatillərini ittiham edirik!”
1937-ci ildə, İspaniyada, Gernikanın bombardmanından sonra buraxılan məşhur plakatın üzərində bu sözlər yazılmışdı. Gernika, bax beləcə simvola çevrildi. Terror, mənasız qırğın, qətliam, qocalara, qadınlara, uşaqlara ucuz ölüm gətirən müharibənin simvoluna...
Rəssamın davası
Pikasso isə həmin dövrdə Fransada yaşayırdı, amma ürəyi doğma İspaniyasında idi. Orda anası, bacısı, yaxın dostları qalmışdı. Fransızların bu dahi rəssamı özününkü saymasına baxmayaraq, Pikasso əsl ispan idi. Dostu, rəssam İlya Erenburq yazırdı ki, “o, həm zahiri əlamətlərinə, həm təsvir etdiyi reallığın qəddarlığına, həm təbiətindəki çılğınlığa, ironiyasının içindəki böyük təhlükəyə görə ispan idi”.
Doğma vətənində baş verənləri həmin günlər sarsıntı içində izləyirdi. Şəkillərini dəyər-dəyməzinə satır, puluna respublikaçılar üçün silah alırdı.
1937-ci ilin əvvəllərində “Fransanın arzuları və yalanı” adlı siyasi pamflet yazdı və özünü dünyanın hakimi sayan bir generalın satirik obrazını yaratdı. Rəssam mətni rəngarəng illüstrasiyalarla bəzəmişdi və həmin illüstrasiyalar az sonra poçt açıqcası kimi dərc olunaraq bütün dünyaya yayıldı. Acıqcaların satışından gələn pul da respublikaçıların fonduna getdi...
Sifariş
1937-ci ilin hələ yanvar ayında respublikaçı hökumət rəssama Parisdəki Beynəlxalq sərgidə açılacaq İspaniya pavilyonunu bəzəmək üçün böyük tablo sifariş etmişdi. Pablo Pikasso sifarişi məmnuniyyətlə qəbul etsə də, özünün etirafına görə, mövzu tapmağa çətinlik çəkirdi. Amma Gernika faciəsi baş verən kimi, qərarını verdi. O artıq bilirdi ki, yaradacağı panno necə olmalıdır. O bütün ağrısını, bütün acısını, bütün kədərini kətana köçürəcək, amma orda bütün nifrəti, bütün intiqam istəyi də olacaq. Hər şeydən öncə isə bu tabloda belə faciənin bir daha təkrar olunmasının qeyri-mümkünlüyü aşılanacaq!
Hələ bu harasıdır
Onda - 1937-də bəşəriyyət bilmirdi ki, irəlidə onu daha dəhşətli bombardmanlar, qırğınlar, Osventsimin, Xirosimanın və daha haraların dəhşəti gözləyir. Amma dahi rəssam Gernika faciəsindən “insanların kütləvi qırğına məruz qaldığı illər”in müjdəsini duyurdu.
Pikassonun dahi həmvətəni Qoyya üçün fransız qoşunlarının ispan inqilabını qana qərq etdiyi 1908-ci il nə idisə, Pikasso üçün də 1937-ci il elə həmin şey idi. 1908-də Qoyya “1808-ci il, 3 may gecəsi qiyamçıların güllələnməsi” adlı məşhur tablosunu çəkmişdi...
Və indi də Pablo Pikasso dövrünün faciəsinə sənət diliylə şahidlik edirdi. O da “Əlahəzrət Ölüm”ü görürdü, amma ayrı-ayrı insanları deyil, bütöv xalqları bitirən ölümü. Qarşıdakı illərin sonradan bəşəriyyət üçün üzqarası olacaq hadisələr artıq rəssamın içini gəmirirdi və o bütün içindəkiləri kətana köçürməliydi...
İş prosesi
Pikasso tablo üzərində dəli kimi işləyirdi - gündə 12-14 saat. Əzəmətli bir sənət əsəri yaranırdı - uzunluğu 8, eni 4 metrə yaxın...
Etüdlərin, eskizlərin sayı-hesabı yox idi. Rəfiqəsi, fotorəssam Dora Maar yazır ki, “sevgilimin şedevr yaratdığını anbaan izləyərək böyük zövq alırdım”. Dora bütün prosesi fotolentə köçürürdü. Onun fotoları müharibə əleyhinə sərt çağırış olacaq, nümayişlərin önündə gedəcək məşhur tablonun necə yarandığını addım-addım izləməyə imkan verir...
Əsəri yaratdığı günlərdə Pikasso emalatxanadan demək olar ki, çıxmırdı və az sonra özünün müharibə üzərində böyük qələbəsinə imza atdı: may ayının 1-də başladığı tablo iyun ayının əvvəllərində artıq Parisdəki İspaniya pavilyonundan asıldı!
