Sabir Rüstəmxanlı: “İlhamə Quliyeva DAK-ın işlərinə qarışmasın”
01 sentyabr 2009 18:00 (UTC +04:00)

Sabir Rüstəmxanlı: “İlhamə Quliyeva DAK-ın işlərinə qarışmasın”

“Mənim Dünya Azərbaycanlıları Birliyi adlı təşkilatın yaranmasından xəbərim yoxdur”.

Bunu Lent.az-a açıqlamasında Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, millə vəkili Sabir Rüstəmxanlı deyib. Bununla yanaşı S.Rüstəmxanlı istənilən yeni təşkilatın yaranmasına normal yanaşdığını deyib: “Müxtəlif adlarla təşkilatların yaranması təbiidir. Dünya böyükdür və dünyanın müxtəlif yerlərində azərbaycanlıların diaspora təşkilatları var. Eyni əcnəbi şəhərdə yaşayanların arasında fikir ayrılığı varsa, müxtəlif ölkələrdə yaşayanların bir ad altında birləşməsi təbii ki, çətindir. Ancaq Dünya Azərbaycanlıları Konqresi adına iddialı olaraq “DAK-2” “Dünya Azərbaycanlıları Birliyi” və buna bənzər digər adlar altında yaranan təşkilatlar əslində milli birliyə gedən yolda olan maneələrdir. Bunun çoxunun arxasında isə fars rejiminə xidmət edən adamlar dayanır. Bu sıraya orada əraziləri olan, yaxud ora müxtəlif şəkildə bağlı olan, ya da anti-Azərbaycan qüvvələrinə dolayı yolla xidmət edənlər aiddir. Mən bir şey bilirəm ki, səmimi şəkildə Azərbaycanın bütövlük, birlik və istiqlaliyyət işinə xidmət edən bir təşkilat varsa, o da Dünya Azərbaycanlıları Konqresidir. Bunun böyür-başında nə dayanırsa, yalnız bu təşkilatı xırdalamaq, millətin fikrini çaşdırmaq niyyəti durur. Ona görə də bu cür təşkilat ola-ola başqa müxtəlif birliklərin yaranması xoş niyyət daşımır. Zaman keçdikcə bunun şahidi olacağıq”.

DAK həmsədri Xalq artisti İlhamə Quliyevanın ittihamlarını da cavablandırıb: “İlhamə xanımın DAK-ın haqqında söylədiyi bu təşkilata yaraşmayan sözləri də, öz sənətinə və işinə aid olmayan məsələlərə müdaxiləsi də, özünü olmayan “Mədəniyyət Akademiyası”nın “prezident”i sayması da var. Ancaq İlhamə Quliyeva xanımdır, ona görə də haqqında bir söz demək istəmirəm. Ancaq yaxşı olardı ki, o, ümumiyyətlə DAK-ın işinə qarışmasın və bu barədə danışmasın”.

İ.Quliyevanın “DAK-ın bəzi nümayəndələri bütün icra hakimiyyəti başçılarını gəlir mənbəyinə çeviriblər, ona görə də bəzi nümayəndələri hətta hüquq-mühafizə orqanları tərəfindən yoxlamaya məruz qaldı” fikrinə isə DAK həmsədri belə cavab verib: “Bu, İlhamə xanımla DAK-ın əvvəlki Bakı Nümayəndəliyinin arasında olan müəyyən münaqişələrlə bağlı söz-söhbətlərdir. Yəni, bu, DAK-a və onun rəhbərliyinə aid olan məsələ deyil. DAK-ın icra başçıları ilə heç bir əlaqəsi yoxdur. DAK bu məsələlərdən çox-çox uzaqdır. Yaxşı olardı ki, İlhamə xanım kimi hədəf seçirsə, onun da adını çəksin”.

Qeyd edək ki, İ.Quliyeva mətbuata verdiyi açıqlamasında DAK-ı, həmçinin Sabir Rüstəmxanlı və Səbri Təbrizini sərt şəkildə tənqid edib. O, Rüstəmxanlı və Təbrizini “DAK-ı bərbad vəziyyətə gətirməkdə” ittiham edib. Xalq artisti yeni təşkilat – Dünya Azərbaycanlıları Birliyini Cavad Derəxti və Xəzər Eminlə birlikdə yaratdıqlarını bildirib: “Bu fikri mən irəli sürdüm”. İ.Quliyeva yeni qurumun Avropada rəsmi qeydiyyata alındığını, bu ilin payızında qurumun ilk qurultayının keçiriləcəyini deyib.

Pərvin ABBASOV
# 794

Oxşar yazılar