Vəba vaxtlarının sevgisi
19 fevral 2011 19:47 (UTC +04:00)

Vəba vaxtlarının sevgisi

Bu yazını bütün yaşlarda, bütün zamanlarda sevməyi bacaran insanlara ithaf eləyirəm.

Bircə Allah bilir ki, mən səni nə qədər sevmişəm...

Film hündürlükdən yıxılıb ölən qocanın qarısına dediyi bu sözlərlə başlayır. Həmin qoca, uzun illər vəba xəstəliyindən qurtula bilməyən şəhərdə bu bəlanın qarşısını alan dərmanı hazırlayaraq, şəhərini xilas etmiş həkimdir.
Müəllif və rejissor zamanı əlli il geri çəkir. Həmin qocanın qarısı o vaxtlar çox gənc, gözəl qızdır. Atası qatır alveri ilə məşğuldur. Anası ölüb, qıza dayə baxır. Hər bazar günü qız dayəsinə qoşulub, bütün xristianlar kimi kilsəyə, dua mərasimində iştirak etməyə gedir.


Poçt şirkətində işləyən, işinin adı əlbuyruqçuluğu olan bir gənc onlara məktub gətirir. Və qızı görən kimi ona vurulur. Qıza vurulduğunu qoca, artıq ağlını itirməkdə olan anasına etiraf eləyir. Anasından:
- Ona məktub yazdım, indi neyləməliyəm? Gözləməliyəm, hə? – soruşur.
Qarının sevgi qanadlarında uçan oğluna məsləhəti bu olur:
- Yox, oğlum. Sən əvvəlcə əzab çəkməlisən. Nə qədər ki, bunları yaşamağı bacarırsan, nə qədər ki, ürəyinin odu sönməyib, ağrıdan qovrul, əzab çək. Dünyada sevgi əzabından şirin heç nə yoxdur.


Qıza ürəyini açan Florentino sevgisinin qarşılığını alır. Qız da ona vurulur. Oğlanın evlənmə təklifinə razılıq verən qız onun qarşısına bircə şərt qoyur:
- Mənə söz ver ki, heç vaxt məni badımcan yeməyə məcbur eləməyəcəksən.


Qızının yetim, kasıb bir oğlana vurulduğunu bilən ata, onu şəhərdən götürüb, uzaqlara aparır. Aradan bir neçə il keçir. Qız Florentinonu unudur. Bunu hiss edən qatır alverçisi qızını da götürüb, təzədən həmin şəhərə qayıdır. Ata-bala öz sakit həyatlarına qayıdır.
Florentino isə qızı hələ də sevir. Dəfələrlə qarşısına çıxıb, sevgilisinə yalvarır. Amma Allah adamı qadının unutmağından saxlasın. Keçmiş sevgili oğlana qarşı heç nə hiss eləmir.


Qız varlı ailədən olan, gənc və ümidverici həkimə ərə gedir. Florentino əzablarını azaltmaq üçün dünyanın o biri başına işləməyə gedir. Amma bir müddətdən sonra qayıdıb gəlir və qəti qərarını verir:
- Nə olur-olsun, mənim yerim buradır, sevdiyim qadının yanı. Mən ona lazım olmasam da.


Və səbirlə gözləyir. Qızın uşaqları doğulur. Bütün şəhər onun əri ilə bir-birilərini necə sevmələrindən danışır. Hətta ərinin xoşuna gəlsin deyə, qız nifrət elədiyi badımcan yeməyini də yeyir. Şəhəri vəba bürüyür. Gəmi ilə hardansa qayıdan Florentino yaxınlıqdakı gəmilərdən birində sarı bayraq görür. Kapitandan bu rəng bayrağın nə demək olduğunu soruşur. Kapitan deyir ki, bu bayraq vəba əlamətidir. Bu o deməkdir ki, o gəmidə vəba var, ona yaxınlaşmaq olmaz.
Florentino bircə arzu ilə yaşayır: sevgilisi ərindən əvvəl ölməsin.
Aradan əlli il keçir. Bu müddət ərzində Florentino varlanır. Əmisindən qalan mirası qəbul edərək, şəhərdə ən vacib adamlardan birinə çevrilir. Amma o evlənmir, sevdiyi qadının ərinin öləcəyi günü gözləyir.


Günlərin birində şəhərin kilsə zəngləri bərk-bərk vurur. Florentino başa düşür ki, ölən kimdisə, çox vacib adamdı. O yanılmayıb. Ölən – bir vaxtlar şəhəri vəbadan xilas etmiş məşhur həkimdir. Onun sevdiyi qadının əri.
Qoca Florentino yas düşmüş evə gəlir və həkimin qarısına evlənmək təklif eləyir. Qadın onu evindən qovur.
Bir müddətdən sonra, yavaş-yavaş qadının ürəyinə yol tapan Florentino axır ki istəyinə nail olur və qarı ilə evlənir. Birlikdə gəmi ilə bal ayına çıxırlar. Qoca ilə qarı gəmidə sevişirlər. Səhəri gün Florentino gəminin kapitanını çağırıb, əmr eləyir ki, qarı ilə ondan başqa hamı gəmidən düşüb, başqa gəmiyə minib, getsin. Gəminin dor ağacından isə sarı bayraq asırlar. Bu o deməkdir ki, gəmiyə heç kim yaxın gəlməsin – gəmidə vəba var. İçərisində qoca ilə qarıdan başqa heç kim olmayan gəmi okean sularının uzaqlığında itir.
Florentinonun son sözləri:
- Bütün ömrüm boyu gözləyəndən sonra mən anladım ki, qaçılmaz olan şey ölüm deyil, sevgidir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 918

Oxşar yazılar