Azərbaycan və Özbəkistan mədəni əməkdaşlığa dair protokol imzaladı
28 oktyabr 2010 11:43 (UTC +04:00)

Azərbaycan və Özbəkistan mədəni əməkdaşlığa dair protokol imzaladı

Lent.az-ın məlumatına görə, konfransda Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin müdiri Cahangir Məmmədov, “Özbəkkino” Milli Agentliyinin baş direktorunun müavini, Özbəkistanın əməkdar mədəniyyət xadimi Cahangir Kasımov, Özbəkistanın xalq artisti, aktyor Ulmas Əlixodjayev, Özbəkistanın əməkdar incəsənət xadimi, kinorejissor Kamara Kamalova, rejissor və aktyor Mansur Abduxalikov iştirak edib.

Özbəkistan kinosu günlərinin uğurla keçdiyini bildirən Cahangir Məmmədov bunu iki ölkə arasında əməkdaşlığın ilkin mərhələsi kimi qiymətləndirib. Qeyd edib ki, kino günləri çərçivəsində Özbəkistan nümayəndə heyətinin Mədəniyyət və İncəsənət Universitetində, “Azərbaycanfilm” kinostudiyasında, Film Fondda görüşləri olub. İçəri şəhər, Şirvanşahlar sarayı, Müasir İncəsənət Muzeyinə baş çəkiblər, dahi özbək şairi Əlişir Nəvainin Bakıdakı abidəsini ziyarət ediblər. Bundan başqa qonaqlar İsmayıllının Lahıc kəndinə də gediblər.

“Özbəkkino” Milli Agentliyinin baş direktorunun müavini Cahangir Kasımov səfərdən məmnun qaldıqlarını dilə gətirib. Vurğulayıb ki, ilkin razılaşmaya görə, Özbəkistanda yaşayan məşhur azərbaycanlı şair Maqsud Şeyxzadə haqqında gələn il sənədli filmin istehsalına qərar verilib.

Konfransda iştirak edən digər qonaqlar da səfər barədə xoş təəssüratlarını bölüşüblər.

Görüşün sonunda Azərbaycan və Özbəkistan arasında mədəni əlaqələrin genişlənməsinə, hər iki ölkədə filmlərin nümayişinə, müxtəlif janrda ekran əsərlərinin müştərək istehsalına və digər məsələlərə dair protokol imzalanıb.

Xatırladaq ki, oktyabrın 25-dən 28-ə qədər keçirilən Özbəkistan kino günləri çərçivəsində “Ötən günlər”, “18-ci kvadrat” bədii, “Şərq dürdanəsi”, “Registan. Səmərqənd gövhəri” sənədli filmləri nümayiş olunub, “Özbəkistan çizgi filmləri günü” keçirilib.

Xəyalə Muradlı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 741

Oxşar yazılar