İordaniya Krallığında Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək
26 noyabr 2010 11:56 (UTC +04:00)

İordaniya Krallığında Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətovun Lent.az-a verdiyi məlumata görə, Azərbaycan İordaniya Haşimilər Krallığı hökumətləri arasında əldə olunmuş qarşılıqlı razılaşmalara əsasən keçiriləcək mədəniyyət günləri çərçivəsində Əmman və Zarka şəhərlərində Azərbaycan incəsənət xadimlərinin iştirakı ilə konsert, foto və kitab sərgiləri təşkil ediləcək. Mədəniyyət günlərinin təşkili iki ölkə arasında qarşılıqlı mədəni əməkdaşlığın inkişafına, xalqların bir-birini daha yaxından tanımasına, eyni zamanda ölkəmizin beynəlxalq aləmdəki müsbət imicinin daha da yüksəldilməsinə, Azərbaycan mədəniyyəti və incəsənətinin təbliğinə xidmət edəcək.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə 50 nəfərlik nümayəndə heyəti noyabrın 29-da İordaniya Krallığına yola düşəcək. Səfər çərçivəsində bu ölkənin mədəniyyət, həmçinin turizm və tarixi əsərlər nazirləri ilə görüş planlaşdırılır.

İ. Hümbətovun sözlərinə görə, mədəniyyət günləri çərçivəsində Azərbaycan incəsənət ustalarından xalq artisti Afaq Məlikovanın rəhbərliyi ilə Azərbaycan Dövlət Rəqs Ansamblının bir qrup üzvü, əməkdar incəsənət xadimi Məcnun Kərimovun rəhbərliyi ilə Qədim Musiqi Alətləri Ansamblı, xanəndələr İlkin Əhmədov, Vəfa Orucova, əməkdar artistlər Nuriyyə Hüseynova, Elza Seyidcahan və Teyyub Aslanov, solistlərdən əməkdar artist, çəqanə ifaçısı Munis Şərifov, qarmon ifaçısı Etibar Qasımbəyli İordaniya Krallığının Əmman şəhərində bir neçə yerdə geniş konsert proqramları ilə çıxış edəcəklər.
Bundan başqa, İordaniyada keçiriləcək tədbirlər sırasında “Azərbaycan ənənə və müasirliyin qovşağında” adlı fotosərgi də yer alacaq. Bu fotosərgidə iordaniyalılar ölkəmizin tarixi və mədəniyyəti, zəngin memarlıq ənənələri, turizm potensialı və təbiət mənzərələri, müasir inkişafı ilə tanış olacaqlar. Fotoşəkillər bir tərəfdən ölkəmizi hərtərəfli şəkildə göstərməyə, digər tərəfdən isə Azərbaycanda bədii fotoqrafiya sənətinin, professional fotoqrafiyanın inkişafını əks etdirməyə xidmət edir. Sərgidə nümayiş etdirilən fotoşəkillər əməkdar incəsənət xadimi Leyla Axundzadə, əməkdar rəssam Tahir Məmmədov, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Fərid Xayrulin və “Yol” jurnalının fotomüxbiri, gənc, istedadlı fotoqraf Emil Xəlilov tərəfindən çəkilib.

Xəyalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 695

Oxşar yazılar