Ayaz Salayev: “Qarabağa qonaq kimi yox, əsgər kimi gedərəm” – MÜSAHİBƏ
31 iyul 2010 10:00 (UTC +04:00)

Ayaz Salayev: “Qarabağa qonaq kimi yox, əsgər kimi gedərəm” – MÜSAHİBƏ

“Özümü nəinki 50, heç 40 yaşındakı kimi də hiss etmirəm”

Bu gün tanınmış rejissor, ssenarist, əməkdar incəsənət xadimi Ayaz Salayevin 50 yaşı tamam olur. Lent.az yubiley münasibətilə Ayaz Salayevdən müsahibə alıb.

- Əvvəla sizi doğum gününüz münasibətilə təbrik edirəm. Əsrin yarısını haqladız. Maraqlıdır, 50 yaşlı Ayaz Salayev özünü əslində neçə yaşda hiss edir?

- Heç 50 yaşdakı kimi hiss etmirəm. Çünki ümumiyyətlə, həm fiziki baxımdan, həm də daxilən özümü yaşlı saymıram. Heç 40 yaşdakı kimi də hiss etmirəm. Ona görə çox şeyi yekunlaşdırmaq da istəməzdim. Mən gələcəyə baxıram. Madriddə Praqa muzeyində bir şey mənə böyük təsir göstərdi. Orda fikir verdim ki, böyük sənətkarlar böyük əsərlərini 70-75 yaşda yaradıblar. Ümumiyyətlə, bir şeyi deyə bilərəm ki, hamı kimi mən də həyatı çox sevirəm və həyatı son dərəcə maraqlı görürəm.

- Deməli, siz də hələ ən böyük əsərinizi yaratmış sayılmırsız.

- Təbi ki, yox. Amma onu bilmək olmur. Adama elə gəlir ki hələ yaratmayıb, əslində isə yaradıb. Sənət və yaradıcılıq həyatın özü kimi heç bir qanunlara tabe olmayan bir anlayışdır.

- Bəs bu ötən illərin ardınca boylananda peşmançılığını çəkdiyiniz çox işlər görmüsüz?

- Sözün düzü, peşmançılıq yalnız və yalnız sizin sahənizlə bağlıdır. Bir neçə müsahibəm var ki, onu verməzdim. (gülür) Müsahibələrdə o qədər də səmimi olmazdım. Bunu zarafatsız deyirəm.

- Səmimi cavablarınıza görə başınız ağrıyıb?

- Yox, başım o qədər də ağrımayıb. Amma hər halda... Bir dəfə də gözümün qarşısında bir zorakılıq hadisəsi baş verdi, mən buna qarışmadım. Ona görə indi peşmanam.

- Sənətdə necə, nəyinsə peşmançılığını çəkməmisiz ki?

- Qətiyyən. Bir dəfə də olmayıb. Həyat insana bircə dəfə verilir. Ona görə də mən sevmədiyim işi görməmişəm. Bəzən olub ki, sifarişlə olan sənədli filmlər çəkmişəm. O da maaşa görə. Onları əsər saymasam da, peşmançılıq hissi də doğurmur. Bilirdim ki, bunu sifarişlə, öz istəyimlə çəkirəm. Bu, nadir hallarda olub. Amma əsl sənətdə belə şey olmayıb. Gələcəkdə peşmançılığını çəkəcəyim filmə başlamaq ağlıma da gəlməz. Sözün düzü, ancaq istədiyim cür yaşamışam.

- Dediniz ki, sifarişli filmləri yalnız maaşa görə çəkmisiz. Yaradıcı insanın müstəqil, sərbəst olması üçün maddi təminatının yüksək olması vacibdir?

- Maddi təminat olan yerdə müstəqillik də olmur. Maddi təminat olanda təbii ki, sən sifarişçiylə bağlı olursan və ən azı onun istəklərini nəzərə almalısan. Əks halda bu, qeyri-mənəvi bir şeydir. Sifarişçini aldatmaqdır. Hər hansı bir sifarişçi müəyyən oyun qaydaları qoyur və sən o qaydalara riayət etməlisən. İndiki bədii kinoda maddi təminat baxımından heç bir problem yoxdur.

- Amma əksər kino xadimləri deyir ki, filmin keyfiyyətli alınması üçün maddi bazasının güclü olması lazımdır.

