POLEMİKA: Bir daha “On il” felyetonu barədə
15 sentyabr 2010 12:51 (UTC +04:00)

POLEMİKA: Bir daha “On il” felyetonu barədə

Eləcə də Azərbaycan mətbuatının yaranması və inkişaf etdirilməsində az və ya çox dərəcədə xidməti olan sənətkarların da haqqını, zəhmətini kölgədə qoymaq ən azından insafsızlıqdır.

Əvvəlinci yazıda Üzeyirşünas Səadət Qarabağlının iddiasına qarşı çıxaraq “On il” felyetonu Məmmədəli Nasirindir, deyib, bu fikrin göydəndüşmə olmadığını, köklü, əsaslı faktlara söykəndiyini ortaya qoyduq. Lakin hörmətli Səadət xanım bununla razılaşmayıb, əlavə dəlillər gətirməyə səy göstərdi. Bu səbəbdən də S.Qarabağlının fikirlərini aşağıda sıralayaraq hər birinə ayrılıqda münasibət bildirməyi vacib saydıq.

1. “Felyetonda adı çəkilən Azərbaycanın ilk aktrisalarından Göyərçin xanım (Gövhərxanım Əliyeva, aktrisa – Ş.N) Ü.Hacıbəylinin əsərlərinin qadın qəhrəmanlarından Leyli, Əsli, Gülnaz rollarını oynamışdır. Ona görə də Göyərçin xanımın taleyinə Üzeyir bəy biganə qala bilməmiş, aktrisaya olan təzyiqlər, təhlükələr böyük sənətkarı hər zaman narahat etmişdir. Heç təsadüfi deyildir ki, Göyərçin xanımın başına gələn əhvalatları Üzeyir bəy Hacıbəyli özünün “On il” felyetonuna da gətirmişdir.”

Felyetonda Göyərçin xanımla bağlı olan abzasa diqqət edək:

“Əgər xatirinizdə qalmışdırsa, on il bundan qabaq bir Göyərçin xanım var idi. Rəvayətə görə bu xanım türk idi. Ancaq özü türk ola-ola nə Fatimeyi-Zəhradan utanmayıb, düşərdi şəhərbəşəhər bığıburma kişilər ilə bu teatroların canına. Nədir-nədir, mən oyun çıxaracam. Hətta bu xanım bir dəfə də İrəvana gəlib çıxmışdı. Burada onun türk xanımı olduğunu bilən qeyrətli cavanlarımız cuşə gəlib, onu səhnədə oynadığı zaman öldürmək istəmişdir. Ancaq arzularına çata bilməmişdilər. O zaman eşitdiyimizə görə Bakı qoçuları da bu fikirdə imiş”.

Felyetonda “Göyərçin xanımın başına gələn əhvalatlar” bunlardı. Yuxarıdakı parçada qaraladığımız cümlə onu deməyə əsas verir ki, həmin dövrdə İrəvanda yaşayan M.Nasirdi və şəhərin ictimai-siyasi həyatında iştirak edən 18 yaşlı cavan qələm sahibi gözü ilə gördüyü, şahidi olduğu hadisəni yada salaraq, qələmə aldığı mövzu ilə səsləşdiyindən felyetona daxil edib. “O zaman eşitdiyimizə görə Bakı qoçuları da bu fikirdə imiş.” Yəni dindarların, “arvad-uşaq qeyrəti çəkən” qoçuların Göyərçin xanımı qətlə yetirmək istəmələri xəbəri bütün Qafqaza, o cümlədən İrəvana da gəlib çatmışdı. Bir sözlə, Göyərçin xanımla bağlı əhvalat 1917-ci ildə İrəvanda baş vermiş, 1927-ci ildə Bakıda, “Kommunist” qəzetində çalışan Məmmədəli Nasirin qələmə aldığı felyetonda yerinə düşmüşdü.

