Qadağan olunmuş filmlər: seks, zorakılıq, kilsə kaprizləri...
21 avqust 2009 17:00 (UTC +04:00)

Qadağan olunmuş filmlər: seks, zorakılıq, kilsə kaprizləri...

Dünyanın ən geridə qalmış və ən inkişaf etmiş ölkələrində filmlər niyə qayçılanır?

Kinoindustriyanın yarandığı gündən bəri geniş tamaşaçı kütləsi üçün nəzərdə tutulmuş filmlər seksual, dini, siyasi, ya da sosial səbəblərdən senzuraya və qadağalara məruz qalıb. Bu qadağalar və senzura hələ səssiz kinonun zamanlarından bu günə qədər tədbiq olunub və olunur.

1922-ci ildə tamaşaçıya nəyi göstərməyin mümkün olduğunu, nəyi göstərməyə rəvac verilmədiyini bəyan edən birinci, səsli kino ekranlarda görünəndə isə (1930-cu il) ikinci kodeks qəbul olundu.

Kino tarixində cəmi neçə filmin qadağaya məruz qaldığını dəqiq demək mümkün deyil. Belə ki, bu filmlərə qoyulan qadağa onu bəzən bütün dünyada, bəzən bir və ya bir neçə ölkədə, bəzən bəzi ştatlarda nümayişinə qadağa qoyur, bəzən müəllifləri filmin bir və ya bir çox kadrlarını doğramağa məcbur edir və s...

Beləliklə də, o filmlərin hamısını “qadağan olunmuş filmlər” də adlandırmaq olmaz, “qadağan olunmamış film” də həmçinin...

Amma bu yazıda sizə qadağalara və senzuraya məruz qalmış məhşur filmlərdən, film məşhur olmasa da qadağa tarixçəsi maraqlı olan ekran əsərlərindən danışmaq istəyirik.

Heç prezident də kömək edə bilməz...

Amerika Birləşmiş Ştatlarında kinematoqrafa tədbiq olunan senzuraya ehtiyac acgöz kütlə kinonun təsiri altına düşəndən sonra yarandı. Kinematoqrafın ilk baharında filmlər səssiz olsa da, səssiz bir kadr minlərlə sözdən daha çox şey deyə bilərdi. Və bu fakt əxlaq, din keşikçilərinin diqqətindən yayına bilməzdi. Buna görə də, 1909-cu ildə Amerikada Bədii Filmlərə Baxış üzrə Milli Komissiya yarandı. Lakin kinematoqrafın bəlası bununla da bitmədi. Bədii filmləri kinoteatrlara yalnız bir neçə senzura mərhələsindən keçdikdən sonra buraxmağa və ya buraxmamağa qərarlı bir neçə dini, ictimai cəmiyyət yarandı. Bu cəmiyyətlərin “xeyir-dua” vermədiyi filmləri ekrana buraxmağa heç ölkə prezidenti də kömək edə bilməzdi. Məsələn, 1915-ci ildə rejissor D.V.Qriffitin “Millətin doğuluşu” filminə o vaxtkı prezident Vudro Uilson baxmış və demişdi: “Nə yazıq ki, bütün bunlar həqiqətdir!”. Onun bu sözlərinə məhəl qoyan olmamışdı. ABŞ Ali Məhkəməsi filmin qadağasını tələb edənlərin xeyrinə qərar çıxararaq, ekran əsərini nəinki qadağan, hətta bütün hüquqlarından məhrum etdi. Belə cəmiyyətlərin tələbi ilə məsələn, Çikaqoda onlarla film senzuraya məruz qaldı və ekranlara buraxılmadı. Yalnız Kinoteatrlarla Əlaqə Komissiyasının o zamankı rəhbəri (1934) Cozef Brinin “müsadirə” etdiyi filmlərin bəxti gətirdi. O, müəllflərindən aldığı kinolentləri polad seyfdə gizlətmişdi. 1980-ci ildə həmin fimlər ekrana çıxa bildi.
Yalnız 1952-ci ildə ABŞ Ali Məhkəməsi kinoya hüquqi baza verdi. Məhkəmənin qərarı ilə filmin qadağasını tələb edən senzorlar əvvəlcə oradakı kadrların “ədəbsiz”liyini, filmin məzmununun əxlaqa zidd olduğunu sübut etməli idilər. O vaxtdan kinoya qoyulan rəsmi qadağalar dövrü başa çatdı.

