Bakıda TÜRKSOY Daimi Şurasının toplantısı keçirilib
16 oktyabr 2009 19:00 (UTC +04:00)

Bakıda TÜRKSOY Daimi Şurasının toplantısı keçirilib

Bu gün TÜRKSOY Daimi Şurasının növbəti XXVI toplantısı keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdə türkdilli ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının Müvəqqəti Koordinatoru, Azərbaycanın mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayevin sədrliyi və TÜRKSOY-un Baş katibi Düsen Kaseinov və Təşkilata üzv dövlətlərin mədəniyyət nazirləri iştirak edib.

Tədbirdə açılış sözü ilə TÜRKSOY Daimi Şurasının Müvəqqəti Koordinatoru Əbülfəs Qarayev çıxış edib: “Beynəlxalq təşkilat olan TÜRKSOY Avrasiyanın türkdilli arealı çərçivəsində milli dil, tarix, mənəvi irs və müasir mədəniyyət və incəsənət yaxınlığı ilə birləşən ölkə və xalqların regional mədəni əməkdaşlığını həyata keçirir”.

Nazir bu görüşün TÜRKSOY daimi şurasının sayca Bakıda keçirilən 5-ci toplantısı olduğunu vurğulayıb: “TÜRKSOY-un yaradılması və fəaliyyət prinsipləri haqqında Müqavilə 12 iyul 1993-cü ildə Almatı şəhərində (Qazaxıstan) altı təsisçi dövlət və Təşkilatın daimi üzvləri – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Türkiyə və Özbəkistan tərəfindən imzalanıb. Daha sonra TÜRKSOY haqqında müqaviləyə müşahidəçi dövlət qismində Tatarıstan, Başqırdıstan, Şimali Kipr Türk Respublikası, Rusiya Federasiyası tərkibində Tıva Respublikası, Xakasiya Respublikası Altay Respublikası və Saxa-Yakutiya Respublikası və Moldova Respublikası tərkibində TAO Qaqauz Yeri qoşulub”.

Sonra TÜRKSOY-un Baş Direktoru Düsen Kaseinov çıxış edib: “30 sentyabr 2009-cu ildə Novruz bayramı YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil olub. Bununla əlaqədar 2010-cu ildə TÜRKSOY Novruz bayramını Parisdə YUNESKO-nun qərargahında qeyd etməyi planlaşdırır. MDB-nin DHƏT-ı ilə birgə Avrasiya Türkoloqlarının Ensiklopediyasının nəşr edilməsi işlərinə başlanıb, DHƏT və Avropa Şurasının Təhsil, mədəni irs, gənclər və idman məsələləri üzrə Baş Direktorluğu ilə əməkdaşlıq haqqında müqavilə layihələri hazırlanıb”.

Qeyd edək ki, artıq Ankarada TÜRKSOY-un 15 illiyinə həsr olunmuş yubiley tədbirləri, İstanbul, Ankara, Nide, Manisa şəhərlərində Novruz bayramının qeyd edilməsi, TÜRKSOY rəssam və fotoqraflarının Laboratoriyaları, “Türk dillərinin bədii tərcüməsinin problemləri və müasir vəziyyəti” (İstanbul), “Sivilizasiyaların dialoqunda Türk dünyasının rolu”(Almatı) adlı Simpoziumlar, 17-ci beynəlxalq “Xəzər” axşamları (Elazığ, Türkiyə), türk dilinin 732 illiyinin qeyd edilməsi (Qaraman Türkiyə), Mərsinə, Girnə, İstanbul şəhərlərində “Qız-Jibek” əfsanəsinin 500 illiyinə həsr olunmuş XXII TÜRKSOY Opera günləri, İstanbulda Tatarıstan və Başqırdıstanın mədəni mərkəzlərinin açılması və Sabantuyun qeyd edilməsi, “Xan Mirqen” qədim Xakasiya eposu kitabının Ankara və Abakanda və İstanbulda “Başqırd şəcərəsi”nin təqdimatı, teatr və kino festivallar, ənənəvi və populyar musiqi festivalları keçirilib. 8-18 sentyabr tarixlərində Bişkek, Almatı, Ankara və Bakı şəhərlərində TÜRKSOY-un beynəlxalq layihəsi - Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Başqırdıstan və Tatarıstanın opera teatrları solistlərinin iştirakı ilə məşhur Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun Koroğlu Operasının tamaşaya qoyulması böyük müvəffəqiyyətlə həyata keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 884

Oxşar yazılar