Gözəllər gözəli “ögey ana”nın film kimi həyatı - HEKAYƏT
25 oktyabr 2010 16:54 (UTC +04:00)

Gözəllər gözəli “ögey ana”nın film kimi həyatı - HEKAYƏT

...Ölüm mələyi başının üstünü almışdı. Bir azdan onu ağuşuna alıb çox uzaqlara – göylərin ənginliklərinə aparacaqdı. Neçə il idi ki, onu rahat buraxmırdı. Arxasınca düşüb qarabaqara izləyirdi. Bu ölüm mələyi şəkərə dönüb onun qanına girmişdi, damarlarında dolaşırdı. Artıq neçə il idi ki, onlar ayrılmaz dosta çevrilmişdilər. Və elə bu ölüm mələyi də bir gün şəkər şərbətilə dolu badəni ona içirdəcək və bu gözəllər gözəlini özünə əbədi əsir edəcəkdi.

...Ölüm yatağında idi. Bir azdan o gözəl gözlərini əbədi qapadacaqdı. Bir azdan çox sevdiyi evilə, heç vaxt uzaqlaşmadığı səhnəylə, kinoyla həmişəlik vidalaşacaqdı. Bir azdan hamıdan çox istədiyi, həyatını qurban verdiyi oğlu Saqibdən ayrılacaqdı. Elə bil bütün bunları əvvəldən bilirdi, ürəyinə nəsə dammışdı. Ona görə də bircə nəvəsi Xoşsimanı yanına çağırıb ona, onsuz da əzbər bildiyi həyat tarixçəsini danışmağa başlayır. Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, böyük aktrisa, gözəlliyilə hamını heyran qoyan, bu gün 89 yaşı tamam olan xalq artisti Nəcibə Məlikovanın həyat hekayətini...

Həkim olmaq istəsə də...

Nəcibə Məlikova 1921-ci il oktyabrın 25-də Buzovnada dünyaya göz açıb. Evin son beşiyi olub. Atası Haşım bəy Saqib həm şair idi, həm də Bakının ən məşhur tacirlərindən biri olub. Bakı şairlərinin əsərlərindən ibarət almanaxlarda onun da şeirləri dəfələrlə çap olunub, kitabları işıq üzü görüb. Anası Xoşsima isə komsomolçu fəallardan idi. Lakin qardaşı - böyük ictimai xadim, 1938-ci ilin yayında repressiya olunmuş Ruhulla Axundov (Sidqi Ruhulla) tutulandan sonra onun da ictimai həyatına son qoyuldu. Məlikovlar ailəsini isə “xalq düşməninin ailəsi” adlandırdılar. Bundan sonra bütün qapılar onların üzünə bağlandı.

Ümumiyyətlə, asan, hamar həyatı olmayıb Nəcibə Məlikovanın. Hələ məktəbdə oxuduğu illərdə müxtəlif çətinliklərlə qarşılaşırdı. Digər tərəfdən isə Nəcibə çox gözəl qız idi. O qədər gözəl idi ki, paxıllığını çəkənlərin sayı durmadan artırdı. Sinif yoldaşlarının arasında da ona tez-tez sataşan bir qız vardı. O, Nəcibəni gah “xalq düşməninin bacısı qızı” adlandırırdı, gah da “belə cavandı, amma indidən yanaqlarını qızardır”, - deyə qeybət edirdi. Nəcibə isə ona əhəmiyyət verməz, bunların hamısına dözər, heç bir söz deməzdi. Nəhayət, bir gün səbr kasası dolur. O zamanlar çox dəbdə olan və həmin qızın başına qoyduğu ağ beretkanı dartıb çıxarır, üzünü silib deyir: “Bir də belə söz danışma”.

