Ramiz Əzizbəyli: “Müalicəm üçün qızıllarımı, maşınımı satmışam” - MÜSAHİBƏ
12 oktyabr 2009 10:30 (UTC +04:00)

Ramiz Əzizbəyli: “Müalicəm üçün qızıllarımı, maşınımı satmışam” - MÜSAHİBƏ

Azərbaycanın xalq artisti Ramiz Əzizbəylinin APA-ya müsahibəsi

- Ramiz müəllim, səhhətinizdəki problemlərlə aidiyyəti orqanlar maraqlandılar? Hazırda vəziyyət nə yerdədir?

- Sizinlə söhbətimizdən sonra elə həmin gün Mədəniyyət və Turizm Nazirliyinin Kino İdarəsindən yanıma gəldilər, beş-altı dəqiqə oturdular və mənə zərfin içində 600 manat pul verdilər. Mən hər bir zaman hamıya demişəm ki, mən sədəqə yığan kişilərdən deyiləm, ya da kiməsə ismarıc göndərmirəm ki, mənə pul gətirin. Hər kəs öz mənliyini, qürurunu qoruyur. Mən sənətkar mənliyimi qoruyuram. Mənim təqaüd almaq zamanım gəlib yetişib. 15 yaşında uşaqlara təqaüd verirlər, 60 yaşında kişiyə isə təqaüd verilmir. Məni hələ bu təqaüdə təqdim eləmirlər. Onlar gələndə bildirim ki, qoyun, mən qanuni pulumu alım. Mənə iş verin, film çəkim, öz maaşımın, qonorarımın hesabına özümü müalicə edim. Mənim sizdən tələbim, umacağım, davam bundan ibarətdir. Yoxsa mən sizin şəxsiyyətinizə toxunmuram, təhqir eləmirəm, yerinizdə gözüm yoxdur. Onlar qorxular ki, gəlib kiminsə yerini əlindən alacağam, mənim isə elə şeylərlə işim yoxdur. Dedilər, darıxma olacaq-olacaq, deyəsən başımın altına bir az da yastıq qoydular, 600 manata güc-bala ilə qol çəkdirdilər. Onu da almırdım, “dedilər qol çəkib, götürmüşük, eyibdir”, mən də qəbul etdim.

- Bu maddi yardımın Sizin müalicənizə bir köməyi oldu?

- Bu məbləğ ancaq bir dəfəlik rentgenə getməyimə bəs etdi. İndi bütün klinikalar özəl klinikalardır, hər şey ödənişlidir. Dövlət klinikalarında o aparatlar yoxdur, olsa da köhnədir. Özləri deyirlər ki, dəqiq bir şey deyə bilmərik, qorxuruq.

- Sizin xəstəliyinizlə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli bildirib ki, əgər müraciət etsəniz, nazirlik Sizin xaricdə müalicənizi koordinasiya edə bilər.

- Uzun illərdir mən bu sahədə işləyirəm və yetəri qədər tanınıram. Bu elə müraciət kimi bir şeydir, yoxsa gedib elə qonşuma deyərəm də... Bütün Kütləvi İnformasiya Vasitələri bu barədə yazıb. Axı, mən deyən kişilərdən deyiləm. Almaniya, Amerika, Los-Ancelesdən dost-tanış eşidib zəng vururlar. Mən burdan-bura Səhiyyə Nazirliyinə deməliyəm ki, mənim dişim ağrıyır, gəl dişimi çək? Mən bunu deyə bilmərəm.

- Ramiz müəllim, ümumiyyətlə Sizin tam şəkildə müalicə olunmanız üçün nə qədər vəsait lazımdır?

- Mən bu vəsaiti dəqiq deyə bilmərəm. Sadəcə onu deyə bilərəm ki, dostlarımın maddi köməyini ora qatmaqla, 18-20 min manat vəsait xərcləmişəm. Zinət əşyalarımı, maşınımı satmışam. Bəzi dostlar var ki, məcburi də olsa, maddi kömək edirlər. Yenə də qurban olum bu xalqın yaxşı insanlarına, onların hesabına bir təhər yaşayıram. Amma əməliyyatla bağlı bilmirəm, birinci dəfədir ki, bu bəlaya düçar olmuşam. Əməliyyata girənə qədər uzun bir yol keçirsən. Hər yeni baxan yenidən hər bir şeyin müayinəsinə göndərir. Bu müayinələr özü həm məni yataq xəstəsinə çevirir, həm də nə qədər iynə, dava-dərman gedir. Ona görə nə qədər vəsait lazım olduğunu deyə bilmərəm.

- Bu müddət ərzində səhhətinizdə hər hansısa bir yaxşılaşma yoxdur?

- Qurban olum xalqıma, mənim yaxşılaşmamın səbəbi ilk növbədə xalqımın mənə qarşı diqqətinin nəticəsidir. Çünki mənəvi dəstək hiss edəndə insan üçün yaxşı olur. İnsan daxilində öz iradəsini toplaya bilir. Son müalicə əvvəlki günlərə nisbətən bir qədər ağrımı azaldıb. Əgər əvvəllər ancaq arxası üstə uzana bilirdimsə, indi hərdən bir tərəfim üstə yatıram. Eyni zamanda qızdırmam da aşağı düşüb, bir az gözüm açılıb. Bilirsiniz, mən illər boyu mənəvi təzyiqlərə məruz qalmışam. Məni xəstəliyə salanda 40 ildir davam edən həmin mənəvi sarsıntılardır. Ağzımdan çörəyimi alıb yeyiblər, cibimdən pulumu çıxarıblar, işimi gözümün qabağında götürüb başqasına veriblər. Bunu eləyən nadan bilməyib ki, mən onu bəşər övladı kimi, insan kimi, azərbaycanlı kimi çox istədiyim üçün onunla mübarizəyə qalxmamışam. Çünki başa düşmüşəm ki, o bəndə kimi məndən çox-çox zəifdir. Əgər kimsə mənim ruzimə, səadətimə əl uzadırsa, demək o qorxaqdır, nadandır, kafirdir, Allah yolundan uzaqlaşan adamdır. Amma bir şeyi umuram ki, mənə təqaüd versələr, heç evdən bayıra çıxmaram. Nə kino çəkmək, nə də efirə çıxmaq istəyirəm. Amma bir şeyi deyim ki, heç zaman nikbinlik hissini əlimdən yerə qoyan, pessimistliyə qapılan, depressiyaya düşən kişilərdən deyiləm. Mənə özü də bilmədən xainlik edən dostlarıma yenə də dost gözü ilə baxıram, çünki mən onlardan özümü bir qat yuxarıda hesab edirəm.

- Aktyor yoldaşlarından sizin yanınıza gəlib maraqlananlar olurmu?

- Aktyorlar da, aktrisalar da gəlib otururlar, hal-əhval tuturlar. Olmayan yerdən birdə görürsünüz, balışımın altına 50-100 manat qoyurlar. Onlar bunu edəndə dava edirəm ki, axı sizin özünüzə verən lazımdır. Hamısı kömək edir, sağ olsunlar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1566

Oxşar yazılar