Nuriyyə Əhmədova: “Hər Azərbaycan qızı sənətə gəlməməlidir”
24 fevral 2010 18:00 (UTC +04:00)

Nuriyyə Əhmədova: “Hər Azərbaycan qızı sənətə gəlməməlidir”

O, gəncliyinin şirin arzularından çələng bağlayıb sənət yolunda irəliləməyə başladı. Neçə-neçə misli bərabəri olmayan müxtəlif xarakterli obrazlar yaratmaq, sənəti ilə tamaşaçıların yaddaşında əbədi qalmaq məqsədi ilə. Ancaq o, bu sənət yollarındakı əzab-əziyyətlərlə, çətinliklərlə baş-başa qalacağını ağlına belə gətirmirdi...


O, bütün bu çətinliklərə dözə və sənətdə ucala bildi, tükənmək bilməyən enerjisi, istedadı, yaradıcı qabiliyyəti və əsl aktyorluğu ilə.


Ötən illər onun saçlarına dən saldı, gəncliyini, şuxluğunu, qayğısız anlarını əlindən ömründən qopardı. Sənət fədaisi həyatın dolanbaclarında yükünü özü daşımaq zorunda qaldı. Həyatın ən ağır zərbəsini aldı. Ancaq güclü iradəsi sayəsində yıxılmayıb ayaqda qaldı.


Sevimli aktrisa, xalq artisti Nuriyyə Əhmədovanın Lent.az-a müsahibəsi.

- Özünüzü necə hiss edirsiniz, Nuriyyə xanım? Deyəsən səhhətinizdə problem yaranıb.

- Bəli, səhhətimdə müəyyən problemlərlə üzləşmişəm. Ürəyimdə qida çatışmazlığı var. Ürək döyüntüsü gah azalır, gah da çoxalır. Həkim özü də təəccüblənir ki, bu necə ola bilər. Bunların da hamısı yəqin əsəblə əlaqədardır. O qədər sosial problemlər, ailə problemləri var ki, adam hamısını ürəyinə salır. Ona görə də ürək bu ağırlığa tab gətirə bilmir. Ürəyim zəif olduğuna görə də canlı efirə çıxa bilmirəm. Həkim də deyir ki, efirdən bir az uzaq ol. Amma nə qədər də olsam, kinodan ayrıla bilmərəm axı. Mənim kinoya gəlişim 1982-ci ildə “Mozalan”la başlayıb. O redaksiyaya həmişə borcluyam. Çünki bütün rejissorlar məni oradan tanımağa başladı. Mən heç vaxt kiçik roldan qaçan olmamışam. Bəzən mənə deyirlər, “siz daha çox kiçik epizodlara çəkilirsiniz, bundan nə zövq alırsınız?” Kinonun qaydası budur. Məncə bunun dəxli yoxdur. Sözünü deyən aktrisa epizodla da sözünü deyə biləcək. Bu, Allahın vergisi adlandırdığımız istedaddan asılıdır. Əgər sən tamaşaçını özünə cəlb etməyi bacarırsansa, demək o işin öhdəsindən gələ bilirsən. Mən bəziləri kimi demirəm ki, artıq sözümü demişəm. Xeyr, insan heç vaxt ömrünün axırına kimi sözünü demir. Ö sözü deyən sənətkara mən sənətkar demirəm. Bu, düzgün anlayış deyil. İnsan ömrünün axırına kimi öz sözünü demədən bu həyatdan gedir. Ümumiyyətlə, mənəm-mənəmlik düzgün deyil. Bu həyatı sənə Allah verir ki, yaşayasan.

- Bəs siz Allahın bəxş etdiyi bu həyatı necə yaşayırsınız?

- Allah nəyi necə yazıbsa, o da olmalıdır. Yəni hansı yaş dövründə nə etməliyəmsə, onu da edirəm. İnsan çətinliyə sinə gərməlidir. Həmişə yaxşı ilə pis, şərlə xeyir, ağla qara birlikdə gedib. Burda ağlayırsan, orda gülürsən. Bu, həyatın qanunudur. Məndə də belədir.

