Xan Evinə səyahət - REPORTAJ
Yolu Lənkərana düşən hər kəs yəqin ki, şəhərin mərkəzində, Şirəli Axundov küçəsində yerləşən qırmızı kərpicdən tikilmiş bu gözəl memarlıq abidəsinə diqqət yetirib. Üzərində “Lənkəran Tarix-Diyarşünaslıq Muzeyi” yazılmış bu bina el arasında əsasən Xan Evi kimi tanınır.
Görənlər iki il sonra 100 yaşını tamam edəcək “Yerli əhəmiyyətli memarlıq abidəsi” siyahısına daxil edilmiş bu möhtəşəm, əzəmətli binanın hazırda acınacaqlı durumda olduğunu da nəzərdən qaçırmış olmazlar. Amma bu barədə bir qədər sonra… Hələliksə həm bu binanın, həm də burada yerləşən muzeyin tarixinə səyahət edək…
Xanın izi silinmiş Xan Evi
Xan Evi adlandırılan bu binada əslində xan yox, xan nəslinin davamçıları yaşayıblar. Talış xanı Mir Mustafa xanın nəvəsi Mir Əhməd xan bu tikilini 1913-cü ildə həyat yoldaşı Tuğra xanıma hədiyyə olaraq inşa etdirib.
Saray cəmi üç ay müddətində Avropadan dəvət olunan memarlar tərəfindən tikilib. Üç mərtəbədən ibarət olan Xan Evi Lənkəranın ilk çoxmərtəbəli binalarından sayılır.
Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra isə bina milliləşdirilib və xan nəslinin davamçıları buranı tərk etməli olublar. Mir Əhməd xan Fransaya mühacirət edərək elə oradaca vəfat edir. Həyat yoldaşı Tuğra xanım isə ölkəni tərk edə bilmir və sovet dövründə miskin həyat yaşayaraq yoxsulluq içində dünyasını dəyişir.
Sovet hakimiyyətinin qurulduğu ilk günlərdən başlayaraq, 1991-ci ilə qədər Xan Evi şəhər sovetinin inzibati binası kimi fəaliyyət göstərib. Bu illər ərzində binada xan və onun ailəsinə aid demək olar ki, heç nə qalmayıb, dəhlizlərdəki əl işləməsi olan iri, insan boyu hündürlüyündə güzgülər və hazırda muzeyin eksponatları arasında saxlanan bir dəstə açardan başqa…
Mənimlə yaşıd muzey
Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin tarixi isə 1978-ci ildən başlayır. Muzey Xan Evinə 1991-ci ildən sonra köçürülüb. Elə bu binada Lənkəran diyarının qədim tarixinin bir parçası daşlaşıb, şəkilləşib, əşyalaşıb. Muzeydə Lənkəranın qədim tarixini, mədəniyyətini, milli-mənəvi dəyərlərini və bu gününü əks etdirən eksponatlar nümayiş etdirilir. Əsas fondda 6 mindən çox muzey sərvəti var ki, onlardan 2 minə yaxını ekspozisiyada nümayiş olunur.
Muzeyin ekspozisiyası altı bölmədən ibarətdi: təbiət, qədim dövr, orta əsrlər tarixi, yeni dövr, ən yeni dövr (1917-1945-ci illər), müasir dövr (1945-ci ildən hazırkı dövrə qədər). Burada etnoqrafiya, arxeologiya, xalq tətbiqi sənəti, numizmatikanı əks etdirən nümunələr və Lənkəranın görkəmli şəxsiyyətlərinin şəxsi sənədləri və digər eksponatlar göstərilir.
Soyuducunu xatırladan ekspozisiya zalları
Muzeyə daxil olan andaca binanın qızdırılmadığının şahidi olduq. Bina sözün həqiqi mənasında nəhəng bir soyuducunu xatırladır. Elə muzeyin əməkdaşı, kiçik elmi işçi İlham Quliyev də bizi qalın dəri gödəkçədə qarşıladı. Təsəvvür edin, inqilabdan xeyli əvvəl inşa olunan bu bina o zamanlar elektriklə işıqlandırılmış və isidici sistemlə təmin olunmuşdu. İndi isə soyuqdan donmuş, illərin təsiriylə nimdaşlaşmış, bir sözlə miskin vəziyyətdədi. Binanın sovet vaxtı yenilənmiş qızdırıcı sistemi indiyə qədər qalsa da, bu sistem işlək vəziyyətdə deyil.
