“Sənsiz” qalan “Azərbaycan”...
24 oktyabr 2009 17:00 (UTC +04:00)

“Sənsiz” qalan “Azərbaycan”...

Müslüm Maqomayevsiz 1 ilimiz keçdi

Yaşasaydı, nəinki bu gün, uzun illər Azərbaycanın ən sehrli səsi olacaqdı. Söhbət böyük sənətkarımız Müslüm Maqomayevdən gedir. “Azərbaycan” “Sənsiz” qalıb. Dinləmirik artıq “Azərbaycan”, “Sənsiz” mahnılarını onun canlı ifasında...

Hər kəsi heyrətləndirən səs


Bəstəkar, müğənni, aktyor, 31 yaşında SSRİ xalq artisti adına, Avropada keçirilmiş “Sopot” festivalında birinci yerə layiq görülmüş, Kannda “Qızıl disk”ə sahib, 1975-ci ildən 1989-cı ilədək Azərbaycan Dövlət Estrada Simfonik Orkestrinin bədii rəhbəri olmuş, müstəqil Azərbaycanın “İstiqlal” ordenilə təltif edilmiş Müslim Maqomayevin sehrli səsi 20 yaşında, 1962-ci ildə Kreml Sarayında Azərbaycan mədəniyyəti festivalının yekun konsertində çıxış edən zaman hər kəsi heyrətlənib, tezliklə bütün SSRİ miqyasında məşhurlaşıb, xaricdə tanınmağa başlanıb. 1963-cü il noyabrın 10-da Çaykovski adına konsert zalında ilk solo konserti təşkil olunub. 1963-cü ildə isə Axundov adına Azərbaycan Opera və Balet Teatrının solisti təyin edilib. 1964-1965-ci illərdə Milandakı dünya şöhrətli “La Scala” teatrında oxuyub.

Səsinin geniş diapazonu ona vokal sənətinin müxtəlif sahələrində müvəffəqiyyətlə sınaqdan keçməyə imkan verib, opera, kino, estrada və başqa sahələrdə özünü bacarıqla göstərib. Estrada janrı isə Müslüm Maqomayevin yaradıcılığında daimi yerlərdən birini tutub. Bu janrda öz oxuma tərzində təkrarsızlığıyla seçilib.
Müslüm Maqomayevin repertuarında 600-dən çox musiqi əsəri olub. Onların arasında Azərbaycan və rus mahnıları, romanslar, klassik, estrada əsrləri və operalar var. Müslüm Maqomayev özünü həm də aktyor kimi sınayıb. O, “Nizami”, “Oxuyur Müslüm Maqomayev”, “Moskva notlarda” filmlərində çəkilib. Müslüm Maqomayev 20-dən artıq mahnının, film musiqisinin müəllifidir. Sovet İttifaqının mərkəzi televiziyası bir müddət öz verilişlərini Müslüm Maqomayevin melodiyası ilə tamamlayıb, dünyada böyük pərəstişkarlar ordusu olub. Ancaq məzmun yükü böyük olan bu sətirlər belə Müslüm Maqomayev barədə tam təsəvvür yaratmaqda acizdir...

Enişli-yoxuşlu ömür yolu


O, 1942-ci il avqustun 17-də ziyalı ailəsində dünyaya göz açıb. Məşhur bəstəkar Müslim Maqomayevin nəvəsidir və babasının da layiqli davamçısı olub. Özünün də ən böyük arzusu babasının adını və soyadını ləyaqətlə daşımaq, bu adı yüksəkliklərə qaldırmaq olub və bunu bacarıb. Atası öldükdən sonra əmisinin himayəsi altında böyüyüb. 20 yaşında bütün dünyanın tanıdığı müğənni 14 yaşından oxumağa başlayıb. Müslüm Maqomayevin hələ gənc yaşlarından musiqiyə, piano ifaçılığına olan marağı Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki 10 illik musiqi təmayüllü məktəbdə özünü büruzə verib. Rossininin “Sevilya bərbəri” operasından “Fiqaronun ariya”sını ilk dəfə müvəffəqiyyətlə konservatoriyanın Böyük zalında ifa edib...
İtaliyanın La-Skala operasının məşhur vokal məktəbini bitirdikdən sonra Azərbaycana dönərək Azərbaycan Dövlət Konservatoriyasında oxuyub. Konservatoriyanın Böyük zalında buraxılış imtahanında müğənni populyar operalardan ariyaları, Şumanın, Şubertin mahnılarını və nəhayət, italyan mahnılarını repertuarına salır və hamı sehrli səsinə məftun qalır.
SSRİ dönəmində dünya miqyasında parlamağın yolu Moskvadan keçirdi və Müslüm Maqomayevin sonrakı yaradıcılıq fəaliyyəti də SSRİ-nin, daha sonra Rusiyanın paytaxtı olmuş Moskva şəhərilə bağlıdır.
... Moskvanın görkəmli bəstəkar-nəğməkarları Müslümün səsinə uyğun olan xüsusi mahnılar bəstələməyə başlayıblar. Ancaq onun repertuarında həmişə Azərbaycan mövzusu yer alıb. Üzeyir Hacıbəyovun “Sevgili canan” romansı, “Şah İsmayıl” operasından Şah İsmayılın ariyası da bu sıradadır.