- Nuriyyə Əhmədovanın həyatında necə, göz yaşları daha çox olub, yoxsa sevinc?

- Göz yaşları həddən çox olub həyatımda. Bir gözüm gülürsə, o biri gözüm həmişə ağlayır. Tanrı necə buyurursa, eləcə də yaşayırıq. Zarafat deyil, artıq 60 yaşa keçmişəm. Hərdən yoldaşlarım da məni görəndə deyirlər, “sən heç dəyişməmisən”. Deməli, nə qədər çətinliklər də olsa, həyat məni o qədər də dəyişdirmədi, sındırmadı. Allah mənə iradə, dözüm verib. Mən ümumiyyətlə, alın yazısına inanıram.

- Əvvəllər deməyə çəkindiyiniz hansı sözü bu 60 yaşın astanasında çəkinmədən deyərdiniz?

- Mən heç vaxt çəkinməmişəm. Əgər sözümü demək istəmişəmsə, demişəm. Sadəcə, demək istədiyin gərək daxildən, ürəkdən gəlsin. Məsələn, əvvəl hardasa çıxış etməli olanda hazırlaşırdıq, oxuyurduq ki, nədənsə anlayışımız olsun. Müəyyən çərçivələr var idi. Amma indi onlar götürülüb. Ona görə də kim nə istəyir, danışır. Bax bu, adamı ağrıdır. Mənim yaşım, səlahiyyətim də çatsa, bu o demək deyil ki, ağzıma gələni danışmalıyam. Nə olsun 60 yaşım var. Böyük-kiçik nəzərə alınmalıdır. Hərdən baxıb görürsən ki, 80 yaşı var, amma danışığını bilmir. Axı ağsaqqalsan, ağbirçəksən, elə öyüd, nəsihət verməlisən ki, qarşında oturan gənc sənə hörmət etsin, ibrət götürsün. Biz elə görmüşük. Sözü deyəndə də elə demək lazımdır ki, qəlb qırılmasın. Yəni, yarı zarafatla, yarı ciddiyyətlə. Amma indi zarafatı çeviriblər şitliyə, ələ salmağa. Başa düşmürlər ki, əgər sən kimisə lağa qoyursansa, bu elə sən özünsən. İnsan gərək öz yaşına hörmət etsin. Mən bu yaşda onu etiraf edərəm ki, hər Azərbaycan qızı sənətə gəlməməlidir. Əgər həqiqi mənada Allah vergisi verilibsə, çətinliklərdən pis yollarla yox, alın açıqlığı ilə çıxacaqsa, qoy gəlsin.

- Sizin bu sənətə gəlməyinizə ananız çox narazı olub. Hətta bir neçə il öncə belə bir fikir işlətmişdiniz – “Anam ölənəcən dedi ki, sən də getdin özünə sənət tapdın. Anam məni qarğıdı bu sənətə gələndə ona görə də vəziyyətim pis oldu”.