Hələ uşaqlıqdan bircə arzusu vardı Nəcibənin. Məktəbi qurtarıb Tibb İnstitutuna daxil olacaq və həkim olacaqdı. Ancaq arzusu ürəyində qalır. Xalq düşməninin bacısı qızını kim idi Tibb İnstitutuna qəbul edən?! Ancaq atası Haşim bəy Saqibin ziyalı olması, sənəti sevməsi və yaxşı bilməsi övladlarına həyatda uğurlu yol seçməyə kömək edir. Böyük bacısı Nuriyyə Məlikova nəinki Azərbaycanın, bütün Şərq elinin ilk rəqqasəsi kimi tanınır. O, dahi Üzeyir Hacıbəyovun ansamblında çalışır və müxtəlif xarici ölkələrdə Azərbaycanı layiqincə təmsil edir. Nəcibə Məlikova isə məcburiyyətdən həyatını aktyorluqla bağlamaq qərarına gəlir. 10-cu sinfi qurtarandan sonra sənədlərini könlü olmadan Teatr İnstitutuna verir və Fatma Qədrinin sinfinə qəbul olur. Lakin burada oxuduğu müddətdə sənətə elə bağlanır ki, onu səhnədən yalnız ölüm ayıra bilərdi.

İlk və son nakam məhəbbət...

İnstitutda oxuduğu sonuncu kurslarda artıq teatr tamaşalarında iştirak etməyə başlayır. 1943-cü ildə institutu bitirəndən sonra təyinatla Gəncə Dram Teatrına göndərilir. Orada çalışdığı müddət Nəcibə Məlikovanın həyatının ən unudulmaz, ən xoş və ən kədərli anları ilə yadda qalır. Gəncənin tanınmış adamlarından olan Nəsrəddin Nəcibəni tamaşaların birində görür və heyran qalır. Hər tamaşadan sonra bu gözəl xanıma rəngbərəng ətirli güllər, meyvələr göndərilir. Beləliklə, bu gizli aşiq Nəcibə xanımın ürəyini almağa çalışır və bacarır da. Xeyli çək-çevirdən sonra Nəcibə Məlikova Nəsrəddinlə ailə qurmağa razılıq verir. Baxmayaraq ki, Nəsrəddin artıq bir dəfə evlənmişdi və Fuad (AFFA-nın sabiq baş katibi Fuad Əsədov – X.M) adlı oğlu vardı. Nəcibə xanımın isə bu evlilikdən Saqib adlı bir oğlu dünyaya gəlir. O, hər iki uşağa eyni ana qayğısıyla yanaşır, onları bir-birindən ayırmamağa çalışır. Ancaq buna baxmayaraq, qaynanası tərəfindən qətiyyən sevilmir və qəbul edilmir. Qaynanası həmişə onun nəvəsinə qarşı ögey münasibət göstərdiyini zənn edir. Bu problemlə yanaşı çox sevdiyi həyat yoldaşı Nəsrəddin də onun teatrda işləməsini istəmirdi. “Səhnədən ayrılmalısan” kimi bu və başqa sərt tələblər irəli sürürdü. Nəcibə isə bu istəklərlə, tələblərlə razılaşa bilmir. Çünki sənət onun üçün hər şey demək idi. Səhnəsiz yaşaya bilmirdi. Nəhayət, bütün tərəddüdlərdən sonra bu 5 illik ailənin həyatına son qoyulur. Nəcibə Məlikova həyat yoldaşından ayrılır, Bakıya qayıdır. Çox keçmir ki, Nəsrəddin üçüncü dəfə ailə qurur. Bu nikahdan isə Zemfira və Elmira adlı iki qızı dünyaya gəlir. Ancaq özünün də həyatı çox qısa olur. 30-31 yaşında dünyasını dəyişir. Nəcibə Məlikova isə ikinci dəfə ailə həyatı qurmur. Bu nakam sevgisini qəlbində gəzdirir. Ömrünün sonuna qədər ilk və son məhəbbətinə sadiq qalır. Yad kişinin oğluna atalıq etməsini istəmir. Deyir ki, “ağlıma da gətirə bilmirəm kimsə oğluma desin ki, burda oturma, orda otur”. Beləcə, Nəcibə Məlikova öz həyatını hamıdan çox sevdiyi yeganə oğluna və sənətə həsr edir. Ancaq oğlunun qardaş, bacıları ilə də əlaqəni kəsmir. Onlara çox gözəl münasibət bəsləyir, əlindən gələn köməyi əsirgəmir. Hətta Zemfira və Elmiranın Bakıda təhsil almalarına, gəlin köçmələrinə, cehizlərinin alınmasına da yardım edib. Nəcibə Məlikovanın yeganə nəvəsi Xoşsima xanım deyir ki, atasının qardaş-bacıları, onların övladları, nəvələri ilə hazırda da yaxşı münasibətləri var.

