Təbriz bazarı YUNESKO-nun siyahısına salınıb
04 avqust 2010 16:00 (UTC +04:00)

Təbriz bazarı YUNESKO-nun siyahısına salınıb

Bu, BMT-nin tarixində ilk hadisədir

Tehran hakimiyyətinin vergiləri 2,5 dəfə artırması ilə bağlı qərarına ötən ay Təbriz bazarı da etirazını bildirmişdi. Bu bazar həmişə ölkədə baş verən hadisələrə təsir etmək gücündə olub. Məşrutə hərəkatında, Xiyabani üsyanında, 1945-46-cı illərdə Azərbaycan Milli Hökumətinin zamanında, 1978-ci ildə, 1979-cu il fevral inqilabından öncə baş vermiş Məhəmmədrza şaha qarşı Təbriz üsyanında, 1979-cu ilin fevral inqilabında ictimai fikrin yayılmasında əvəzsiz rol oynayıb.

Ayətulla Xomeyni hakimiyyətə gəldikdən sonra komandası bazarın aparıcı rolunu azaltmaq üçün müxtəlif tədbirlərə əl atdılar, vergiləri artırdılar, alternativ ticarət şəbəkələri yaratdılar. Bu siyasət indi də davam etməkdədir.

Aparılan bu siyasət ucbatından son 30 ildə bazarın, özəlliklə Təbriz bazarının olaylara təsir imkanının get-gedə azalması müşahidə olunur. Ancaq bütün bunlara baxmayaraq, onun təsiredici gücünü hələ də tam tükədə bilməyiblər.

Doğrusu, məqsədimiz heç də Təbriz bazarının ölkədəki siyasi-iqtisadi və milli-mədəni proseslərə təsir imkanını araşdırmaq deyil.

Bu tarixi bazar kompleksi YUNESKO-nun Braziliyada keçirilən 34-cü yığıncağında dünyanın tarixi irsi siyahısına salınıb. Onu da qeyd etmək lazımdır ki, BMT–nin tarixində ilk bazardır ki, tarixi irs siyahısına daxil edilir.

Bazarın tarixindən

Şövkət Tağızadə, Əkrəm Rəhimli və Səməd Bayramzadənin həmmüəllifliyi ilə işıq üzü görmüş «Güney Azərbaycan» kitabında Təbriz bazarı haqda belə məlumat verilib: «Yaxın və Orta Şərqin ən qədim, memarlıq baxımından cazibədar bazarlarındandır. Bu bazarın inşası barədə tarixi qaynaqlarda məlumat yoxdur. Ehtimallara görə, Təbriz bazarı eramızın 4-cü əsrində tikilib».

Rusiya mənbələri isə bildirib ki, bazar haqda ilk dəfə 13-cü əsrdə məlumat verilib.

Qədim «İpək yolu»nun üstündəki bu bazarda dünyanın çeşidli ölkələrindən olan tacirlərə rast gəlinirmiş.

Qacar sülaləsi hakimiyyət gəldikdən sonra 1848-ci ilədək Azərbaycan əyalətində (o vaxt Güney Azərbaycan bölgələrə parçalanmamışdı və bir ad altında tanınırdı)dövlət xidmətində olmuş Mirzə Tağıxan tərəfindən əsaslı şəkildə bərpa edilmiş və genişləndirilmişdi. Bundan sonra da bazar Asiya və Avropa tacirlərinin sövdələşmə yerlərindən biri oldu. Böyük bazarın daxilində bir neçə bazar yerləşir: Əmirbazar, başmaqçılar bazarı. Rastabazar, Köhnə Rasta bazar, Hacı Məhəmməd Hüseyn bazarı, Müşür bazarı, Səfi bazarı və s.

Təbrizlilər deyir ki, Təbriz bazarın görməyən, deməli heç Təbrizi də görməyib.

Mütəxəssislər min ildən artıq tarixi olan bu alış-veriş mərkəzinin arxitekturasının İslamdan əvvəl və ondan sonrakı Azərbaycan memarlığının özəlliklərini yığcam şəkildə özündə əks etdirdiyini söyləyirlər.

Relyef və coğrafi cəhətdən şəhərin mərkəzində yerləşən bu nəhəng tarixi bazar həm də altı xiyabanın əhatəsindədir.

Təbriz bazarı 15 kv.metr ərazini əhatə edir. İrili-xırdalı bazarda 5 min dükan və ticarət mərkəzi var. Bazardakı dalan, karvansara, rasta (bir neçə kiçik bazarın qovşağı) və s. yerləşdiyi ərazinin uzunluğu isə 5 km-dir.

Bazarda 19 timçə (eyni məhsulu və malı satan kiçik dükan), 8 dalan, 22 rastabazar, 22 karvansara və s. yerləşir.

Hazırda bazar alış-veriş mərkəzi olmaqla yanaşı, hakimiyyət orada çeşidli dini-ideoloji tədbirlər keçirir.

İki il öncə Şərqi Azərbaycan əyalətinin turizm, əl işləri sənayesi və mədəni irsin qorunması təşkilatının sədri Turab Məhəmmədi jurnalistlərə açıqlamasında tarixi Təbriz bazarı haqda sənədli film çəkiləcəyini bildirmişdi.

Bazarın indiki durumu

Özündə uzun illərin tarixini yaşadan bu bazar da Güney Azərbaycanın başqa tarixi abidələri kimi hakimiyyət ona da laqeyd müynasibət bəsləməkdədir.

Təxminən 9 ay öncə təbriz bazarında yanğın baş verib. Yanğın bazarın "İki qapı" adlı zinyət əşyaları və dəri məmulatları satılan bölməsində başlayıb. Yanğın güclü olduğundan yanğınsöndürənlər yanğını söndürməkdə çətinlik çəkib, 100-dən artıq mağazaya ziyan dəyib. Mağaza sahibləri öz mallarını mağazalardan çıxarmağa cəhd göstərsələr də, dükanlar da, mallar da yanaraq külə dönüb. Yanğını üç saatdan sonra söndürmək mümkün olub.

Bir müddət əvvəl isə yerli hakimiyyət bazarın «Bağmeşə» qapısı və «Samavarçılar» bazarının dağıdılması haqda göstəriş vermişdi. Tarixi-mədni irsi qoruyan ayrı-ayrı şəxslər və qurumlar Təbriz bələdiyyəsindən həmin yerlərin təmiri üçün icazə istəyəndə, yerli məmurlardan «oranın dəyərsiz»liyi və «bazarı dağıtmaqda davam edəcəyi» cavabını alıblar.

Ötən bu illər ərzində Tehran hakimiyyəti bazarın bərpası və təmiri məqsədi ilə maliyyə vəsaiti ayırmayıb. Yeri gəlmişkən, Güney Azərbaycandakı Urmiya gölü də 1967-ci ildə YUNESKO qoruq elan olunub. Bundan başqa, BMT–nin bu qurumu bu gölü qorunan təbii ərazilər sırasına daxil edib. Amma təəssüf ki, Urmiya gölü dünyanın gözü önündə quruyur. Nə Tehran hakimiyyəti, nə YUNESKO boynuna düşəni yerinə yetirmir. Elə Təbriz bazarını da bu aqibətin gözlədiyi ehtimalı az deyil.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1059

Oxşar yazılar