- Mən deməzdim ki, maddi baza zəifdir. Səmimi deyirəm. Söhbət başqa şeydən gedir. Tək kinoda yox, ümumiyyətlə mən ən böyük problemi peşəkarlıqda görürəm. Bu gün hər sahədə ən böyük problem peşəkarlıqdır. Peşəkarlıq və səviyyə. Hansısa rejissor deyirsə ki, “məndə filan məbləğin 10 qatı artıq olsa, mən də bundan 10 dəfə yaxşı film çəkərəm”, buna inanmıram. Hərə bacardığını çəkir. İstedad varsa, bu, ekranda o saat bilinir. Onda belə deyirlər: “Burda həqiqətən maddi çatışmazlıqlar var, amma buna baxmayaraq, film yaxşı alınıb...” Belə hallarda film festivallarda, tamaşaçıların qəlbində yenə də öz yerini tutur.

- Sabah ölkədə Milli Kino Günü qeyd olunacaq. Azərbaycan kinosunun bu günkü durumu sizi qane edir?

- Bəli. Azərbaycan kinosunun bugünkü durumunu belə xarakterizə edərdim ki, yeni adlar gəlir. Mədəniyyət və Turizm Nazirliyinin indiki rəhbərliyi yeni nəsli sənətə gətirmək üçün əlindən gələni edir, bunu tam səmimiyyətimlə deyirəm. Yeni nəsil öz sözünü deməlidir. Söhbət ondan gedir ki, bu yeni nəsil son dərəcədə maraqlı mövzuları hələ də ekrana gətirə bilmir. Bu baxımdan gecikmə var. Ona görə ki, həyat sürətlə dəyişir. Gözümüzün qarşısında bütün dünyada bizdən xəbərsiz tamamilə yeni pik cəmiyyət yaranır. Yeni insanlar arasında yeni münasibətlər formalaşır, insanın daxili aləmində yeni hisslər yaranır. Bakının özündə də bu, son dərəcə qabarıq şəkildə görünür. Əfsuslar olsun ki, kinoda öz əksini tapmır. Ona görə də ilk növbədə mən rejissorlara həyata maraq arzulayardım. Məni çox kədərləndirir ki, son illər yaşlı nəslin çəkdiyi bir sıra filmlərdə razı olmadığım bir mövzu var – Sovet keçmişinə olan həsrət. Mənə elə gəlir ki, yalnız və yalnız zindan olan Sovet İttifaqına olan həsrət, o qul həsrəti heç cür düz deyil. Özü də sözaltı da hiss edirsən ki, Bakının çoxmillətli şəhər olmamağına da həsrət var. Başqa millətlərdən olan insanlar nə qədər yüksək səviyyəli olsa da, Azərbaycanın mədəniyyətində böyük iz qoymadılar. Ədəbiyyatda da, musiqidə də, başqa sahələrdə də nə yaratdılarsa, bunu azərbaycanlılar etdi. Ona görə də beynəlmiləl Bakı həsrətini mən çəkmirəm. Nəinki həsrətini çəkmirəm, rus dilli olmağıma baxmayaraq, özümü bugünkü Bakıda daha rahat hiss edirəm. Yaşlı nəslin çəkdiyi filmlərdə isə o həsrət duyulur. Amma son illərdə çəkilən filmlərdə yeni nəslin də işi var. Bəzi filmlər bir neçə festivala çıxıb. Mən qətiyyətlə deyirəm ki, yeni nəsil Azərbaycan kinosu bu gün çiçəklənmə dövrü ərəfəsindədir. Son zamanlar məni ən çox narahat edən mövzuya da toxunmaq istəyirəm. Bir tərəfdən bilirəm ki, hər mədəniyyət, o cümlədən Azərbaycan mədəniyyəti üçün beynəlmiləl kontekstinə uyğunlaşmaq son dərəcə vacibdir. Və onlardan yan keçmək, qapalı bir cəmiyyət yaratmaq son dərəcə təhlükəlidir. Amma digər tərəfdən bu beynəlxalq ölçülər, dəyərlər dəyişir. Burda çıxış yolu olmayan bir vəziyyət yaranır. Amma hələlik o beynəlxalq dəyərləri ölçü götürmək daha məqsədəuyğundur.

- İndi çəkilən filmlər o dediyiniz beynəlxalq dəyərlərə uyğun gəlir?

- Bəzi filmlər maraq doğurur.

- Amma uyğun gəlmir?

- Bəlkə də elə bu filmlər çıxış yolunun göstəricisidir. Bir tərəfdən dünyada maraq doğurur, digər tərəfdən də beynəlxalq konyekturaya uyğun gəlmir. Mən belə düşünürəm ki, hansısa film beynəlxalq festivala çıxırsa, orda maraq doğurursa, elə bu faktın özü hələlik daha maraqlıdır, nəinki filmin öz keyfiyyəti.

- Niyə Azərbaycanda nəinki “Oskar”ı qazanacaq, hətta namizədliyinə göndəriləcək film yoxdur? Ümumiyyətlə, filmlərimizin uğurlu alınmamasının səbəbi nədir – qeyri-səmimi, gerçəklikdən uzaq ssenari, zəif rejissor işi, yoxsa aktyor oyunu?

