“Orhan Pamukun dünyagörüşü tam formalaşmayıb” - MÜSAHİBƏ
10 sentyabr 2010 14:51 (UTC +04:00)

“Orhan Pamukun dünyagörüşü tam formalaşmayıb” - MÜSAHİBƏ

Şair-yazar Hicabi Kırlanğıcın Bakıya, ümumən Azərbaycana ilk gəlişi ötən ilin payızına təsadüf etmişdi. O zaman Azərbaycan mətbuatında, bir-iki qəzet istisna olmaqla onunla bağlı elə bir yazıya rast gəlinməmişdi. Ancaq Türkiyədə kifayət qədər tanınan Hicabi bəyin ədəbiyyatla bağlı fikirlərinin «Lent.az» oxucuları üçün də maraqlı olacağından əminik. Ona görə də, qardaş ölkədə yaşayan böyük dostumuzla əlaqə yaratmaq üçün gənc yazar Aysel xanımın yardımından yararlanmalı olduq. Suallarımızı yazılı şəkildə cavablayan Hicabi bəyi öncə tanıyaq.

Dosye:
Hicabi Kırlanğıc 1966-cı ildə Türkiyənin Amasiya bölgəsində doğulub. İlk və orta təhsilini Amasiyada tamamlayandan sonra Ankara Universitetinə daxil olub. Dil və tarix-Coğrafiya Fakültəsində Fars dili və ədəbiyyatı üzrə oxuyub. Hazırda həmin fakültədə müəllimdir. Bir dövr Türkiyə Yazarlar Birliyinin başçısı vəzifəsində işləyib. Aylıq jurnal olan “Ayanə”, “Düş Çinarı”, “Novruzgülü”, “Dərgah”, “Ədəbiyyat Mühiti” və “Heca” kimi jurnallarda şeirlərlə çıxış edib. İki şeir kitabı var: “Heyrət Məqamında” (1993) və “Xülyada Yeriyən Dərviş” (2004). İran poeziyası ilə bağlı bir kitabı və çoxlu sayda məqalələri var. Farscadan xeyli şairlərin, o cümlədən Mövlananın “Məsnəvi” və “Mecalis-i Sebə” əsərlərini türkcəyə tərcümə edib.
Evlidir, üç övlad atasıdır.


- Hicabi bəy, yazar milləti və xalqı üçün yoxsa, bəşəriyyət üçün yazmalıdır? Bəzən elə olur ki, dünyəvi dəyərlər milli dəyərlərə zidd olur. Bu durumda hansı yolu seçərdiniz?

- Öz xalqı üçün yazan yazar sonunda insanlıq üçün yazır. Bir də universallığın yolu yerli olmaqdan keçir. Bu səbəblə yazarın insanlıq adına yazması ilə öz xalqı üçün yazması bir-birindən ayırd edilə bilməz. Əlbəttə, yazar öz xalqı üçün yazarkən ədaləti ön planda tutmalı, haqsızlıqları alqışlamamalıdır. Milli dəyərlər ilə dünyəvi dəyərlər ziddiyyət təşkil edərsə, deməli, burada bir problem var. Dünyəvi dəyərlər nəyə görə universaldır? Milli dəyərlər nəyə görə millidir? Mən öncə bunları sorğulayaram. Yuxarıda da ifadə etdiyim kimi, ədalət hər şeyin əsasıdır. Bütün bunları gözardı edən yazarlar da ola bilər, təbii ki. Yalnız iç dünyasını və ya təsəvvür etdiyi xəyali bir dünyanı təsvir etmək üçün yazan yazarlar da vardır ki, bu da qınanmamalıdır. Elə şairlər və yazarlar tanıyırıq ki, ölkələri işğal altındaykən, gül bağçalarından, xoşbəxtlikdən və coşğudan danışarlar. Bunları tənqid edə bilərik, amma bu yazar və şairlərin cəmiyyətə nə verdikləri barədə də düşünməliyik. Belə ki, məsələn, Mövlana İslam dünyasının kasıblıq və zülm altında inlədiyi bir dövrdə sevgidən, cazibədən və coşğudan bəhs edən qəzəllər söyləmişdir. Bu vəziyyətdə onu necə qiymətləndirməliyik? Əslində, Mövlana bu şeyirləriylə əzilən və kasıblıq çəkən insanların iç dünyalarını sağlam tutmaqda onlara böyük yardım etmişdir. Sualınızın ikinci hissəsinə təkrar dönəcək olsaq, mən universal dəyərlərlə milli dəyərlərin böyük ölçüdə ziddiyyət təşkil etmədiyinə inanıram. Ədaləti əsas götürməyən dəyərlərin isə nə milli, nə də dünyəvi olduğuna inanıram.

