Bəstəkarlar İttifaqının iclası keçirilib
07 oktyabr 2010 16:37 (UTC +04:00)

Bəstəkarlar İttifaqının iclası keçirilib

Lent.az-ın məlumatına görə, ittifaqın sədri xalq artisti, professor Firəngiz Əlizadə Azərbaycan Bəstəkarlar İttifaqının bu ilin sentyabr-dekabr ayları üçün tərtib edilən iş planı barədə iclas iştirakçılarına məlumat verib. 2010-cu ilin ilk yarısının Bəstəkarlar İttifaqı üçün məhsuldar keçdiyini söyləyən sədrin sözlərinə görə, ilin ikinci yarısında da bir sıra böyük tədbirlərin keçirilməsi nəzərdə tutulub. Belə ki, ilin son rübündə tanınmış bəstəkarlar xalq artisti Sevda İbrahimovanın 70, əməkdar incəsənət xadimi Ruhəngiz Qasımovanın 70, Telman Hacıyevin 80 illiyinə həsr olunmuş gecə keçiriləcək. Oktyabr ayında “Müasirlərlə dialoq” layihəsi çərçivəsində tarixçi alim, akademik Yaqub Mahmudovla görüş nəzərdə tutulub. Noyabrın 5-də Tofiq Quliyevin xatirəsinə həsr olunmuş sənədli filmin nümayişi və xalq artisti Azər Rzayevin 80, noyabrın 8-də isə xalq artisti Əfsər Cavanşirovun 80 illiyinə həsr olunmuş xatirə gecələri olacaq. Noyabrın 10-dan 25-dək isə “Ötən illərin mahnıları” - Azərbaycan peşəkar bəstəkarlarının mahnılarından ibarət II retro-musiqi festivalının II mərhələsi baş tutacaq. Noyabr ayında həmçinin Azərbaycan Bəstəkarlar İttifaqının Lənkəran şəhərində Səyyar Plenumunun keçirilməsi də planlaşdırılır.


Bununla yanaşı, noyabr ayında dahi bəstəkar Müslüm Maqomayevin 125 illiyinə həsr olunmuş elmi konfrans, noyabrın 18-19-da Üzeyir Hacıbəylinin 125 illiyinə həsr olunmuş “Ü.Hacıbəyli: Şərqin muğam-məqam sistemləri (müqayisəli təhlildə)” mövzusunda Beynəlxalq Konfransın təşkili nəzərdə tutulur. F.Əlizadə qeyd edib ki, beynəlxalq festivala artıq Mədəniyyət və Turizm Nazirliyi də dəstək verir və bu konfransa xaricdən bir sıra tanınmış musiqişünaslar dəvət olunacaq.


Dekabr ayında isə “Ötən illərin mahnıları”- Azərbaycan peşəkar bəstəkarlarının mahnılarından ibarət II retro-musiqi festivalının III mərhələsi və Qala-konsert (1-10 dekabr), Tofiq Bakıxanovun 80 illiyinə həsr olunmuş yubiley tədbirləri ( 23-28 dekabr), Aida Tağızadənin, Ramiz Zöhrabovun kitabının təqdimatı, İmruz Əfəndiyevanın 75 illiyinə həsr olunmuş yaradıcılıq gecəsi, görkəmli bəstəkar və müğənni SSRİ xalq artisti, Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş konsert, “Müasirlərlə dialoq” layihəsi üzrə görkəmli baletmeysterlər xalq artistləri Rəfiqə Axundova və Maqsud Məmmədovla görüş olacaq.


Xəyalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 772

Oxşar yazılar