Ehtiras oyatmayan film əxlaqsız sayıla bilməz
(Maraqlı qadağa tarixçələri)

1959-cu ildə Çikaqonun şəhər rəhbərliyi Kolumbiya Pikçers kino şirkətinin istehsalı olan, rejissor Otto Preninqerin “Qətlin anatomiyası” filminin nümayişinin qadağasını tələb etdi. Kinosenzura üzrə şəhər komissiyasının üzvləri burada “zorlama”, “kontrasepsiya”, “sperma” kimi sözlərin işləndiyini əsas gətirərək, filmin “əxlaqi normalara zidd” olduğunu iddia etdilər. Belə olanda rejissor Otto Preninqer şəhər rəhbərliyini məhkəməyə verərək, filmin nümayişinə icazə verilməsini və ekran əsərinə qarşı gələcək iddiaların önlənməsini tələb etdi.
Məhkəmənin qərarı isə çox maraqlı idi. Hakim Mayers yalnız tamaşaçılarda yaranan reaksiyanın filmin əxlaqa zidd olub-olmamasını müəyyənləşdirdiyini əsas gətirərək, filmə bəraət verdi. Məhkəmə qərarında belə yazılmışdı: “Bu film tamaşaçıda ehtiras və naqolay düşüncələrdən daha çox acıma və rəhm hiss oyada bilər”.

Qadağan olunmuş məşhur fimlər...

Şeron Stoundan qadın öldürməyi tələb etdilər

İndiyə qədər qadağalara və senzuraya məruz qalmış ekran əsəplərinin çoxu ad-sansız, elə də geniş tamaşaçı kütləsinə tanış olmayan fimlər olsa da, onların arasında dünyaca məşhur filmlər var. Bu siyahıda E.Heminqueyin romanı əsasında çəkilmiş “Əlvida, silah”, özündə ilk pornogörüntülər əks etdirən “Emmanuel”, məşhur italyan rejissoru Federiko Fellininin “Şirin həyat” filmləri də var.

Lakin ən maraqlı əhvalat Hollivudun ən gəlirli və baxımlı məhsullarından biri olan “Əsas instinkt” filmi ilə bağlıdır. Cazibədar Şeron Stounun baş rolda oynadığı bu ekran əsərinə yəqin ki, baxmayan tapılmaz. 1992-ci ildə film ekranlara çıxandan sonra həm liberalların, həm də konservatorarın qəzəbinə səbəb oldu. Filmə qarşı belə aqressiv münasibətin səbəbi onun zorakılıqla dolu və seksual xarakterli olmasından daha çox siyasi motivlərlə bağlı idi. Şeron Stounun qatil qadın qəhrəmanının biseksual olması geylərin və lesbiyanların qəzəbinə səbəb olmuşdu. Onların fikrincə, kişilərlə yanaşı qadınlara da meyl edən şəxsin filmdə silsilə qətllər törətməsi homofobiyanı gücləndirir, cəmiyyətdə cinsi azlıqlara qarşı onsuz da müsbət olmayan rəyi daha da korlayırdı. Buna etiraz olaraq cinsi azlıqlar filmə qarşı sərt etiraz aksiyalarına başladılar. Sahibi olduğu kafenin çəkiliş meydançası kimi istifadə edilməsinə razılıq vermiş sahibkar və geylər üçün buraxılan qəzetin təsisçisi Çokerin maşınının şüşələrini sındırır, evinin qarşısında etiraz aksiyaları keçirir, ona hədə-qorxu gəlirdilər. Bu işə cinsi azlıqlarla əlaqəli bir çox ictimai təşkilat da qarışdı. Onların etirazları ilə yanaşı, maraqlı bir tələbləri də vardı: film qadağan olunmaya bilər, amma Şeron Stounun qəhrəmanının qətlə yetirdiyi şəxslər təkcə kişilər deyil, həm də qadınlar olmalıdır. Tələbin səbəbini anlamaq isə elə də çətin deyildi. Filmdə yalnız əks cinsdən olan insanları öldürən qəhrəman öz həmcinsinə maraq göstərənlərin əks cinsə qarşı ikrah, nifrət duymağı barədə bir mesaj idi ki, lesbiyanlar və mavilər bunu həzm edə bilmirdilər.
Yalnız bir neçə senzura mərhələsindən, dövlət və din xadimləri məsələyə qarışıb, filmdə bəzi səhnələrin təzədən çəkilməsinə nail olandan sonra filmin rahat nümayişinə icazə verildi.