- Bu baxımdan, Orhan Pamukun yaradıcılığına münasibətiniz necədir?

- Orhan Pamuk uğurlu bir roman yazıçısıdır. Romanları xaricində də düşüncələrini zaman-zaman ifadə etməkdədir. Bu düşüncələrin böyük bir hissəsində onunla həmfikir deyiləm. Məncə, Pamukun dünyagörüşü tam olaraq formalaşmayıb. Bu mövzuda da axtarış içində görünmür. Bəlkə də yanılıram. Ancaq bütün bunlara baxmayaraq, özünü yaxşı bir yazar olaraq görürəm.

- Türkiyədə “yazar”la “yazan”ı ayırd edə bilirmi oxucu? Ümumiyyətlə, Türkiyə yazıda olduğu qədər, oxucuda da uğur qazana bilibmi?

- Bu cür ümumiləşdirmələrdən uzaq olmaq lazımdır. Yazar ilə yazan arasındakı fərqi bilməyənlər olduğu qədər aradakı fərqi bilənlər də vardır. Yaxşını pisdən ayırd eləyə bilən oxucu təbii ki, bu fərqi bilər. Türkiyədə yaxşı və şüurlu oxucu kütləsinin mövcud olduğunu düşünürəm. Bu kütlənin çox olduğunu deyə bilərikmi? Əlbəttə, Türkiyənin əhalisinə görə çox deyil. Bizdə ümumi bir qənaət var: "Türkiyədə oxucu sayı çox aşağıdır". Mənim əlimdə bu mövzuda kafi bir məlumat yoxdur. Amma Türkiyədə basılan kitab miqdarı və tirajlar, bu mövzuda müəyyən bir nəticəyə işarə edir. Buna görə «oxucu sayı hələ kafi ədədə çatmamışdır» deyə bilərəm.

- Sizcə, yazara nəyi qadağan etmək olmaz? Yəni yazar üçün üsyanın, çılğınlığın, xəyalın, ehtirasın, söyüşün dərəcəsi varmı?

- Yazar cəmiyyətin bir parçasıdır və cəmiyyətin uyduğu qaydalara o da əməl etməlidir. Amma bununla bağlı hər hansı rəsmi tədbirlər görülə bilərmi?! «Çox mövzuda rəsmi tədbir görülməz» - deyə düşünürəm. Bizdə bir söz var: «Qorx qorxmazdan, utan utanmazdan». Bəziləri mütləq söyəcəksə, buna mane olmaq çətindir. Söyəni cəzalandırmaq istəsəniz də... sonunda söymüşdür və söyən bir yazar ya da şairsə söyüşü qeydə keçmişdir, zatən.
Sizin sualınızda keçən üsyanın, çılğınlığın və xəyalın sənətdə yeri ayrıdır. Bunlar əhəmiyyətlidir. Dərəcəsini kimsə təyin edə bilməz. Sənətçinin, ya da yazarın vəziyyətinə bağlıdır bunlar. Xəyalsız və üsyansız sənət əksik qalar. Çılğınlıq sənətin təbiətində vardır. Amma nəyə üsyan etdiyiniz əhəmiyyətlidir. Digər yandan ehtiras tamam ayrı bir anlayışdır. Nəyə ehtirasınızın olduğu əhəmiyyətlidir.
Söymə isə bütün bunların yanına yaxınlaşa bilməyəcək bir anlayışdır. Lakin yenə də söymək bir şəkildə sənətə - ədəbiyyata bir yerlərdən daxil olur. Söymənin də bir ədəbi olmalıdır nəhayətində. Mənə qalarsa, mən ədəbiyyatda söyüşü təsdiq etmirəm.