- Bəli, mən yenə də o fikirdəyəm. O qarğış məni tutdu. Bizim ailədə hamının incəsənətə meyli olub. Bu, atamdan gəlmə həvəsdir. Atam hərbçi olsa da, sənətə həvəsi, istedadı vardı. Çalıb oxumağı xoşlayırdı. Bacı-qardaşlarım da eləcə də. Anamsa evdar qadın olub. Özü də bakılı kənd qadını. O vaxtın qadınları sənətə yüngüllük kimi baxırdılar. İndi də kənd yerlərində o fikir qalır. Görünür, anam fikirləşirmiş ki, bu sənətə gəlməklə nəsə edərəm. Gördü ki, yox o nəsələri etmədim. Məhz ona görə də əziyyətlərlə üzləşdim. Mən çox çətinlikdən çıxdım. Əvvəla, heç kimin qarşısında alçalmadım. Heç kimin qapısını döyüb açmadım. Aclığa, soyuğa, yoxsulluğa dözdüm. Heç kimə demədim ki, mənim bu gün yol pulum yoxdur. İçimdə sənətə olan sevgi, məhəbbət və Allah vergisi məni bu sənətdə olmağa və qalmağa vadar etdi, heç nəyə baxmadan. Mənim bir üzüm qadın olubsa, o biri üzüm kişi olub. Buna dözmək lazımdır. Amma indiki qızlar buna dözmürlər. Mən çəkinmədən deyirəm ki, cavan qızdır, sənətə gəlir. Biri “sənin arxanda durmuşam” deyən kimi qızı yoldan çıxardır. Amma biz gənc olanda hər şeyi götür-qoy edirdik. Anam da həmişə deyirdi, “sən başa düşmürsən, hansı sənəti seçmisən özünə”. Məhz bu cür hallara görə əminliklə hiss edirəm ki, sənətdə böyük boşluq olacaq. İstəyir aktyorluqda, istəyirsə də rəqsdə, müğənnilikdə. Sənətdə şitlənmə gedir. Konkret deyim ki, sənətdə sünilik başlayıb, təbiilik yoxdur. İnsanlarda bir-birinə qarşı inamsızlıq yaranıb. İndi çəkilən kinolar nəyə lazımdır. Ona baxan uşaq nə götürsün ordan? Ölüm, dava-dalaş, qan, eybəcərlik, fantastika. Sünidir də bunların hamısı. Həyatda belə şeylər yoxdur axı. Həm də kinostudiyanın da bir ara bağlanması nəticəsində hamı darmadağın oldu. Çoxları da torpaq altına getdi. Kinonun sütunları dağıldı. Daha onları əvəz edən olmayaq. Qalan bir neçə nəfər sütun ki var, onların da qədrini bilən yoxdur.


- Fikrinizdən belə çıxır ki, kinoya gələn gənclərdə, aktyorlarda yetərincə istedad yoxdur?

- Elədir ki, var. Mən o istedadı görə bilmirəm. Allah vergisi sayılan o sözün həqiqi mənasında istedad yox dərəcəsindədir. Bu, bir az da test imtahanları ilə bağlıdır. Əvvəl qabiliyyət imtahanı əsas götürülürdü, test yox idi. Gecə-gündüz dərs oxuyurduq. Sənətə qiymət verən mütəxəssislər otururdu orda. Baxan kimi dəqiq bilirdilər ki, bundan sənətkar olacaq, ya yox. Mənim bədii rəhbərim Adil İsgəndərov, müəllimim Elmira Şabanova olub. Yəni onlar dəqiq deyirdilər ki, məsələn, 10 nəfəri sənətkar edəcək. Etdilər də - Sevil Xəlilova, Zərnigar Atakişiyeva, Səfurə İbrahimova, mən. Amma yenə də çətinliklər müqabilində.


- Bəs o çətinlikləri görəndə bu sənətə gəldiyinizə görə peşmançılıq çəkmədiniz?

- Yox, peşman deyiləm. Çünki bu, Allahın yazısıdır. Məni bu sənət yaşadır. Mən ailə də qurmuşam. Amma xoşbəxtliyimi sənətdə görürəm. Tərəziyə qoyanda ailədə əzab-əziyyətlərim daha çox olub, nəinki sənətdə. Elə bircə övlad itirdinsə, hər şey artıq qurtardı sənin üçün. Mən onda hansı ailə xoşbəxtliyindən danışa bilərəm? Bu, artıq bir sağalmayan yaradı ürəyimdə. Mən övladımı itirəndə özümdə deyildim. Havalanmaq dərəcəsinə çatmışdım. Canlı meyit kimi gəzirdim. Amma Allahın köməyi ilə dəli olmadım. Həyata döndüm. Ona görə də mən özümü sənətdə xoşbəxt hesab edirəm. Düzdür, orda da çətinliklər çox olub, amma onlara göz yummuşam, gözləmişəm. Gərək iradən olsun, heç vaxt sınmayasan. Məni çox sındırmaq istəyiblər, amma dözmüşəm. Təzə gələndə deyirdilər “get küftə - bozbaşını bişir”. Çünki mən çərçivə güdən olmuşam. Məsələn, deyiblər “retuz geyin”, geyinməmişəm, dəniz kənarında çəkilməkdən imtina etmişəm. Amma sınmayıb dözmüşəm. Kiçik epizodlarda özümü göstərə-göstərə rejissorlar məni yaxından tanıyıb çəkiblər. Tofiq Tağızadə, Rasim Ocaqov, Şamil Mahmudbəyov kimi rejissorlarla işləmişəm. Şahmar Ələkbərovun, Əbdül Mahmudovun filmlərində çəkilmişəm.