- Mən rejissorlara həyata daha diqqətli olmağı arzulardım. Çünki həyat və dünya kinosu sürətlə dəyişir. Bu dəyişən proseslərə, yeniliklərə diqqətlə baxmaq lazımdır. nəyisə dəyişmək üçün özündə iradə tapmaq, sıfırdan başlamaq, mən bunu arzulardım. Keçmişini həsrətini çəkirlər. Beynəlxalq ölçüləri nəzərə almaq lazımdır, amma digər tərəfdən tam onun quluna çevrilməkdə də bir təhlükə var. Rejissorlar hansısa bütlərə sitayiş etməməlidir- Kanın “Palma budağı”na, Venesiyanın “şir”inə, Berlinin “ayı”sı və s. Sualınıza dəqiq cavab versəm, mənə elə gəlir ki, bu gün Azərbaycan kinosu xarici təcrübədən istifadə etməlidir. Buna maddi imkan da var, şərait də yaradılar. Peşəkarlıq problemi də həll olunan məsələdir.

- Məgər çatışmayan cəhət ancaq budur? Aktyorlarımız necə, onlardan razısız?

- Mənə elə gəlir ki, aktyorluq sahəsində vəziyyət tam əksinədir. Yaşlı nəsil cavanlardan qat-qat peşəkardır. Bu özü də problemdir.

- Bəs siz özünüz aktyor seçimini necə həyata keçirirsiz? Ayaz Salayevin filmində çəkiləcək aktyor və ya aktrisa hansı meyarlara cavab verməldir?

- Peşəkarlıq və daxili məzmun. Aktyor olur ki, onun daxili məzmunun olduuğu duyulur. Yəni, məzmunlu adamdır, məsələn Fuad Poladov, Rasim Balayev kimi.

- Son filminiz ətrafında xeyli söz-söhbət dolandı. Hazırda vəziyyət nə yerdədi? Film nə vaxt hazır olacaq?

- Vəziyyət normaldır. Film üzərində iş gedir. Sözün düzü, əvvəl çəkdiyim material mənim özümü də o qədər qane etmədi. Ona görə bəzi şeyləri dəyişdim. İnanıram ki, ilin axırına kuimi film hazır olacaq. Bu film fantastikadır. Televiziya ilə bağlıdır. Mövzunu mən özüm fikirləşmişəm, ssenarini yazmışam, ifadə üçün son dərəcə çətin mövzudu. Bu çətinlik də gecikmənin səbəblərdəndir. Bədii problemlər də var idi.

- Filmdə erotik səhnələrin yer alması nə dərəcədə vacibdir? Bir neçəsini çıxmaq şərtilə, Azərbaycan filmlərinin əksəriyyətində bu cür səhnələr yer almır. Bəlkə tamaşaçının kinoya maraq göstərməməsinin bir səbəbi də bununla bağlıdır?

- (düşünür) Mən deyərdim ki, əgər dramaturgiyası, ssenarinin özü, filmin bədii obraz sistemi bunu tələb edirsə, heç bir məhdudiyyət qoyulmamalıdır. Milli mentalitet nə olan şeydir bunu mən hələ də başa düşmüş deyiləm. Elə bu milli mentalitetə görədir ki, Moskvada belə bir lətifə gəzir: Azərbaycan turisti rus turistindən nə ilə fərqlənir? Deyirlər rus turisti soruşur ki, burda bar hardadır? Azərbaycan turisti isə soruşur ki, burda striptiz hardadır? (gülür)
Erotika ümumiyyətlə mədəniyyətin əzəlidir. Qədim Qobustan qayaüstü təsvirlərindən, rəsmlərdən tutmuş bu günə qədər mədəniyyətin əzəlindən biri çılpaq qadın bədənidir. Bu, mədəniyyətin ölməz və ən başlıca mövzusudur. Kinonun da ayrılmaz hissəsidir. Sənətdə erotika, məhəbbət, çılpaqçılıq həmişə maraq doğuran mövzudur. Xüsusilə son illər kinonu da ayrılmaz mövzusuna çevrilib. Ona görə də buna hansısa qadağalar qoyulmamalıdır. Yəqin, özləri çəkinirlər. Mən öz adımdan deyirəm, mən bundan çəkinmirəm. Şəxsən mənim 1995-ci ildə ekrana çıxan “Yarasa” filmimdə erotik səhnə var.

- Dublyajın səviyyəsi necə, sizi qane edir?