- Üsyan demişkən, solçu ədəbiyyata münasibətiniz? Ümumiyyətlə, ədəbi meylə münasibətiniz?

- Türkiyədə bu anlayışlar deyərdim ki, erroziyaya uğramış anlayışlardır. Sol mütləq mənasıyla etiraz gizlədir içində. Halbuki Türkiyədə tam olaraq belə bir mənası yoxdur. Sağ da ağla xüsusi mülkiyyəti gətirər əslində. Amma bu da Türkiyədə tam olaraq belə deyil. Türkiyədəki sağ-sol ayrı-seçkiliyi başqa bir ayrı-seçkilikdir. Türkiyədə sağ seqment deyilincə, artıq dindarlar ağla gəlir. Bunda özlərini sol olaraq adlandırılanların günahı böyükdür.
Bu gün üçün sağ sol anlayışlarının işə yaramadığını düşünürəm. Bu anlayışlarla ayrılmağı davam etdirmək istəyənlər, əslində ədəbiyyatdakı rançılardır (Nazim Hikmət Ranı nəzərdə tutur – red.).

- Türkiyə hazırda keçid ərəfəsindədir. Konstitusiya dəyişikliyi gözlənilir. Yazar kimi bu durumu və gözlənilənləri necə dəyərləndirirsiniz?

- Türkiyə normallaşma müddətini yaşayır hazırda. Açıq bir cəmiyyət olmaq çox qısa müddətdə reallaşa biləcək hadisə deyil. Türkiyənin də Osmanlıdan başlayan bir demokratiya səfəri var və bu yeni dövrdə demokratikləşmə yolunda əhəmiyyətli addımlar atılır. Ölkənin təşkilatlarıyla və vərdişləriylə dəyişə bilməsi üçün cəmiyyətin də dəyişməsi lazımdır. Cəmiyyətlərdə dəyişmələr yaşanar, amma əhəmiyyətli olan müsbət istiqamətdə, irəliyə dönük dəyişməkdir. Yaxın gələcəkdə Türkiyənin daha oturuşmuş bir demokratiyaya qovuşacağını, tək tipçiliyin böyük ölçüdə ortadan qalxacağını, ədalətin ön plana çıxacağını və ideoloji yanaşmaların ölkənin gələcəyini təyin etməz hala gələcəyini düşünürəm. Nəticə olaraq bu anda Türkiyənin yaxşı bir yolda irəlilədiyini düşünürəm.

- Günümüzdə Türkiyə çağdaş ədəbiyyatı dünya çapında tanınır. Sizcə Azərbaycan çağdaş ədəbiyyatı niyə bu şəkildə dünyada tanınmır? Azərbaycan ədəbiyyatının dünyaca ünlənməsinə əngəl olan səbəblər nələr ola bilər, sizcə?

- Azərbaycan ədəbiyyatının dünya oxuyucusuna tanınmasında xüsusiyyət baxımından maneə yaradan bir vəziyyətin olduğunu düşünmürəm. Bildiyim qədəriylə sizin çox böyük yazar və şairləriniz var. Əvvəllər bizdə də vəziyyət belə idi. Əslində, Türkiyə ədəbiyyatının hələ tam olaraq tanındığını söyləmək çətindir. Bizim ədəbiyyatın tanınmışlığı, deyərdim ki, bir neçə yazıçıyla məhduddur. O yazarlar da xariclə müxtəlif şəkillərdə əlaqəsi olan yazarlardır. Məsələn, Elif Şəfəq ədəbi həyatının böyük bir qismini xaricdə yaşayır. Orhan Pamuk da elə. Yaşar Kamal bəlkə daha əhəmiyyətli bir yazardır, amma bu iki yazar qədər xaricə açılma imkanı tapa bilmədi. Ölkənin və dünyanın şərtləri bir araya gəldiyində milli ədəbiyyatlar da xaricə açılmağı bacararlar. Bir də ölkələrin içində olduqları vəziyyətlər bu mövzuda təsirli olur. Ölkənin ictimai və mədəni vəziyyətiylə birbaşa əlaqəsi olan bir mövzudur bu. Ayrıca təqdimat işlərinə çox əhəmiyyət vermək lazımdır. Bu mövzuda kafi iş görülmür kimi gəlir mənə. Lakin son təhlildə deyə bilərəm ki, Azərbaycan ədəbiyyatı dünya səviyyəsinə çıxma potensialına malikdir.

