Nazir: “Yol kənarında tikilən daxmaya mehmanxana statusu vermək olmaz”
13 aprel 2010 16:00 (UTC +04:00)

Nazir: “Yol kənarında tikilən daxmaya mehmanxana statusu vermək olmaz”

Aprelin 13-də Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin dövlət qurumlarının və turizm sənayesinin nümayəndələri ilə görüşü keçirilib. Görüş Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın icrasına həsr edilib. Lent.az-ın məlumatına görə, nazir Azərbaycan turizm sənayesinin 2001-ci ildən dayanıqlı, davamlı inkişafda olduğunu bildirib. Onun sözlərinə görə, 2002-ci ildən yerləşdirmə yerlərinin sayı 3 dəfə artıb. Bununla yanaşı 2001-ci ildə 32 turizm şirkəti vardısa, bu gün bu rəqəm 123-dür: “Əslində 350 şirkət vardı. Lakin bazar tənzimləyə bilmədiyindən onların əksəriyyəti fəaliyyətini dayandırdı. Belə şirkətlərin sayının 200-ə qədər olması normal rəqəmdir. Onu da qeyd edim ki, 2002-ci ildə xarici turistlərin xərclədiyi pulun ümumdaxili dövriyyəsi 432 milyon idisə, bu il 1 milyard 122 milyon manat olub”.

Nazir lisenziyalaşdırma prosesinə də toxunub. Məlumat verib ki, 300-ə qədər mehmanxana lisenziya alıb. 20-si hələ müraciətinə cavab gözləyir. 50 müraciət isə tamamilə rədd edilib: “Onlara biz özümüz lisenziya vermədik. Çünki lazımi qaydalara cavab vermirdilər, müvafiq məqsədlərə uyğun gəlmirdilər. Təbii ki, yolun kənarında tikilən 3 daxmaya mehmanxana statusu vermək olmaz. Ümumiyyətlə, bu lisenziyalaşdırma prosesinə ciddi fikir verməliyik. Eyni zamanda turizm şirkətlərində və mehmanxanalarda peşəkar kadrların işləməsi də əsas tələblərdən olmalıdır”.

Əbülfəs Qarayev xüsusi turizm zonalarının yaradılması, bunun üçün müvafiq turizm layihələrinin həyata keçirilməsi və xüsusi yerlərin ayrılmasından da bəhs etdi.

Daha sonra dövlət proqramı müzakirə olundu.

Xəyalə Muradlı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 726

Oxşar yazılar