Aybəniz Haşımova vədinə əməl etdi
07 sentyabr 2010 11:31 (UTC +04:00)

Aybəniz Haşımova vədinə əməl etdi

Sentyabrın 28-də Heydər Əliyev adına Sarayda əməkdar artist Aybəniz Haşımovanın təşkilatçılığı ilə “Gənc ifaçılara dəstək olaq” adlı konsert keçiriləcək. Aybəniz xanım Lent.az-a verdiyi açıqlamasında təklifin ona sarayın rəhbərliyindən gəldiyini deyib: “Heydər Əliyev adına Sarayın rəhbərliyi tərəfindən ayda bir dəfə gənc istedadların silsilə konsertlərini təşkil etmək təklifi aldım. Mən də yaradıcılığım bir hissəsini pedaqoji fəaliyyətə həsr etmiş sənətkar kimi bu layihəyə canla-başla razılıq verdim”.

A.Haşımova konsertdə çıxış edəcək istedadlı gənclərin, eləcə də repertuarın seçilməsində birbaşa özünün iştirak etdiyini vurğulayıb: “Layihədə yalnız və yalnız peşəkar ifaların, musiqiləri yer alacağına xüsusi diqqət yetirəcəyəm. Dəvət olunmuş istedadlı gənclərin gözəl və səviyyəli repertuarının seçilməsində, retro mahnılarımızın, dəyərli əsərlərin, zövqləri oxşayan musiqilərin tamaşaçılara təqdim olunmasını təmin etmək üçün əlimdən gələni əsirgəməyəcəyəm. Siz görsəniz hansı gənc müğənniləri dəvəm etmişəm, şok olacaqsız. Ola bilsin bu layihədə təqdim edəcəyimiz gənclərin adları tamaşaçıya çox şey deməsin. Amma mən əminəm ki, özünə güvənən, gecə-gündüz efirlərdən düşməyən bir çox populyar müğənnilər onlardan çox şey öyrənməlidirlər!”

Aybəniz Haşımova “Gənc istedadlara dəstək olaq” layihəsinin təşkilatçılığını öz üzərinə götürməklə yanaşı, eyni zamanda layihənin musiqi rəhbəri və aparıcısıdır. Uzun illər pedaqoji fəaliyyətlə məşğul olan əməkdar artist bu layihədə də gənclərlə pedaqoq kimi məşğul olduğunu deyir: “Əsas məşqlər bitib, artıq son məşqlərimiz gedir. Xüsusilə qeyd etmək istəyirəm ki, konsertdə səslənən musiqilər bütün janrları əhatə edəcək. Burada heç bir janr məhdudiyyəti yoxdur”.

Konsertdə Tural Salmanov, Aygün İsmayılova, Azad Şabanov, Çingiz Mustafayev, Aida Əliyeva, Mirkamil Kamilov, Mehin Hümbətova, Müşfiq Əliyev, Səbinə Ərəbli, İlham Nəcəfov, Ülviyyə Novruzova, Valeh İsrafilov, Kamil Cəfərov, Emil Bədəlov, Nicat Həsənov, Aytən Mehdiyeva, İlahə Vəliməmədova və Aynişan Quliyeva iştirak edəcək.

Layihənin özəlliklərindən biri də budur ki, bütün ifaçılar konsertin əvvəlindən axırınadək səhnədə olacaqlar. Gənclər zalda olan tamaşaçılarla birlikdə səhnədə bir-birlərinə dəstək olacaqlar.

Konserti Faiq Süleymanovun rəhbərliyi ilə “Xəzər” İnstrumental ansamblı müşayiət edəcək.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 937

Oxşar yazılar