“Gernika”nın dedikləri
Pikassonun tablosunda döyüş səhnələrinin konkret təsviri yoxdur: nə əsgər görərsən, nə bomba, nə təyyarə, nə top... Heç bəlanın hardan gəldiyi də bəlli deyil... Bilmirsən hara qaçasan, harda gizlənəsən... Şər qüvvələrin hənirtisini aydın duyursan, amma onlar görünmür - şər sanki nəfəs çəkdiyimiz havaya, bütün fəzaya hopub... İnsan şərin içindədir... Onun zülmət bətnində qərq olub...
“Can verən at, döyüşçü qılıncı, alovlar içində pəncərədən çıxan qadın, özündənrazı, arxayın öküz, körpəsinin cəsədini köksünə sıxaraq nalələr çəkən ana. Əsərdə rənglər yoxdur. İri həndəsi səthlər kütləvi qırğının mexaniki dəhşətini səciyyələndirir...” - İlya Erenburq “Gernika” barədə belə yazırdı və sonra da əlavə edirdi ki, “İspaniyada mən də olmuşam. Yanan şəhərləri mən də görmüşəm. Tabloda məni ən çox sarsıdan müasir müharibələrin gətirdiyi bəşəri dəhşətin realist təsviridir”.
Pikassonun dedikləri
1945-ci ildə Amerika rəssamı Cerom Sekler Pikassodan soruşur ki, tablodakı öküz faşizmin rəmzidirmi? Rəssam onun sualına belə cavab verir: “Öküz qəddarlıqdır, at isə xalq. “Gernika” rəmzi, alleqorik əsərdir - tabloda ona görə heyvan təsvirləri var... Öküz də, at da mənim gözümdə qurbandırlar. Amma kim necə istəyir, qoy elə də başa düşsün...”
Pikassonun çağırışı
Həqiqətən bu əsəri kim necə istəyirsə, eləcə də yozur. Hərə öz bildiyi kimi qavrayır, dərk edir. Amma onun içindəki bir həqiqət heç kəsdə şübhə doğurmur. Rəssam bütün insanlara bir çağırış ünvanlayır: “Əl saxlayın! Dayanın! Dayanın, nə qədər ki, gec deyil, dayanın!..”
1940-ci il
Almanlar Parisdədirlər. Pikassonun antifaşist görüşləri heç kəs üçün sirr deyildi, amma rəssamın Qrənds-Oqüstendəki emalatxanasına hitlerçilər bircə dəfə - 1943-cü ilin fevralında qədəm basır. Gestapoya məlum olmuşdu ki, Pikasso İsveçrə banklarından Sovet İttifaqına kömək üçün pul göndərir. “Gernika”nın reproduksiyasını emalatxanada görən nasistlər ondan soruşurlar: “Bu sizin əsərinizdir” və cavabında Pikassonun məşhur kəlamı səslənir: “Yox, sizin əsərinizdir!”
Gestapoçular rəssamın evində özlərini təhqiramiz aparırdılar. Onun bir neçə əsərini götürürlər və vəd edirlər ki, bir də gələcəklər. Amma daha qayıtmırlar...
Deyirlər ki, onu alman heykəltəraşı, Hitlerin sevimlisi Arno Breker xilas edib. Heykəltəraş Pikassonun təhlükəyə məruz qaldığından xəbər tutan kimi, gestaponun şefi Müllerə zəng çalıb deyir ki, Pikasso kimi dahi ölməməlidir, əgər onun yaxasından əl çəkməsələr, birbaş Hitlerə zəng vuracaq...
“Gernika”nın sonrakı taleyi
Tablo Avropanın, Amerikanın bir çox iri şəhərlərində nümayişə çıxarıldı. Onu yalnız ispanlar görə bilmirdilər. Pikasso bəyan etmişdi ki, İspaniyada hərbi diktaturaya son qoyulmayanadək əsər ora getməyəcək...
1939-cu ildə Pikasso “Gernika”nı Nyü-Yorkdakı Müasir sənət muzeyinə verir, amma bir şərtlə: İspaniyada demokratik rejim bərqərar olan kimi, tablo vətəninə qayıdacaq....
General Frankonun ölümündən sonra, İspaniyada demokratik konstitusiyanın qəbulundan sonra, 40 illik mühacirətdən sonra - 1981-ci ildə “Gernika” nəhayət ki, İspaniyaya qaytarılır...
İndi Kraliça Sofiyanın Madriddəki muzeyinə gələnlər iyirminci əsrin bir çox rəssamlarının əsərləriylə yanaşı, ölməz Pablo Pikassonun tablosu önündə də ayaq saxlayıb “etirazın bu böyük simvolu” qarşısında baş əyirlər...
* * *
Pablo Pikassonun bu dahi əsəri ölməzdir. Nə qədər ki, insan öz içindəki şeytana uyub qanlar axıdır, Pikasso da yaşayacaq, onin “Gernika”sı da.
Yaşayacaqlar və Şərə qarşı cihadlarını davam etdirəcəklər...
İlqar ƏLFİOĞLU

1246