Hüseyn Seyidzadənin “Natəvan” filminin ssenarisi üzə çıxdı – EKSKLÜZİV
13 avqust 2010 15:00 (UTC +04:00)

Hüseyn Seyidzadənin “Natəvan” filminin ssenarisi üzə çıxdı – EKSKLÜZİV

O, ömrünün sonlarında bu film üzərində çalışırmış


Azərbaycan kino tarixində ilk rəngli bədii filmin rejissoru, görkəmli sənətkar Hüseyn Seyidzadənin 100 illik yubileyidir.




Bu münasibətlə rejissorun Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivində qorunan şəxsi fonduna baxış keçirilib. Arxivin direktoru Maarif Teymurun Lent.az-a verdiyi məlumata görə, sənətkarın fondu araşdırılarkən maraqlı sənədlər aşkarlanıb. Onlardan biri Hüseyn Seyidzadənin çəkmək istədiyi “Natəvan” filminin hazır ssenarisidir: “Hüseyn Seyidzadə ömrünün sonlarında bu film üzərində çalışırdı. Ssenarini yazmışdı. Hətta Natəvan roluna Leyla Bədirbəylini çəkmək istəyirdi. Amma ömrü vəfa etmədi. Onun ölümündən sonra bu film və ssenari demək olar ki unuduldu, onun barəsində heç bir söhbət olmadı. Bu yaxınlarda biz yubiley münasibətilə rejissorun fondunu araşdırarkən həmin filmin hazır ssenarisini tapdıq. Çox maraqlı ssenaridir və hazır film materialıdır”.


M. Teymurun sözlərinə görə, sənədlər arasında Hüseyn Seyidzadənin çəkdiyi filmlərin materialları, ssenariləri, müxtəlif illərdə çəkdirdiyi şəkillər, hətta sınaq çəkilişlərində iştirak edən bütün aktyorların fotoları da var. Rəşid Behbudovun öz imzası ilə ona hədiyyə etdiyi və hələ heç yerdə görünməyən cavanlıq şəkli də unikal sənəd hesab olunur.

Qeyd edək ki, Hüseyn Seyidzadə “O olmasın, bu olsun” (ilk rəngli film), “Dəli Kür” (ilk genişekranlı film), “Koroğlu”, “Yenilməz batalyon”, “Qaynana” kimi ölməz ekran əsərlərinə quruluş verib.

Xəyalə Muradlı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 708

Oxşar yazılar