- İndi isə bircə Vaqif Mustafayevin filmlərində rol alırsınız. Niyə başqa filmlərə çəkilmirsiniz?

- Çünki bir dənə o çəkir də. Kim var ki? Mən məgər istəmərəm başqa filmlərdə çəkilim? Mən cavanlarla da işləyirəm. Amma baxıram, “Halal pullar”da çəkildim. Gəlib dedilər pulumuz yoxdur, təmənnasız çəkildim, sadəcə kömək etdim. Çoxları o saat rejissora deyir “nə qədər pul verəcəksən?” Mən onları qınamıram da, çünki pis vəziyyətdədirlər. Yaxşı ki, bu prezident təqaüdü var. 2004-cü ildən mən də prezident təqaüdü alıram. Bu, mənim üçün böyük kömək oldu. Bircə evim də olsaydı, kirayədən canım qurtarardı. Hər ay məktub yazıram. Poçtla da göndərirəm, post qutusuna da atıram. Məktubu göndərirlər İcra Hakimiyyətinə, ordan da mənə məktub göndərirlər ki, evimiz yoxdur. İndiyədək heç kimə müraciət etməmişəm, heç nə istəməmiş. İllərdir, evsiz qalmışam, kirayədə yaşayıram. Halbuki 42 ildir, sənətə gəldiyim vaxtdan ev növbəsindəyəm. Hələ də evim yoxdur.


- Nə əcəb Mədəniyyət və Turizm Nazirliyinə müraciət etmirsiniz?

- Bu yaxınlarda getdim nazirliyə, nazirin özü ilə görüşdüm. Ümumiyyətlə, Əbülfəs Qarayevin gəlişi böyük dəyişikliyə, irəliləyişə səbəb oldu. Mən onun uğurlarına sevinirəm. Bilirəm ki, nəsə edəcək. Mən xalq artisti adını da onun təqdimatı ilə aldım. Təqdimat mütləq olmalıdır.

- Kinonun hazırkı vəziyyəti barədə nə deyərdiniz?

- Vəziyyət bir az çətindir. Bizim kinoda çox arzularımız vardı. Tarixi filmlərin çəkilməsini istəyirdik. Amma nədənsə çəkilmir. Elə bil tariximizi gizlədirik, istəmirik. Niyəsini mən bilmirəm. Ömrümüz gedir. Bir nəsil aktyor ki var, onlar boş oturublar. Onları bir tarixi əsərə çəksələr, film böyük uğur qazanar.

- Bizdə o filmi çəkə biləcək rejissor var?

- Var. Əbdül Mahmudov. Neçə ildir, Xətai, başqa tarixi şəxsiyyətlər haqqında ssenari yazıb, amma qalıb orda. Yəqin, çox vəsait lazımdır. Amma hər halda ömrümüz gedir axı. Bu mərhələdə də bizi çəkməsələr, sonra aktyor tapmayacaqlar. Gedib xaricdən aktyor dəvət edəcəklər. Bir ara onsuz da aktyor tapa bilmirdilər. Gedib siması uyğun gələn sənətə dəxli olmayan adamları çəkirdilər. Ümumiyyətlə, indi sağ olan aktyorların qədrini bilmək lazımdır. Çünki onlardan bir də olmayacaq. Hamı bir dəfə həyata gəlir və gedir.