2. Tədqiqatçı xanım M.F.Axundov adına Milli Kitabxananın məsul əməkdaşı Səidə xanım Abdullayevanın “yazının Üzeyir bəyə məxsus olduğunu o da təsdiqlədi”, fikrinə söykəndiyini qeyd edir. Burdaca qeyd edək ki, ərəb qrafikasına bələd olmadığımız vaxtlarda Səidə xanımın köməyindən biz də bəhrələnmişik. O zaman mətbuat səhifələrində bəzi gizli imzalarla dərc olunmuş yazıları araşdıranda, görəsən, bu M.Nasirin yazısıdırmı, deyə tərəddüd etdiyimiz vaxtlarda Səidə xanım deyirdi ki, bunu hər kəsdən yaxşı siz bilərsiniz. İndi çətin ki, S.Allahverdiyeva “On il” felyetonunun Üzeyir bəyə məxsus olması hökmünün məsuliyyətini dərk etməmiş olsun. Və bundan sonra israrla “burada Üzeyir bəy üslubu, Üzeyir bəy baməzəliyi, Üzeyir bəy istehzası, Üzeyir bəy satirası aydın surətdə özünü göstərir”, deyirsiniz. Hörmətli tədqiqatçı, bu jurnalda çıxış edən müəlliflər “Molla Nəsrəddin” ədəbi məktəbinə məxsus olan qələm sahibləri kimi onun təbinə, məcazına, dilinə uyğun yazıblar. Elə uzun illər tədqiqatçıların araşdırmalarında çətinlik yaradan və səhvə, yanlışlığa gətirib çıxaran səbəblərdən başlıcası eyni gizli imzadan bir neçə nəfərin istifadə etməsi və qeyri səbəblərlə yanaşı həm də qeyd etdiyimiz kimi bu bənzərliyin, oxşar yazı manerasının, üslubun olmasıdır. Lakin bu heç birimizə əsas vermir ki, dəst-xəttinə “bələd olduğumuz” gizli imza ilə yazılmış əsərləri istədiyimiz müəllifə aid edək.

M.Nasir ötən əsrin yetmişinci illərində bir sıra dövri mətbuatla, ən çox da “Molla Nəsrəddin”lə əməkdaşlığından, qələmə aldığı yazılarının məzmunundan, onların yaratdığı əks-sədadan bizimlə xeyli söhbətlər edirdi. Çox sonralar, doxsanıncı illərdən başlayaraq apardığımız araşdırmalarda həmin yazılarla rastlaşarkən onun sağlığında adını çəkib-çəkmədiyi gizli imzalarını da bu nöqteyi-nəzərdən aşkara çıxartmışdıq. Onun müşahidəsi, baş verən hadisələrə şahidliyi düşüncələrimizə sarılaraq bizi doğru yola istiqamətləndirib. Bu çətin və məsuliyyətli işdə ən etibarlı bələdçimiz də M.Nasirin özü olub. Bundan sonra da əsas və vacib element kimi müəllifin yaradıcılığını dövri mətbuatda xronoloji ardıcıllıqla izləməklə yaşadığı məkanı, yazıların yaranma şəraiti və tarixini araşdırmışıq. Bu yazıların içərisindən M.Nasirin özü görünüb.

3. S.Qarabağlı yazısında göstərir ki, Qulam Məmmədlinin 1984-cü ildə “Yazıçı” nəşriyyatında çap etdirdiyi “Üzeyir Hacıbəyov. 1885-1948 həyat və yaradıcılığının salnaməsi” kitabına müraciət etdim. Salnamənin 1927-ci ilə aid olan səhifəsində göstərmişdir: “7 noyabr “Molla Nəsrəddin” N45. Bir nəfər - “On il”(səh 339)…

Əgər biz tədqiqatlarımızda özümüzdən əvvəlki araşdırmaları qeyd-şərtsiz qəbul etsək, yəni yeni və fərqli bir aspektdən araşdırmalarımıza rəvac verməsək, bəs bizim vəzifəmiz nədən ibarət olur?