- Türkiyə Yazarlar Birliyinə dövlətdən maddi dəstək varmı? Yoxdursa, necə idarə olunursunuz?

- Türkiyə Yazarlar Birliyi, qeyri-hökumət təşkilatı kimi təsis edilən quruluşlardandır. Yəni, bir dərnəkdir. Türkiyədə dərnəklər dövlətə bağlı deyil. Dərnək olduğu halda dövlətə bağlı olan Qızıl Aypara və Yeşilaydır. Əsas etibarıyla dərnəklər dövlətdən müstəqildir. Üzvlərindən haqq götürərlər, kömək qəbul edərlər və bu haqq-köməklərlə büdcə meydana gətirib işlər görərlər. Bəzən dövlətin bəzi quruluşlarından, məsələn, Mədəniyyət Nazirliyindən kömək alına bilər. Amma bu kömək əsla dərnəyin müstəqilliyinə zərər verməməlidir. Yəni dövlətdən yardım alsanız da, dövlətin təsir dairəsində ola bilməzsiniz. Bu, səhv olar. Türkiyə Yazarlar Birliyi də zaman-zaman genişmiqyaslı fəaliyyət göstərmək üçün Mədəniyyət Nazirliyinə layihə təqdim edər və Nazirliyin qəbul etməsi halında bir miqdar kömək ala bilər. Lakin bu köməyi öz hazırladığı layihəyə görə istifadə edər. Mədəniyyət Nazirliyi bizə göstəriş verməz. Bunun xaricində bələdiyyələr, maddi gücü çox olan digər vətəndaş quruluşlar, iş adamları və üzvlərimiz zaman-zaman bizə dəstək təmin edərlər. Yenə də bunu söyləyə bilərəm ki, heç bir zaman maddi istiqamətdə güclü quruluş ola bilmədik. Həmişə pul çətinliyi çəkdik. İşçilərimiz könüllü olaraq çalışırlar, maaş almırlar. Mən də bu cür çalışdım, indiki yoldaşlarımız da belə çalışırlar. Əslində, normal olan budur: dövlət bütün vətəndaş cəmiyyət quruluşlarına, etdikləri fəaliyyətlər ölçüsündə maddi dəstək təmin etməli, amma bu quruluşların etdikləri işlərə, hətta iqtidarı tənqidlərə də qətiliklə müdaxilə etməməlidir. Türkiyədə bu yolda əhəmiyyətli inkişaflar olduğunu düşünürəm.

- Azərbaycan Yazıçılar Birliyinin fəaliyyətini necə görürsünüz və necə dəyərləndirisiniz ? Sizcə, edilməsi gərəkənlər nələrdir?

- Azərbaycan Yazıçılar Birliyinin işləri haqqında kifayət qədər məlumatımın olduğunu təəssüf ki, söyləyə bilmərəm. Bəzi işlərini eşitmişəm və bunları müsbət qiymətləndirirəm.

- Çağdaş Azərbaycan yazarlarından və şairlərindən kimləri tanıyır və oxuyursunuz?

- Təbii ki, mən Üzeyir Hacıbəylini, Səməd Vurğunu, Bəxtiyar Vahabzadəni, Şəhriyarı, Səhəndi, Anarı və Ramiz Rövşəni yaxşı tanıyıram. Təəssüf ki, daha çox ad saya bilmirəm. Bir də Bakıya ilk dəfə gəldiyimdə tanış olduğum və kitablarını aldığım şairlər: Gülxani Pənah, Ədalət Əsgəroğlu, Mahirə Abdulla və Qəşəm Nəcəfzadə. Başqaları da var ki, zaman-zaman şeirlərini oxuyuram. Köhnələrini soruşsaydınız, daha yaxşı cavab verə bilərdim. Görürsünüz, Azərbaycan ədəbiyyatını nə qədər az tanıyıram. Fikrimcə, xüsusilə nəsr mövzusunda daha çox təqdimat işlərinə yer ayırmaq lazımdır.

İlham Tumas,

Aysel
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1055

Oxşar yazılar