“Vəzifələrə cavab verə bilməyən aktyorlar özlərinə başqa iş tapsınlar”
17 avqust 2010 18:45 (UTC +04:00)

“Vəzifələrə cavab verə bilməyən aktyorlar özlərinə başqa iş tapsınlar”

Azərbaycan Dövlət Akademik Dram Teatrının direktoru: “İstedadlı aktyorlar islahatlardan qorxmamalıdır, istedadsızların isə sonu məlumdur”


Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aparılacaq islahatlarla bağlı Mədəniyyət və Turizm Nazirliyi nəzdində yaradılan xüsusi komissiyanın tərkibi hələlik müəyyənləşməyib. Bununla bağlı APA-ya açıqlama verən teatrın direktoru İsrafil İsrafilov bildirib ki, nəzərdə tutulan islahatlar çərçivəsində teatrın truppası yenidən formalaşdırılmalı, texniki heyət təkmilləşdirilməlidir: “Yaxın vaxtlarda istifadəyə veriləcək bu bina artıq Avropanın teatr müəssisələrində olan ən yeni texnologiyalarla təchiz olunub. O səbəbdən də bu texnologiyalarla işləmək üçün texniki heyətdən bir qədər ixtisaslaşma tələb olunur. İslahatlar dedikdə söhbət yalnız truppadan getmir. Söhbət bütövlükdə teatr fəlsəfəsinin dəyişməsindən, teatrın cəmiyyət həyatındakı rolunun artmasından, teatrın Azərbaycan mədəniyyətini, teatr sənətini, səhnə sənətini dünyaya tanıtmasından gedir. Bu gün Azərbaycan teatrına Avropa dəyərlərini öyrənmək, yaxınlaşmaq, inteqrasiya olmaq mütləq lazımdır. Amma teatr sənətimiz Avropaya intensiv xətlə çıxa bilməyib. Mən yalnız rəhbərlik etdiyim teatrdan danışıram”.


İsrafil İsrafilov bildirib ki, hər gün əsaslı təmiri yekunlaşmaq üzrə olan teatr binasına gedir və lazımi işlərlə məşğul olur: “Artıq binanın əsaslı təmirinin son akkordları vurulur. Sentyabrdan etibarən əsaslı təmirdən çıxmış və müasir standartlara cavab verən teatrın binasına köçmə prosesi başlanacaq. Sonra dörd tamaşa hazırlanacaq, ancaq bu tamaşalar kim tərəfindən hazırlanacaq və hazırlığa kimlər cəlb olunacaq - bu məsələ bir az vaxt aparacaq. Yəni teatr tamaşaçı qarşısına bir az gec çıxacaq, yeni tamaşaların hazırlanması vaxt tələb edir. Eyni zamanda islahatların aparılması üçün zaman lazımdır. İstər MDB, istər Avropa ölkələrindən qabaqcıl rejissorları teatrımıza dəvət edəcəyik. Uzun müddət SSRİ məkanında çalışmışıq, dünyaya çıxışımız isə o qədər də geniş olmayıb”.


Teatr rəhbərinin sözlərinə görə, teatrda baş rejissor vəzifəsinə təyinat nəzərdə tutulmayıb: “Dünyada çoxsaylı ölkələr var ki, onların teatrında ümumiyyətlə rejissorluq təhkim olunmuş şəkildə deyil. Orada teatrın ümumi prodüserlik fəaliyyəti var. Yəni rejissorlar dəvət olunur, bəzən hətta aktyorlar səhnə qrafikası ilə məşğul olanlar kənardan dəvət olunur. Həmin mütəxəssislərin gücü ilə yaradıcı kollektiv yaranır və yaradıcı kollektiv repertuara daxil edilən hər hansı bir pyesin təcəssümü ilə məşğul olur. Burada sərbəst, azad yaradıcılığa böyük imkanlar açılır. İslahat islahat xətrinə aparılmamalıdır, islahat aparmaq mövcud vəziyyəti yeniləşdirmək və onun inkişafı üçün tam imkanlar yaratmaqdır. Bu islahatlar kosmetik və ya bərbəzək üçün deyil. Bu islahatlar ətalətə doğru meyllənən teatr prosesini canlandırmaq, ona yeni impulslar vermək və auditoriyanı genişləndirmək məqsədi daşıyır”.


İsrafil İsrafilov deyib ki, islahatlar nəticəsində işləyə bilməyənlər işdən azad olunacaq: “İşləyə bilənlər qalacaq, işləyə bilməyənlər təbii ki, dəyişiləcək. Yaradıcı heyətin bununla bağlı narahat olub-olmadığını deyə bilmərəm, çünki bu məsələ ilə bağlı yaradıcı heyətlə söhbət etməmişəm. İstedadlı adam hər zaman dəbdədir, hər zaman onun tamaşaçısı var. İstedadlılar qorxmamalıdır, istedadsızların isə sonu məlumdur. Amma qarşıda qoyulan vəzifələrə, yaradıcı məqsədlərə cavab verə bilməyənlər əlbəttə ki, özlərinə başqa iş tapmalı olacaqlar”.


İ. İsrafilov deyib ki, əsaslı təmir zamanı Azərbaycan Dövlət Milli Dram Teatrında hər şey yenilənib və çox dəyişiklər var: “Asılqandan tutmuş səhnəyə, eləcə də səhnə arxasına qədər böyük genişlənmə işləri görülüb, tamamilə yeni sahələr yaradılıb, istər dekorasiya, istər işıqlandırılma sistemi tam yenilənib. Ayrıca geniş və ən yeni texnika ilə təmin olunmuş studiya yaradılıb, qrim otaqları çox səliqəli işlənib. Teatrın binası yenidən qurulub və köhnə ab-havadan əsər-əlamət yoxdur. Tamaşaçı zalında kreslolar qurulub”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 667

Oxşar yazılar