“Uzun siyahı” açıqlandı...
27 yanvar 2010 17:00 (UTC +04:00)

“Uzun siyahı” açıqlandı...

Bu gün M.F.Axundov adına Milli kitabxanada Milli Kitab Mükafatı üzrə uzun siyahının (20-lik, long list) elan edilməsi mərasimi keçirilib. Lent.az-ın məlumatına görə, mərasimdə layihəyə dəstək verən Mədəniyyət və Turizm Nazirliyinin, Gənclər və İdman Nazirliyinin əməkdaşları, ədəbiyyatsevərlər, müsabiqəyə yazı təqdim edən müəlliflər və media nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən MKM-in təsisçisi Nigar Köçərli layihənin icrasından, mükafatın ədəbi mühitdə geniş rezonans doğurmasından danışıb: “MKM-ın elan olunmasından keçən müddət ərzində görülən işlər və layihəyə olan maraq göstərdi ki, biz yanılmamışıq. Bu mükafatın əsas məqsədi Azərbaycan ədəbiyyatının inkişafına, kitaba marağın artmasına nail olmaq idi. Amma o, daha böyük bir missiyanı həyata keçirdi, Azərbaycan-rus dilləri arasında, əyalətlərlə paytaxt arasında, hətta ədəbi cərəyanlar arasında körpü rolu olmağa çalışdı”.

Təsisçi qeyd edib ki, müsabiqəyə əsərlərin qəbulu dövründə xeyli sayda görüşlər, tədbirlər keçirilib. Ölkənin ən tanınmış, səviyyəli tədris müəssisələrindən olan Bakı Slavyan, Xəzər, İncəsənət və Mədəniyyət və Xarici Dillər universitetlərinin tələbələrilə, “İrəli” Gənclər Hərəkatıyla, “Azad Fikir Universitetində” görüşlər keçirilib. Eyni zamanda MKM-ın dəyərli Münsiflər Heyəti üzvləri ilə bərabər milli ədəbiyyatımızın mərkəzlərindən olan Quba, Xaçmaz, Lənkəran, Gəncə, Qazax və Tovuz şəhərlərində ziyalılarla, gənc yazarlarla və ədəbiyyatla maraqlananlarla görüşləri olub. Nəticədə uzun illərdən bəri ədəbi mühitdən kənarda qalmış, kitab dükanları bağlanmış bölgələrdə canlanma yaranıb, yenidən ədəbiyyata maraq artıb. Həmçinin MKM təsis edildiyi dövrdən etibarən yerli mətbuatda ədəbiyyat barəsində çıxan müsahibələrin, məqalələrin, TV və radio verilişlərinin sayı bir neçə dəfə artıb, milli ədəbiyyatımız sanki Renessans dövrünü yaşayıb. Nəticə etibarilə MKM qarşısında qoyulmuş əsas məqsədlərdən birinə nail olub.

N.Köçərlinin verdiyi məlumata görə, müsabiqəyə bütün bölgələrdən, hətta 7 xarici ölkədən əsərlər göndərilib. Əsər göndərən ən gənc ədibin 15, ən yaşlısının isə 85 yaşı var. Bütün yaş quplarına aid müəlliflər var. Amma 30-40 və 50-60 yaşlarında olan ədiblər daha fəallıq göstəriblər. Nasirlərin cinsinə gəlincə, qadınlar 31%, kişilər isə 69% təşkil edir. “MKM namizəd olanlar aralarında tanınmışlar da var, adları ictimaiyyətə hələ bəlli olmayanlar da. Demək olar ki, bütün janrlarda yazılmış əsərlər var. Bu da əsas verir deyək ki, müxtəlif baxışlı, dünyagörüşlü ədiblər məhz Milli Kitab Mükafatının ətrafında cəmləşiblər. Müsabiqəyə ümumilikdə 265 əsər təqdim olunub. Onlarda 205-i Azərbaycan, 60-i rus dilindədir. Ekspertlər Şurası təqdim olunmuş bütün əsərin hamısını oxuyaraq long list, yəni 20 əsərdən ibarət uzun siyahını hazırladılar. Bu mükafat bir daha təsdiq etdi ki, yaxşı əsərin hansı dildə yazılmasından asılı olmayaraq, əsas məqsəd Azərbaycan ədəbiyyatını inkişaf etdirmək, tanıtmaqdır ” – deyə təsisçi bildirib.

Sonra çıxış edən Münsiflər Heyətinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid müsabiqə ərəfəsində keçirilən görüşlərdən, mükafatın dəyərindən danışıb: “Kitaba və ədəbiyyata marağın azaldığı bir zamanda bu cür mükafatın təsis edilməsi böyük cəsarət tələb edirdi. Amma müsabiqənin gedişi və insanların marağı göstərdi ki, layihə həqiqətən də uğurlu alınıb. İnanıram ki, sonunda ən layiqli əsərləri üzə çıxararaq ədəbiyyatımıza töhfəmizi verəcəyik”.

Görkəmli yazıçı Afaq Məsud da çıxışında qeyd edib ki, əsərlərin qiymətləndirilməsi zamanı nasirlərin imzasına deyil, əsərlərin keyfiyyətinə xüsusi önəm verəcək.

Toplantıda çıxış edən bütün ziyalılar Milli Kitab Mükafatının ədəbi mühitə gətirdiyi yenilikdən, onun önəmindən danışıblar.

Sonra siyahıda yer alan nasirlərin adları açıqlanıb:

1. Şərif Ağayar: “Kərpickəsən kişinin dastanı” (roman)
2. Əlabbas Bağırov: “Qiyamçı” (roman)
3. Nəriman Əbdülrəhmanlı: “Yalqız” (roman)
4. Samit Əliyev: “Sem şaqov v napravlenii zakata” (povest)
5. Eyvaz Əlləzoğlu: “Odunçu geri qayıdır” (roman)
6. İlqar Fəhmi: “Bakı haqqında kollaj” (roman)
7. Həmid Herisçi: “Əli və Nino-Bakı” (roman)
8. Rəhim Hüseynov: “Klüç doma tvoyeqo” (povest)
9. Elxan Qaraqan: “A” (roman)
10. Azər Kamal: “Duel po Freydu” (novellalar toplusu)
11. Kamran Nəzirli: Hekayələr toplusu
12. Məqsəd Nur: Hekayələr toplusu
13. Əjdər Ol: Portret hekayələr
14. Seyran Səxavət: “Yəhudi əlifbası” (roman)
15. Mövlud Süleymanlı “Erməni adındakı hərflər” (roman)
16. Taleh Şahsuvarlı “Canlanma” (roman)
17. Yusif Şükürlü “Çapa” (povest)
18. Rafiq Tağı: Hekayələr toplusu
19. Fəxri Uğurlu: Hekayələr toplusu
20. Rəna Yüzbaşı: “Tselaya veçnost v adu” (povest)

Qeyd edək ki, fevralın 10-də “short list”- yəni, qısa siyahı (10-luq) müəyyənləşəcək və ən yaxşı nəsr əsərləri hesab olunan həmin əsərlər qiymətləndirilməsi üçün Münsiflər Heyətinə təqdim ediləcək. Daha sonra isə Münsiflər Heyəti ən yaxşı əsəri müəyyənləşdirəcək və may ayında böyük təqdimat mərasimi keçiriləcək.

Xatırladaq ki, layihənin baş sponsoru “Azercell Telekom” MMC, rəsmi sponsorları “Azersun Holdinq” və “Qarant Sığorta” şirkətləridir.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 923

Oxşar yazılar