Vaxtilə dövri mətbuatın, eləcə də gizli imzaların araşdırılmasının ilk qaranquşlarından olan Novruz Ağayev, Nazim Axundov, Qulam Məmmədli də öz tədqiqatlarında bəzən yanlışlığa yol veriblər. Və sonralar özləri də yeni axtarışlarında səhvlərini görüncə bunları etiraf ediblər. Təbii ki, yeni faktlar ortaya çıxınca yanlışlıqlar da aradan qaldırılır. Biz də öz növbəmizdə bu işlərin ilk təşəbbüskarları olan yuxarıda adlarını çəkdiyimiz müqtədir tədqiqatçılarımızın araşdırmalarına hər zaman qədirdanlıqla yanaşmışıq. Bəzi səhvləri, yanlışlıqları görsək də elə ilkin istiqaməti onlardan almışıq. Bu tədqiqatlar bir çox araşdırmalarımızda bizə yol göstərib. Nəticədə rastlaşdığımız səhvlərin özü həqiqətin üzə çıxarılmasında yardımçımız olub.

4. Tədqiqatçı xanım qeyd edir ki, Üzeyir bəy Hacıbəylinin “Molla Nəsrəddin”də daha bir felyetonu” (“Ədəbiyyat ” qəzeti 18 iyun 2010) və “Üzeyir Hacıbəylinin “Molla Nəsrəddin”də çap olunmuş felyetonu” (“Xalq” qəzeti 30 iyul 2010) sərlövhələri altında “On il” felyetonunu kiçik təqdimatla dərc etdirdim.

Biz də öz tərəfimizdən 2003-cü ilin sonlarından başlayaraq “Molla Nəsrəddin” jurnalının bütünlükdə saylarını araşdırarkən M.Nasirin yazılarını elmi-nəzəri cəhətdən tədqiq etmiş, haqqında bəhs açılan “On il” felyetonunun da dissertasiyamızda başqa əsərləri ilə birlikdə geniş şərhini vermişik.

5. S.Qarabağlı israr edir ki, “Bir nəfər” Üzeyir bəyin mətbu əsərlərində istifadə etdiyi 67 imzadan biridir. Əcəb. Məgər, biz bunu inkar etmişik? Axı, söhbət ondan gedir ki, bu imza ilə şəxsiyyətləri bəlli olan və olmayan “Bir nəfər”in sahibləri kifayət qədərdi. Elə özünün “İmzalar” kitabında gizli imzaları araşdırmağın çətinliyindən bəhs edən Q.Məmmədli də yazırdı ki, “Hərdəmxəyal” əsasən M.S.Ordubadinin satirik jurnallarda işlətdiyi gizli imzadır. Lakin M.S.Ordubadinin Culfada yaşadığı illərdə “Molla Nəsrəddin” jurnalında Bakı, Vladiqafqaz, Həştərxan, Aşqabad şəhərlərindən və başqa yerlərdən gələn yazıların altında da biz bəzən “Hərdəmxəyal” imzasına rast gəlirik. Görünür, Əli Nəzminin dediyi kimi, “Hərdəmxəyal” imzasından başqa mollanəsrəddinçilər də istifadə etmişlər.