Filmin qadağasına kim nail ola bilər?

Hazırda ABŞ-da hər kəs xoşuna gəlməyən bir ekran əsərinin qadağasını və ya o filmdəki müəyyən kadrların kəsilib, çıxarılmasını tələb edə bilər. Belə bir tələbi hər hansısa bir ştatdakı Müəllimlər və Valideynlər Assosiasiyasından tutmuş sıravi polis nəfərinə, Xeyirpərvər Katoliklər Komitəsindən tutmuş küçə süpürgəçisinə qədər hamı edə bilər. Tələb öz yerində. Əgər həmin şəxs və ya təşkilat filmin və ya müəyyən kadrların dinə, əxlaqa, hümunizmə zidd olduğunu və ya kiminsə heysiyyətini təhqir etdiyini sübut edə bilsə, onun tələbi yerinə yetiriləcək. Məsələn, kino tarixində özündə heç bir erotik yük daşımadğı halda, sıravi amerikan polisinin küçədə görüb, əxlaqa zidd hesab etdiyi və məhkəmədə bunu sübut edə bildiyi üçün qadağan olunmuş film var. Eyni zamanda açıq-saçıq pornoelementlərlə dolu olduğu halda bəraət qazanmış və sərbəst nümayiş hüququ əldə etmiş film də. Çünki bu ölkənin qanunları çox dolaşıqdır. Kino ilə bağlı elə kodekslər var ki, burada əxlaq, din, ədəb normalarının sərhədləri çox dumanlıdır. Məsələn, kodeksə görə filmdə zorakılıq, şər nümayiş və hətta təbliğ oluna bilər, bir şərtlə ki, filmdə tamaşaçıya o zorakılığa və şərə güc gələ biləcək qədər də xeyir və rəhm təqdim olunsun. Bax, belə.

Kodlar

Bu gün Amerika Bədii Filmlər Assosiasiyasının Qiymətləndirmə və Kodlaşdırma Administrasiyası ekran əsərlərini senzuraya məruz qoymur, kadrların kəsilib-çıxarılmasını tələb etmir. Onlar filmlərə xüsusi kodlar verirlər. Auditoriya filmin koduna baxaraq, ekran əsərinin mahiyyəti haqda təsəvvür əldə edə bilər. Məsələn, “G” kodu hər yaşda olan tamaşaçılar üçün nəzərdə tutulmuş filmlərdir. “PG” kodunu almış filmə baxmaq üçün uşaqlar valideynlərinin razılığını almalıdırlar, belə ki, bəzi kadrlar uşaq auditoriyası üçün ifrat açıq və ya sərt ola bilər. “PG-13” kodlu filmə yaşı 13-dən aşağı olan uşaqlar baxa bilməzlər. “R” kodu o deməkdir ki, əgər 17 yaşı tamam olmamış yeniyetmə bu filmə baxmaq istəyirsə, mütləq kinoteatra valideynləri ilə birlikdə gəlməlidir. “NC-17” kodu ümumiyyətlə bu filmə 17 yaşına çatmamış yeniyetmələrin baxmağına qadağa qoyur. Və nəhayət, “X” kodu filmin reklamından tutmuş, kinoteatrlarda, efirdə nümayişinə qədər hər şeyə qadağa qoyur...

Günel
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 15175

Oxşar yazılar