Mənsum İbrahimov Belorus Simfonik Orkestri ilə birgə konsert verdi
29 may 2010 11:30 (UTC +04:00)

Mənsum İbrahimov Belorus Simfonik Orkestri ilə birgə konsert verdi

Akademik Opera və Balet Teatrının solistlri, xalq artistləri Mənsum İbrahimov və Aygün Bayramova Belorusdan qastrol səfərindən qayıdıblar. Mənsum İbrahimovun Lent.az-a verdiyi məlumata görə, 28 May – Respublika Gününə həsr olunmuş konsert Minsk Dövlət Filarmoniyasında baş tutub. Musiqiçilər Belorus Simfonik Orkestrinin, eyni zamanda əməkdar artistlər Elçin Həşimov (tar) və Elnur Əhmədovun (kamança) müşayiətilə çıxış ediblər: “Biz keçən ilə də elə bu bayram ərəfəsində Minskdə konsert verdik. Həmin konsert proqramında Niyazinin “Rast” simfonik muğamını ifa etmişdik. Bu dəfə isə konsert proqramı rəngarəng oldu. Fikrət Əmirovun “Kürd ovşarı”, “Şur” simfonik muğamı, “Kor ərəbi”, Niyazinin “Qara gilə” və sonda Vasif Adıgözəlovun “Qarabağ şikəstəsi” aratoriyasını səsləndirdik. Onu da deyim ki, orkestri tanınmış dirijor, əməkdar incəsənət xadimi Yalçın Adıgözəlov idarə edirdi. Olduqca böyük maraqla qarşılandıq. Hətta son əsəri oxuyub qutarandan sonra hamı ayaq üstə alqışladı. Orkestrin öz musiqiçiləri də əsərlərimizə heyran qaldı. Bir sözlə, konsert çox yüksək səviyyədə keçdi”.

Mənsum İbrahimovun sözlərinə görə, tamaşaçılar arasında azərbaycanlılarla yanaşı, nazir müavinləri, rəsmi şəxslər, Belorusda fəaliyyət göstərən səfirliklərin nümayəndələri, məşhur musiqiçilər də olub. Konsert proqramı Azərbaycanın Belorusdakı səfiri Əli Nağıyevin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilib.

Xəyalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 666

Oxşar yazılar