Amma muzeyin ilk mərtəbəsindən, təbiət guşəsindən İlham bəylə birgə başladığımız «səyahət» bizə az qala soyuğu belə unutdurdu. Burada Lənkəran haqqında öyrənməli o qədər məqamlar var ki...
Lənkəran - çəhrayı flaminqo və dəmirağacın vətəni
Məsələn, bu çəhrayı flaminqoya baxın. Sən demə, Lənkəran ərazisində dünyanın nadir quşlarından olan çəhrayı flaminqo məskunlaşıbmış. Lənkərandan başqa çəhrayı flaminqolar dünyada bircə Meksikanın şimal-şərqində qeydə alınıb.
Guşənin bəzəklərindən biri də sözün həqiqi mənasında dünyanın möcüzələrindən biri olan dəmirağacdı. İlham bəyin dediyinə görə, dəmirağac Azərbaycan III dövr relikt bitkilərindəndi. Onlara Talış dağlarının mərkəzi və cənub hissələrində rast gəlinir. Ağacın hündürlüyü 20-25 metrdi. 200 ilə qədər yaşayır. Yarpaqları qısa saplaqlı olub növbəli düzülüşlüdür, dairəvi və ya yumurtavari formadadı. Çiçəkləri ikicinslidi, yarpaqlamamış çiçəkləyir, 6-7 erkəkciyi, 2 sütuncuğu var. Xüsusilə çiçəkləmə vaxtı qırmızı və bənövşəyi rəngə boyanmış erkəkciklərin hesabına çiçək daha da nəzərəçarpan olur.
Dəmirağac möhkəm oduncağa malik olduğundan vaxtı ilə əsasən telefon və elektrik dirəkləri üçün, körpülərin tikilməsində, maşın və alətlərin bəzi hissələrinin hazırlanmasında istifadə olunub. Bələdçimizin dediyinə görə, 19-cu əsrin sonlarında Nobel qardaşları Azərbaycana gələndə neftdən əvvəl məhz dəmirağacdan hazırlanmış silah qundaqları biznesinə girişiblərmiş.
«Onlar Talış meşələrində bitən dəmirağacın möhkəmliyinə heyran qalmış və tezliklə qundaq istehsalına başlamaq üçün bu sahəyə külli miqdarda yatırımlar qoymaq niyyətinə düşmüşlər. Amma Bakıda neft yataqları aşkarlanandan sonra, daha gəlirli biznesin xatirinə bu ideyadan vaz keçiblər».
Dəmirağacın möcüzəvi xüsusiyyətlərindən danışan elmi işçi deyir ki, bu ağac bəlkə də dünyada yeganə ağac növüdür ki, suda batır. «Dəmirağacın bir özəlliyi də odur ki, zaman keçdiksə onun budaqları bir-birinə sanki «qaynaq» olunaraq birləşir».
Lap məşhur şeirdə deyildiyi kimi:
Köklər bir-birindən on addım uzaq,
Gövdələr dəmirtək cilalanıbdır.
Burdakı gövdədən uzanan budaq
Orda başqasıyla qaynaqlanıbdır.
Əcnəbi qonaqları əsasən yerli təbiət valeh edir
Birinci mərtəbədə qədim dövrü əks etdirən xeyli eksponatlar cəmlənib. Bu sırada tunc dövrü silahları xüsusi diqqət cəlb edir. Burda toplanmış eksponatlar arasında kiçik bizlər, müxtəlif kəsici alətlər xüsusi diqqət çəkir, İlham bəyin dediyinə görə, muzeyə gələn xarici turistlərin diqqətini ən çox çəkən də elə təbiət və qədim dövr guşələridi: «Onlar təbiətimizə heyranlıqlarını gizlədə bilmirlər. Qədim dövr guşəsindəki eksponatlar isə onlarda daha çox maraq doğurur. İnana bilmirlər ki, hələ min illər öncə Azərbaycanda sənətkarlıq bu dərəcədə inkişaf edibmiş».