Qrim otağına girib görürdü ki...

Nəcibə Məlikova Bakıya qayıdandan sonra Milli dram Teatrında çalışmağa başlayır. Müxtəlif illərdə “Nişanlı qız”, “Şöhrət və ya unudulan adam”, “Vaqif”, “Qəribə oğlan”, “Ümid”, “Müsyo Jordan və dərviş Məstəli şah”, “Əks səda”, “Cehizsiz qız”, “Qılınc və qələm”, “Büllur sarayda” və digər tamaşalarda özünəməxsus, unudulmaz obrazlar yaradır. Səhnə həyatında da çox çətinliklərdən keçməli olur. Enişli-yoxuşlu olur sənət yolu. Şahanə gözəlliyə malik olduğundan sənət yoldaşları arasında paxıllığını çəkənlər, ona pislik etmək istəyənlər də tapılırdı. Hətta bəzən tamaşaya az qalmış qrim otağına girib görürdü ki, kimsə paltarını kəsib, ayaqqabısının dabanını qırıb... Amma yenilmir, əyilmirdi. Əksinə, gördüyü bu haqsızlıqlar, çətinliklər onu daha da mətinləşdirir, əyilməz qürurlu edirdi. Buna onu həyatın özü məcbur edirdi. Heç kimə baş əymir, heç kimin qarşısında əyilmirdi. Məclisə başı dik, qürurlu daxil olan Nəcibə Məlikovanı görəndə hamı ayağa qalxırdı. Sözü düz üzə deyirdi. Buna görə çoxları hətta ondan inciyərdi də, amma o, sözünün ağası idi, dediyini danmırdı. Siması o qədər gözəl idi ki, təbii qırmızı olan yanaqlarına heç vaxt boya çəkməzdi. Çoxları bunu biləndə təəccübdən donardı. Nəvəsi Xoşsima maraqlı bir hadisəni danışdı. Bir gün Nəcibə xanım dərman almaq üçün aptekə girir. Bu zaman satıcılar bir-birlərinin arasında danışmağa başlayırlar ki, gör üzünə nə qədər boya çəkib. Bunu eşidən aktrisa heç nə demir, dərmanlarını alır, sonra bir dənə də tənzif istəyir. Satıcı verir, Nəcibə xanım tənzifdən bir az qoparır, üzünü silir, atır onların üstünə və heç nə demədən aptekdən çıxır. Kosmetikaya ehtiyacı olmasa da, özünə qulluq edirdi. Gözəl zövqü vardı. Açıq rəngləri, göyü, çəhrayını çox sevirdi. Ağ isə ona daha çox yaraşırdı. Natiqlik bacarığına heç kimin sözü ola bilməzdi. Azərbaycan və rus dilinə mükəmməl yiyələnmişdi. Nizamini, Füzulini gözəl bilirdi. Rolunu bircə dəfə oxumaq kifayət edərdi k, onu əzbər bilsin. Hər şeydə tələbkar, ciddi idi. Çağırılan yerə gecikməyi sevmirdi. Toya gedəndə də ailə üzvlərini tələsdirirdi. Toya hamıdan qabaq gedib əyləşirdi. Bir gün də həmişəki kimi hamıdan tez gedib otururlar toyda. Qonaqlar bir-bir gəldikcə onlardan heç birini tanımırlar. Bəy-gəlin gələndən sonra isə məlum olur ki, demə, toyun vaxtını da, yerini də səhv salıblar...

“Belə də gözəl olarmı?”

Dayısı Ruhulla Axundov bəraət qazanandan sonra Nəcibə Məlikovanın səhnə həyatında da yaşıl işıq yanır. 1958-ci ildə “Ögey ana” filminə çəkilir. Daha doğrusu, bu filmdə öz obrazını, öz həyatını canlandırır. Filmin ssenarisi, müəyyən detallar dəyişdirilərək məxsusi olaraq Nəcibə Məlikovanın həyatı üzərində qurulmuşdu. Rejissor Həbib İsmayılov isə bu ssenari əsasında “Ögey ana” filmini çəkir. Film ekran çıxandan sonra Nəcibə Məlikova daha da uğur qazanır, hər yerdə tanınmağa, sevilməyə başlayır. Özünü də ən sevdiyi rol Dilarə olur. Çünki bu rol onun özüydü, həyatıydı, arzularıydı...