Azərbaycan sevgisi


Yuxarıda adını qeyd etdiyimiz “Ey əziz anam, Azərbaycan!” mahnısı isə bəstələdiyi mahnılar içərisində xüsusi yer tutur. Təsadüfi deyil ki, öz xatirələrini də “Azərbaycan mənim atam, Rusiya isə anamdır, mən həyatımı Azərbaycansız təsəvvür etmirəm” sözləri ilə başlayıb.
Müslüm Maqomayevin Azərbaycanla yaradıcılıq münasibətləri özünü təkcə estrada-konsert fəaliyyətində göstərməyib, o həm də 80-ci illərdə kinoda ölməz Nizami rolunda çəkilməyə təklif alır və təklifi qəbul edir. Dərin məzmunlu Nizami obrazını Müslüm Maqomayev böyük məharətlə oynayır və öz ifasında Nizami obrazını kinofilmdə əbədiləşdirir.
Onu da deyək ki, Müslüm tələb yoldaşı Ofeliya ilə ailə qurub. Ancaq müğənniyə bir qız övladı bəxş edən bu ilk ailə həyatı uğurlu olmayıb. Qızı ABŞ-da yaşayır. Müslüm Maqomayev sonradan həyatını Tamara Sinyavskaya ilə davam etdirib. Azərbaycana tez-tez gələn böyük sənətkar Tamara ilə də Bakıda tanış olub. Məşhur opera müğənnisi Tamara Sinyavskaya Müslümün həyatını daha mənalı və maraqlı edib və bir-birinə olan məhəbbətlərini həmişə qoruyublar.

Publisistika sınağı


...Müslüm Maqomayev qələmi əlinə alıb xatirələrini, düşüncələrini publisist kimi yazıya köçürüb. Onun kitablarından biri “Dahi Lansa” adlanır. Kitabı məşhur italyan mənşəli Amerika müğənnisi Mario Lansaya həsr etmiş Müslüm, ömrünün bütün çağlarında məşhur tenora qibtə edib. Sanki onun simasında özünü görüb. Mario Lansa da Müslüm kimi gah opera teatrında, gah estrada səhnəsində, gah da kinofilmlərdə çıxışlar edib. Hələ İtaliyada oxuyarkən o, Mario Lansa haqqında olan fotoarxiv materiallarını, tarixi faktları, musiqi fonotekasını toplamağa başlayıb və bu işi Amerikaya qastrol səfərlərinə gələrkən davam etdirib.
”Mənim məhəbbətim melodiya” adlı kitab da həmin illərə təsadüf edir. Bu kitabda o özü barədə düşüncələrini, uşaqlıq dövründən başlayaraq da yetkin, hərtərəfli zəngin həyat yolu keçmiş bir insanın yaşadığı mühiti, onu əhatə edən adamları – dövlət başçılarından tutmuş adi insanlara qədər bir sıra şəxsiyyətlərin simasında təsvir edir. Baş vermiş hadisələr, görüşlər, dünya şöhrətini çiynində daşımaq məsuliyyəti və s. kimi maraqlı faktlarla yanaşı oxucunun gözləri qarşısında Müslümün bütün həyat və yaradıcılıq yolu gəlib keçir. Bu böyük insanın Azərbaycana bağlılığı hər sətirdə özünü büruzə verir.
Azərbaycan da onu həmişə qiymətləndirib.

“Yeni nəsil Sizi həmişə böyük ustadı kimi dəyərləndirəcək”

Mərhum dövlət başçısı Heydər Əliyev onu müstəqil Azərbaycanın “İstiqlal” ordeni ilə təltif edib. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev də bu böyük sənətkara həmişə xüsusi diqqətlə yanaşıb. 2006-cı ildə ad günü münasibətilə prezidentin müğənnini təbrikində yer alan sözlər də bunu bir daha təsdiqləyir: “Milyonlarla insana Sizi sevdirən parlaq istedadınız səhnədəki ilk addımlarınızdan etibarən özünü büruzə vermiş və Sizə ifaçılıq sənətinin nadir incilərini yaratmaq imkanı bəxş etmişdir. Zahirən bir-biri ilə uzlaşmayan xüsusiyyətlər heyrətamiz şəkildə Sizin şəxsiyyətinizdə cəmləşərək, eyni zamanda klassik və estrada musiqisinin ifaçısı, kinoaktyor və opera teatrının solisti, estrada-simfonik orkestrinin təşkilatçısı və ictimai xadim kimi fəaliyyət göstərməyinizə zəmin yaratmışdır. İfaçılıq və bəstəkarlıq fəaliyyəti ilə yanaşı incəsənətin hər bir sahəsində qüvvənizi sınamaq həvəsinizi “Mənim məhəbbətim melodiya” kitabınız və rəsm əsərləriniz bir daha əyani surətdə nümayiş etdirir. Biz hamımız haqlı olaraq Sizinlə fəxr edirik. Siz artıq bizim canlı tariximizsiniz. Yeni nəslə mənsub azərbaycanlılar Sizi həmişə həqiqi sənətin böyük ustadı kimi dəyərləndirəcəklər”.
Müslüm Maqomayev 2008-ci il oktyabrın 25-də səhər saat 6-da, 67 yaşında Moskva şəhərində vəfat edib. Böyük sənətkar Bakıda Fəxri Xiyabanda torpağa tapşırılıb. Dəfn mərasimdə minlərlə insan iştirak edib. Dəfn mərasiminə prezident İlham Əliyev və digər dövlət rəsmiləri qatılıblar.

İnsanlar daim ürəklərdə yaşayacaq Müslüm Maqomayevi son mənzilə alqışlarla yola salıblar...
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1049

Oxşar yazılar