Elxan Əhədzadə son mənzilə yola salındı
08 oktyabr 2010 16:48 (UTC +04:00)

Elxan Əhədzadə son mənzilə yola salındı

Lent.az-ın məlumatına görə, mərhumun Xaqani 35 ünvanındakı evində baş tutan mərasimə Musiqili Komediya, Akademik Milli dram, Mahnı teatrlarının aktyorları gəliblər.
Mərhumun uzun illər çalışdığı Musiqili Komediya Teatrının truppa müdiri Novruz Qartal sənət yoldaşı ilə “İddialı qaraçı” tamaşasında oynayıb. Ancaq son vaxtlar səhhətilə əlaqədar bu tamaşada oynaya bilməyib: “Mənə zəng edib dedilər ki, tamaşada oynamayacaq, çünki vəziyyəti yaxşı deyil. Mən də ona zəng vurub əhvalını soruşdum. Dedi “az qalırdım gedəm, amma indi yaxşıyam”... Əvvəl bilmirdik ki, onun mədəsində yara var. Çünki çox sağlam görünürdü, hansısa xəstəlikdən əziyyət çəkdiyi xarici görünüşündən hiss olunmurdu. Həm də idmanla məşğul olurdu. Bircə gözlərindən əməliyyat keçirmişdi”.


Xalq artisti Yaşar Nuri üçün də bu xəbər gözlənilməz olub, baxmayaraq ki, xəstə olduğundan xəbərdar olub: “Eşidəndə zəng vurdum həyat yoldaşı ilə danışdım. Tanış həkimlə əlaqə saxlayıb yanına apardıq. Məlum oldu ki, Hepatit C-dən də əziyyət çəkir. Elxanı sonuncu dəfə “Məşədi İbad” tamaşasının məşqinə gedəndə Milli Parkda gördüm. Özünü yaxşı hiss edirdi, amma xəstəlik gələndə batmanla gəlir. O, gözəl sənətkar idi. Xüsusən də vətənpərvər mahnıların ifaçısı kimi daha çox sevilirdi. Təəssüf ki, dəfni bu cür keçirildi. Yaxşı olardı ki, cənazəsi uzun illər boyu çalışdığı, əziyyət çəkdiyi teatr səhnəsindən götürülsün”.


Xalq artisti İlham Namiq Kamal isə mərhumu teatr mövsümünün açılışı ilə əlaqədar keçirilən iclasda görüb: “Onda əhval-ruhiyyəsi çox yaxşı idi. Mən onu neçə illərdir tanıyıram. O hərtərəfli inkişaf etmiş bir sənətkar idi. Əksər dövlət tədbirlərinə Elxan Əhədzadənin gözəl səsi ilə yekun vurulurdu. Çox səmimi və tərbiyəli insan idi. Bu cür insanların Azərbaycan incəsənətindən uzaqlaşması yoxsulluq və kasıblıq yaradacaq. Belə sənətkarlara dəyər verilməməsi artıq birinci dəfə deyil, xeyli vaxtdır davam edir. Bunu yaxşı hal kimi qiymətləndirmirəm”.


Teymur Əmrahın sözlərinə görə, Elxan Əhədzadə böyük bir sənətkar olub. Onun ən böyük xoşbəxtliyi o idi ki, dahi Rəşid Behbudovun tələbəsi olub, Müslüm Maqomayev məktəbindən bəhrələnib.

Elxan Əhədzadənin qaynanası Şahnaz Məmmədova mərhumun dəfn mərasiminin teatrda keçirilməməsindən şikayətlənib.


Xalq artisti alqışlarla son mənzilə yola salınıb və Xırdalan qəbiristanlığında valideynlərinin yanında dəfn olunub.


Qeyd edək ki, Elxan Əhədzadənin ilk evliliyindən bir oğlu, ikinci evliliyindən 4 yaşında bir oğlu var.


Xəyalə Muradlı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2122

Oxşar yazılar