“Ögey ana”dan sonra “Aygün” filmində baş rola çəkilir. Aygün obrazı da aktrisanın sevimli, özünə yaxın bildiyi qəhrəmanları sırasında durur.

1963-cü ildə Adil İsgəndərovun Sabit Rəhmanın ssenarisi əsasında quruluş verdiyi “Əhməd haradadır” filmində Nərgiz xala rolunu yaradır. Filmin çəkilişləri zamanı Nəcibə Məlikovaya maşın sürməyi öyrədirlər. Maşına oturanda qorxudan nəyisə qarışıq salır. Qaza basanda maşın qabağa-arxaya getməyə başlayır. Bu zaman bir nəfər kabinəyə tullanıb maşını saxlayır. Buna görə Nəcibə xanım çox hirslənir, “niyə gəldiniz, özüm hamısını edəcəydim”, - deyir və gedir. Xoşsima çəkilişlərlə bağlı nənəsinin danışdığı bir xatirəni də yada salır: “Çəkilişlərin birində Adil İsgəndərov çox hirsli olur. Nənəm nə deyirsə, ona əsəbi cavab verir. Axırda Adil müəllimdən soruşur, nə olub, nəsə səhv etmişəm? Adil İsgəndərov da hirslənir ki, “sən çəkilişə gəlmisən, yoxsa toya? Bu qədər boya çəkmisən üzünə”. Nənəm də etiraz edir ki, “axı, mən heç nə çəkməmişəm. İstəyirsiz yoxlayın”. Ancaq rejissor inanmır, yalan danışdığını düşünür. Axırda nənəm dəsmalla üzünü silib göstərir. Adil müəllim də şoka düşür ki, belə də gözəl olarmı?”

1965-ci ildə Nəcibə Məlikova “Arşın mal alan”da Cahan xala obrazını yaradır. Onun Milli Dram Teatrının səhnəsində oynadığı son tamaşa isə “Tənha iydə ağacı” olur. O zaman Nəcibə xanım artıq xəstə idi, özünü pis hiss edirdi. Şəkər xəstəliyinə görə isə gözləri də zəifləmişdi. Ona görə də səhnəyə çıxanda bir az ehtiyat edirdi ki, nəsə olar: “Tamaşada belə bir yer vardı ki, pilləkənlərdən tez-tez aşağı düşməli idi. Nənəm çox həyəcan keçirirdi, deyirdi “qorxuram, birdən gözüm görməz, yıxılaram yerə. Buna heç vaxt dözmərəm, utandığımdan yerdən qalxmaram”. Amma həmişəki kimi gözəl çıxış etdi, tamaşa uğurlu alındı. Bu, nənəmin son tamaşası idi. O vaxtdan səhhəti pisləşməyə başladı.

Ömrünün son vaxtlarında isə tamamilə özünə qapandı. Heç kimi yaxına buraxmırdı. Saatlarla otağında tək qalırdı. Son həftə isə böyrəklərində də problem yarandı deyə artıq onu xəstəxanaya yatırdıq. Artıq vəziyyəti yaxşı deyildi. Yemək də istəmirdi. Amma qəflətən könlünə balıq düşdü, özü də mənim bişirməyimi tapşırdı, bir-iki də əlavə şey gətirməyimi istədi. Mən onları gətirənə kimi artıq nənəm dünyasını dəyişmişdi. 1992-ci il iyunun 27-də. Ən qəribəsi də odur ki, ondan bir gün əvvəl nənəm məni yanına çağırıb bütün həyatını danışmışdı...”

...Artıq istədiyinə nail olmuşdu ölüm mələyi. Çoxdandır ki, gözəlliyinin əsiri olduğu dilbər xanımı ağuşuna almışdı. Və indi onu gəldiyi yerə, göylərin ənginliklərinə aparırdı...

Xəyalə Muradlı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4899

Oxşar yazılar