6. “Ü. Hacıbəyli heç vaxt heç kəsin imzalarını mənimsəməmişdir. Bu 67 təxəllüs yalnız Üzeyir bəyin özünə məxsus olmuşdur.” Tədqiqatçı xanım bunun ardınca milli mətbuatımızın yorulmaz, cəfakeş tədqiqatçısı, bir neçə jurnalist nəslinin müəllimi olan professor Şirməmməd Hüseynovun Üzeyir bəyin bir sıra qəzetlərdə (“Açıq söz”, “Doğru söz”, “Sovqat”) “Bir nəfər” imzası ilə dərc etdirdiyi yazılarını “Üzeyir Hacıbəyli. Nəşrlərdə kənara qoyulmuş ixtisar və “redaktə” edilmiş əsərləri” kitabının 2-ci hissəsinə daxil etdiyini yazır. Şirməmməd müəllimin bu xeyirxah, nəcib işindən, zəhmətindən bütün Azərbaycan ədəbi mühiti xəbərdardı, o cümlədən də biz. Bunun “On il” felyetonu ilə nə əlaqəsi? Məgər, bütün “Bir nəfər”ləri Ü.Hacıbəylinin adı ilə bağlamaq düzgündürmü? Görəsən, S.Qarabağlı 1927-ci ildə və nəşrin sonunadək “Bir nəfər”lə yazılmış başqa yazıları, xəbərləri, məktubları kimə aid edir? Onda gərək biz də 1920-ci ilin ilk onilliyində İrəvandan “Bir nəfər”lə yazan müxbirlərin də haqqını danıb deyəydik ki, bu yazıların müəllifi 3, 5, 6, 8, 9 yaşlı Məmmədəli Nasirdi, eləmi? Halbuki M.Nasirdən əvvəl İrəvanda Cabbar Məmmədov, Mirzə Qəmərlinski, Əhməd bəy Məlikov, Mirzə Ələkbər Səfərbəyov, Mirabbas Mirbağırzadə, Əli Səid Hacı Məhəmmədzadə, Cabbar Əsgərzadə, Əli Məhzun Rəhimov və onlarla başqaları vardı. Şübhəsiz, bu yazıları da İrəvandan Bakı mətbuatına göndərən də şəhərin yuxarıda adlarını çəkdiyimiz maarifpərvər ziyalıları idi. Yoxsa, qəzetlərin naşir və müdirləri Üzeyir bəydən başqa “Bir nəfər”lə mətbuatda çıxış etməyi qeyri müəlliflərə qadağan etmişdi? Üzeyir Hacıbəyov heç kəsin imzalarını mənimsəməmişdir, yaxud başqasının haqqını mənimsəməyə ehtiyacı yoxdur, cırnaması kimi ümumi fikirlər nəyə lazımdır?

Hərgah, söhbət ədəbiyyatımızın, mədəniyyətimizin, eləcə də mətbuatımızın hələ araşdırılmamış səhifələrinə aydınlıq gətirməkdən gedirsə, təbii ki, hər birimiz öz tərəfimizdən bu məsələlərdə diqqətli olmalıyıq. Bu gün Azərbaycan ədəbiyyatı və mətbuatına ədəbi-ictimai fəaliyyəti yetərincə məlum olan dahi Üzeyir Hacıbəyovun həyat və yaradıcılığında çətin ki, araşdırılmamış mühüm bir səhifə olsun. Yəqin elə bu səbəbdən də “Molla Nəsrəddin”i tədqiq edən alimlərimizdən Ə.Mirəhmədov, Mir Cəlal, F.Hüseynov, T.Həsənzadə, İ.Ağayev, İ.Həbibbəyli və onlarla tədqiqatçılar jurnalın ətrafında ən səbatlı mollanəsrəddinçilərin-- Ö.F.Nemanzadə, M.Ə.Sabir, Ə.Nəzmi, M.Sidqi, Ə.Qəmgüsar, Ə.Haqverdiyev, M.S.Ordubadi, Ə.Şəmçizadə, C.Əsgərzadə və başqalarının adını çəkiblər. Görünür, Ü. Hacıbəyov burada cıxışlar etməsə də “Molla Nəsrəddin”lə əqidə, amal yoldaşı olub. Bununla belə sözügedən jurnalın qaldırdığı bir sıra problemləri bir çox qəzetlərdə publisistikanın müxtəlif janrlarında qələmə aldığı yazılarında işıqlandırıb.

Xətmi-kəlam, bu məsələdə gətirdiyimiz dəlillərin başlıcası kimi, bir daha qeyd edirik ki, sağlığında Məmmədəli Nasirin öz xatirələrindən eşitdiyimiz faktların inkarı mümkün deyil. Eləcə də bu sahədə apardığımız tədqiqatlar metodoloji əsaslarla, elmi-nəzəri ümumiləşdirmələrlə, ədəbi tənqidin tətbiqi prinsipləri aspektində tədqiq olunduğundan bizə bu istiqamətdə açılmış polemikaya son qoymağımıza əsas verir.

Şəfəq Nasir
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2041

Oxşar yazılar