Qədim dövr guşəsində maraq doğuran eksponatlar arasında zinət əşyalarını xüsusi qeyd etmək lazımdı. Əsasən misdən hazırlanmış bu zərgərlik əşyalarının eləsi var ki, yaşı min ili keçir. Müxtəlif dulusçuluq əşyaları arasında nehrə, qədimdə işlənən digər məişət əşyaları da maraqlı eksponatlar arasındadı. İlham bəy deyir ki, bu eksponatları əldə etmək üçün min əziyyət çəkirlər:
Yeni eksponatlar almaq üçün büdcədən vəsait ayrılmır
«Sovet dövründə kəndləri gəzib əhalidən qədim əşyaları pulla satın almaq üçün yetərincə vəsait ayrılırdı. Həmçinin arxeoloji qazıntılar üçün də. Bəzi insanlar da əvəzində pul alacaqlarını bildiklərinə görə evlərində olan qədim əşyaları həvəslə gətirib muzeyə təqdim edirdilər. İndi ümidimiz ansaq maddi umacağı olmayan könüllülərə qalıb. Bax, bu daşı görürsünüz (əli ilə göstərir), bunu və vaxtı ilə su quyusunun üstünə hörülən bu saxsını bir qədər əvvəl gətirib muzeyə veriblər. Bu əşyaların yaşı bəlkə də yüz əlli ilə yaxındı. Hələ ki, onların dəqiq yaşının təyin olunması üçün elmi təhqiqat aparılır».
Falaqqa - pedaqoji təsir vasitəsi kimi
Muzeydə müxtəlif materiallardan düzəldilmiş fiqurlar da diqqət çəkir. İlham bəy deyir ki, bu fiqurları yerli sənətkarlar düzəldib təmənnasız muzeyə hədiyyə ediblər. Ən maraqlı fiqurlardan biri də falaqqaya salınan mədrəsə şagirdinin döyülməsini əks etdirən kompozisiyadı.
«Lənkəranda ilk müsəlman məktəbi 1850-si ildə açılıb. Həmin il tədrisə başlamış 4 məsciddə 75 şagird təhsil alıb. Bu məktəblərdə isə “pedaqoji təsir” vasitəsi falaqqa sayılırdı», deyə bələdçimiz bildirir.
Həzi Aslanovun “otağının” tavanı uçur
Təbii olaraq muzeydə Lənkəranın ən görkəmli şəxsiyyətlərindən biri olan iki dəfə Sovet İttifaqı Qəhrəmanı general Həzi Aslanova aid ayrıca guşə də var. Amma muzeyin bu guşənin yerləşdiyi hissəsi ən acınacaqlı vəziyyətdədi. Tavanın bir hissəsi uçduğundan buradakı eksponatları içəri daman yağış sularından qorumaq üçün otağın bir küncünə yerləşdirməli olublar.
Məlum məsələdi ki, muzey eksponatlarını illər uzunu xarab olmadan saxlamaq üçün həm ekspozisiya zallarında, həm də fondda labüd hava temperaturu təmin olunmalıdı. Yayın nəfəs kəsən istisində, qışın dondurucu soyuğunda, uçmuş tavan altında bu qiymətli muzey eksponatlarının salamat qalması çətin məsələdi: “Vəziyyətimiz həqiqətən ağırdı. Amma söz veriblər ki, yaxın vaxtlarda binanın təmiri üçün vəsait ayrılacaq”, - İlham Quliyev deyir.
İnşallah, vəd sahibləri sözlərinə dönük çıxmazlar.
100 manat dəyəri olan fədakarlıq
Son olaraq burada çalışan insanların fədakarlığını qeyd etmək istərdim. İlham bəydən öyrəndim ki, bütün günü isti-soyuq bilmədən burada oturub muzeyə təşrif buyuran qonaqlar üçün maraqlı bələdçilik edən, əllərindən gəldiyi qədər muzey eksponatlarını mühafizə etməyə çalışan insanların aldıqları aylıq əmək haqqı cəmi 100-120 manatdı. Amma onlar işlərinə “maaşımız azdı, şəraitimiz pisdi” bəhanəsi ilə yanaşmırlar, görəvlərini vicdanla həyata keçirirlər. Elə buna görə də muzeyi tərk edərkən ziyarətçi dəftərində yazdığım kiçik qeyddə başda bələdçimiz İlham Quliyev olmaqla bütün muzey işçilərinə minnətdarlığımı bildirdim.
Samirə Əhmədbəyli

1553