- Son illər kinostudiyada istehsal olunan hansısa filmə çəkilmisiniz?

- Yox, heç birinə. Xəbərim də olmur o filmlər harda, necə çəkilir. Bir də görürsən premyeraya çağırırlar, gedib baxırıq.

- Ümumiyyətlə, dəvət gəlmir?

- Yox, dəvət olmur. Dəvət yalnız gənc rejissorlar tərəfindən olur. Ona da ürəyimin səsi deyir, yox. İndi yaxşı ssenari yazan da yoxdur axı. Vaqif Mustafayevdir, ssenarini də özü yazır. Əbdül də özü yazır. Görünür, bu da bir çətinlikdir. Nə vaxtsa həll olunacaq. Dövlət tərəfindən bura mütləq diqqət olmalıdır. Kinoya böyük vəsait tələb olunur. Yəqin o dövr
gəlib çıxacaq. Amma bizə görmək qismət olacaq, ya yox, onu Allah bilir.

- Sonuncu dəfə neçənci ildə filmə çəkilmisiniz?

- Vaqif Mustafayevin “Yoxlama” filmindən sonra çəkilməmişəm. Artıq 3 ildir. Amma televiziya filmlərində çəkilmişəm.

- Bütün bu illər ərzində çəkildiyiniz hansı obrazı özünüzə daha yaxın bilirsiniz? Bildiyimizə görə, məhz “Sahilsiz gecə” filmindən sonra sənətdə yaşıl işıq yandı üzünüzə.

- Şahmar Ələkbərovun “Sahilsiz gecə” filmi sanki sənətimin təməlini qoydu. “Mozalan”dan sonra aktyorlar, rejissorlar məni tanıdısa, o filmlə sənətkarlığım üzə çıxdı. Rejissorlar nəyə qadir olduğumu bildilər. Mən çox qapalı aktrisa idim. Çərçivədən çıxmırdım. Müəyyən yaş həddindən sonra fikirləşdim ki, axı niyə də utanmalıyam. Bu, mənim sənətimdir. Orda pozğun, əxlaqsız erməni qadın olan Roza obrazını yaratmışdım. İlk dəfə məhz o obrazın dili ilə Azərbaycan kinosuna açıq-saçıq söyüşlər gəldi. Xəcalət çəkirdim o sözləri işlədəndə. Çəkiliş zamanı Şahmar pavilyondan çıxırdı. Bilirdi ki, utanırıq.

- Özü də o obrazı siz qonşuda yaşayan qadına baxıb yaratmısınız, onun həyatını oynamısınız.

- O qadın onda yaşlı idi. Onun tarixçəsini mənə danışmışdılar. Mənim o vaxt yaşım az idi, başa düşmürdüm. Deyirdilər “o de gəldi, buraxdı içəri özü kimiləri”. Bir insan kimi pis deyildi. Şahmar dedi ki, gəl bu qadını erməni kimi verək, yəni erməni bizim qadınları pis yola çəkir. Məhz o filmdə mən dedim ki, daha utanmayacağam, nə lazımdırsa edəcəyəm. Çünki bilirdim ki, Şahmar bu gün var, sabah yoxdur. Nuriyyənin şıltaq tərəfini götürdüm, plastikamdan istifadə edərək oynadım. Şahmar birinci dəfə deyəndə ki, mən çəkiləcəyəm, şoka düşdüm. Hətta həyəcandan xəstəxanaya düşdüm. Çünki mən orda əvvəl epizoda çəkilməli idim. Sonradan bu rola təsdiq olundum. O qadının həyatını daxilən yaşamaq lazım idi ki, təbii çıxsın.

- Ancaq film demək olar ki, bir dəfə də göstərilməyib.