- Yox, qane etmir. Heç qane etmir. Son vaxtlar müəyyən irəliləyiş, inkişaf var. Amma istədiyim kimi yox. Dublyajda işləyənlər bunu məsuliyyətini duymurlar. Filmlərdə gördüyümüz mühiti Azərbaycan təfəkkürünə doğmalaşdırmaq. Bunu mən görmürəm. Bəzən titrləri tərcümə edən onu Stalinin vaxtında diktorun səsi kimi, hərbi çağırış səsilə ifa edir. Bəzən hiss olunur ki, mətni oxuyan adamlar ancaq sözlərə baxırlar, ekrana yox. Nə baş verdiyini anlamırlar. Hansısa aktyor səhər mikrorayonda su olmayıb çimə bilməyib, yolda pirojki yeyib, mədəsi qıcqırır, marşrutda əyilə-əyilə gəlib studiyaya gəlir və orda da mətn oxuyur: Mənim villam... bu, böyük problemdir. Sözün düzü, mən indiyədək Azərbaycan dilinə dublyaj olunmuş heç bir filmə sona kimi baxa bilməmişəm. 5-10 dəqiqədən sonra kanalı dəyişmişəm. Dublyaj böyük məsuliyyət tələb edir. Xarici filmlərdəki həyat Azərbaycan təfəkkürünə uyğunlaşdırılmalı, doğmalaşmalıdır.

- 2006-cı ildə verdiyiniz müsahibənizdə biridən demişdiniz ki, ziyalı təbəqəsi artıq yoxa çıxır. Bu illər ərzində o təbəqə artıq tam yoxa çıxıbmı?

- Mən bu haqda məqalə də yazmışdım. Ümumiyyətlə ziyalı anlayışı, o təbəqə yaşadığı zamanın hakimi olur. Hər şeydə öz şəxsi mövqeyinə və vicdanına əsaslanır. Tarixin zəkasına, incəsənətin humanizminə inanır. Bu təbəqə 50 il bundan öncə zahirən öz geyimilə də, davranışıyla fərqlənirdi. Bunun əvəzinə başqa bir təbəqə formalaşdı – servis sinfi. Artıq ictimaiyyəti onlar formalaşdırır. Ofislərdə işləyənlər, ingilis dilini, kompüteri bilənlər. Bu, yeni sinifdir. Günorta institutda oxuyub, axşam restoranda ofisiant işləməyi özünə ayıb bilmirlər. Yəni bunu əvəzinə yeni, maraqlı sinif meydana gəlib və mən bu adamları çox sevirəm. Ziyalı təbəqəsi servis sinfinə transformasiya olunub. Əfsuslar olsun ki, bacarığı, istedadı olan adamlar şirkətlərdə işləməyə başlayırlar, Elmlər Akademiyasında işləyə bilməzlər ki?! Şirkətlər də onların istedadından istifadə edir. Amma buna baxmayaraq həmin bu ofislərdə Azərbaycanda yeni ədəbiyyat yaranır. Oxuyanda hiss edirsən ki, bu adam hansısa ofisdə oxuyub iş vaxtı onu yazıb. Bu təbəqə də özlüyündə çox maraqlıdır. Görək bu təbəqə o ziyalıların bir neçə vəzifəsini öz çiyninə götürə biləcək?

- Siz necə, özünüzü ziyalı hesab edirsiz?

- (xeyli düşündükdən sonra) Belə şeyləri başqaları deməlidir. Başqaları səni belə hesab etməlidir. Biri demişdi kim, mən bir alim kimi... Mən onun yerinə xəcalət çəkdim. Mənim filmimə görə biz hamımız xalqımızla fəxr etməliyik. Bu sözü eşidəndə mən lap yerə girdim.

- Bəs Qarabağa səfər edən ziyalılar qrupuna sizi də dəvət etsələr, gedərsiz?

- 90 faiz, bəlkə də 100 faiz yox. Qonaq kimi heç vaxt getmərəm. Amma əsgər kimi gedərəm. Mən heç vaxt bu mövzuya toxunmamışam, amma indi deyəcəm. 50 yaşına çatmışam, mən hər gün özümü təhqir olunmuş sayıram. Əfsuslar olsun ki, bəzi gənclərimizdə biganəlik var. Nabokovun sözü ilə desəm, qatilin əlini sıxmaqdan qorxardım.

- Əvvəldə dediniz ki, müsahibələrinizdə səmimi olduğunuza görə peşmançılıq çəkmisiz. Son sual: bu müsahibədə nə dərəcədə səmimi olduz?

- Səmimi oldum, amma həm də ehtiyatlı oldum. Bunu da səmimi deyirəm.

Xəyalə MURADLI

xeyalelentaz@gmail.com
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1540

Oxşar yazılar