- Çünki sərf etmir. O film yiyəsiz qaldı. Şahmar sağ qalsaydı, belə ola bilərdi? O vaxt söz-söhbətə səbəb oldu, əmmalar qoyuldu. Şahmar sağ olsaydı, festivallara da gedərdi, irəli də gedərdi. Orda sadəcə olaraq, qadınların müharibə vaxtı düşdüyü mühit göstərilirdi. Göstərilirdi ki, müharibə qadınları özləri istəmədən fahişəliyə düçar edir. Mehriban Xanlarovanın yaratdığı obraz var. 8 yaşından uşaq küçələrə düşür. Orda-burda böyüyə-böyüyə 15 yaşına çatır. Bir gün acından ölür, taxıl zəmisinə rast gəlir. Görür taxıl üyüdürlər. Gedir onu ovuclayıb görməmiş kimi yeməyə başlayır. Oranın yiyəsi qızı yoldan çıxarır, pis yola düşür və həmin Rozaya rast gəlir. Çox gözəl səhnə idi. Onu filmdən çıxardılar. Bəlkə də Şahmar sağ qalsaydı, çıxarmazdılar. İndi fikirləşirəm ki, böyük iradə sahibi olmuşam o filmə çəkildiyimə görə.

- Amma tamaşaçılar tərəfindən daha çox sevilən filminiz “Həm ziyarət, həm ticarət” oldu.

- Hə. Orda milli kolorit var idi. “Sahilsiz gecə”də də millilik vardı. Amma gizli qalan tərəfləri görünürdü. “Həm ziyarət, həm ticarət” filmində mən heç bir çətinlik çəkmədim. Artıq neçə ilin təcrübəsi vardı. Əsl, təmiz Azərbaycan qadını obrazı idi. Xaraktercə mənə daha yaxın obraz idi. Rüstəm İbrahimbəyov o obrazı mənim üçün yazmışdı. Adını da dəyişməmişdi. İşimlə daxilimi görmüşdü elə bil.

- Yəqin bu filmin sevilməyinin səbəbi həm də tez-tez göstərilməsindədir.

- Tez-tez göstərilir, amma nə olsun? İndiyədək heç bir festivala salınmayıb. Halbuki o filmin kaseti çoxunun evində var. Ümumiyyətlə, mən oynadığım heç bir film festivala salınmadı. Səbəbini heç vaxt soruşmamışam. Məsələn, “Sahilsiz gecə”dən sonra mənə əməkdar artist verilməli idi. Bəlkə də siyahıya salınmışdı. Kimsə üstünə xətt çəkdi. “Həm ziyarət, həm ticarət”dən sonra isə mən xalq artisti olmalı idim. Orda əsl aktyor işi var. Bir də ki, o filmdə yad nəfəs yox idi. Ona görə də baxılır. Elə filmlər həmişə seviləcək.

- Belə çıxır ki, kino sizə daha yaxındır, nəinki teatr.

- Kinoda təbiilik çoxdur. Amma teatrda istər-istəməz sünilik olur. Mənim üçün kino daha mürəkkəbdir, nəinki teatr. Teatrda imkan var ki, səhvini düzəldəsən. Amma kinoda bir dəfə edirsən, möhür qoyursan.

- Teatrdan ayrılmağınıza səbəb nə olmuşdu?

- Ailə. Uşaqlar balaca idi, yoldaşım da xəstə idi, əməliyyata getməliydi. Tamaşalar gec qurtarırdı. Məşqlər çox vaxt aparırdı. Ailə ilə çətin idi, ona görə ayrıldım. Kino elədir ki, çəkiliş qurtarandan sonra ailəyə vaxt ayırırsan.

- Bu 60 ildə geri boylananda sənətdə və həyatda itirdikləriniz çox olub, yoxsa qazandıqlarınız?

- Demək olar ki, eynidir. Həmişə deyirəm ki, itirməsən tapmazsan. Amma baxır necə itki. Mən nə qədər itirmişəmsə, yəqin o qədər də tapmışam. Həyatın qanunu budur. Sadəcə gərək həyatın qədrini biləsən.

Xəyalə MURADLI
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3368

Oxşar yazılar