Roza Cəlilova: “İndiki rəqqasələrə ayıb olsun”
22 yanvar 2010 20:15 (UTC +04:00)

Roza Cəlilova: “İndiki rəqqasələrə ayıb olsun”

O, 80 illik ömrünün 60 ilini çox sevdiyi sənətinə həsr edib. Yaşayıb, yaradıb, ölkənin adını yüksəklərə qaldırıb, mükafatlar qazanıb və sənətini gələcək nəsillərə çatdırmağa çalışıb. Bəzən küskünlükləri də olub, hörmətsizliklə də qarşılaşıb, diqqətdən də kənar qalıb. Amma heç nə onun bu sənətə olan sevgisini azalda bilməyib. Elə bu sevgidəndir ki, vaxtilə külüng vurduğu bu sənətin hazırkı durumu bir ustad rəqqasə olaraq, onu düşündürür. Azərbaycan rəqs sənətinin mahir bilicisi, ustad rəqqasə, xalq artisti Roza Cəlilovan bu mövzu ətrafında Lent.az-a müsahibəsi.


- Azərbaycan milli rəqs sənətinin bugünkü durumu illərin sənətkarı kimi sizi qane edir?

- Xeyr, qane etmir. Mən ilk olaraq onu demək istəyirəm ki, sənətdə olan hər kəs öz ölkəsinin mədəniyyətini, incəsənətini yüksək tutmalıdır. İncəsənətin hər hansı sahəsində işləmək istəyən ilk növbədə onu ürəkdən sevməlidir. Çünki sevməsən, zəhmət çəkməsən, onu dünyaya çıxara bilməzsən. Mən incəsənətə gələndə 19 yaşım vardı. Yüksək dərəcəli balerina idim. Məktəbi attestatla bitirmişdim. Ancaq mən baleti öz milli rəqslərimizə qurban verdim. Balet hər ölkədə var – Amerikada da, İngiltərədə, Rusiyada da... Amma milli rəqslərimiz yalnız xalqımızın özünə məxsusdur. Ona görə də indi milli rəqslərə olan münasibətin soyuması mənə ağır gəlir. Milli musiqimizi, adət-ənənəmizi, folklorumuzu əks etdirən lirik rəqslər dünyada yerini tutmuş ən zəngin rəqslərdi. Onları necə müasirləşdirmək olar? Əgər 5 milli rəqsin varsa, eybi yoxdur, onun birini müasirləşdir, amma belə yox. Guya bütün rəqsləri müasirləşdiriblər – hoppanırlar.


1940-cı ildə mən filarmoniyaya gələndə Üzeyir Hacıbəyovun yaratdığı Mahnı və Rəqs Ansamblı respublikanın simvolu sayılırdı. İndi ondan bir əsər-əlamət qalmayıb. Xorun, orkestrin, rəqqasələrin sayı yarıbayarı azalaraq onlardan Xalq Çalğı Alətləri Ansamblı yaradıldı. O vaxtlar bütün rəqslər xalis milli rəqslər idi. İçərisində bircə dənə dinamik rəqs ola bilərdi. O rəqsləri ki, mən o zaman görmüşdüm, indi onlardan bir əsər-əlamət qalmayıb. Rəqslərin hamısı çox çevik olub. Hərdən fikirləşirəm ki, niyə indi də “Tirmə şal” rəqsi olmasın? Elə gözəl rəqs idi ki... Rəqsin gözəlliyi tək onun tirmə şalında yox, həm də aşığın sədasında idi. O rəqslə mən 1958-ci ildə Çinə getdim, qayıdandan sonra əməkdar artist adını aldım. İndi bu rəqsi nə qura bilən usta var, nə də oynamağı bacaran rəqqasə. Bu rəqsi Əlibaba Abdullayev qurmuşdu. Ondan sonra kimdir bu işi bacaran?


“İnnabı” rəqsi vardı. Rəqqasə üzü bağlı gəlirdi, rəqs edə-edə sonda üzünü açırdı. Bu rəqsi isə Tutu Həmidova ifa edirdi. Süjetli, quruluşlu rəqslər idi. Hanı indi belə rəqslər? Hanı indi tarixə düşəcək belə bir rəqqasə? İndiki rəqslər haqqında heç bilmirəm nə deyim. Tamaşaçını həqiqətən də cəlb edən rəqsləri indi görmürəm. Libaslarımız da indiki kimi zər-zibalı deyildi, xalis tafta parçadan tikilirdi. İki qara hörüyümüzü çiynimizə salırdıq, başımıza silsilə qoyurduq, məxmərdən çəkməmiz, döşqabağı, bilərzik kimi əsl Azərbaycan qadınına xas olan əşyalar vardı. İndiki rəqqasələr isə zər-zibalı paltarlara üstünlük verirlər. Mən indi heç bir rəqqasənin başında silsilə görmürəm. Geyimimiz, rəqsimiz, musiqimiz də sırf Azərbaycan xalqına məxsus idi. 1991-ci ildə Azərbaycandan Amerikaya gedən ilk rəqs kollektivini mən yaratmışam. Mən xatırlayıram ki, o vaxt səfər üçün lazım olan rəqs paltarların, bəzək əşyalarını Dağıstanda hazırlatdırıb gətirdik. Ancaq eskizlərini Bədirə Əfqanlı hazırlamışdı. Bilmirəm, indi bunları Azərbaycanda hazırlaya biləcək sənətkar var, ya yox. Həmin səfərdə biz Amerikada birinci yeri qazandıq.

- İndi milli rəqslərdən daha çox hind rəqslərinin dəbə düşməsinə necə baxırsınız?

- Azərbaycana hind rəqsini ilk dəfə mən gətirmişəm. Amma peşəkardan öyrənib gətirmişəm. O mənə libasını, ayağındakı zəngləri bağışladı, rəqsi öyrətdi və mən bu rəqsi Azərbaycanda orkestrin müşayiəti ilə ifa etdim. Amma indiki rəqqasələr kaseti qoyurlar, gedirlər toyxanaya, elə hey atılıb-düşürlər. Ayıb olsun onlara. Gedib özlərinə başqa iş tapsınlar. Mən demirəm ki, hind rəqsi oynamaq olmaz. Əgər repertuarında 10 Azərbaycan rəqsi varsa, qoy onlardan biri hind rəqsi olsun. Ancaq peşəkar səviyyədə. Axı onlar peşəkar rəqqasə deyillər. Kimi aldadırlar? Bununla tamaşaçı zövqünü korlayırlar.


- Bəs rəqqasələrin hind rəqsləri üstündə bir-birləri ilə dalaşmasına nə deyərdiniz?

- Mən onlara heç baxmıram. Ümumiyyətlə, televizora çox az baxıram. Çünki əvvəllər qayda-qanun vardı, amma indi hər yerindən duran televizorda istənilən sözü danışır. Mən heç kimin adını çəkmək istəmirəm. Çünki onlar mənim səviyyəm deyillər. Əvvəlki gözəl rəqqasələrdən danışmaq istərəm. Mənim fikrimcə, hər adamın səhnədə çıxıb oynamağa ixtiyarı olmamalıdır. Səhnə rəqqasəsi ilə toyxana rəqqasəsini bir-birinə qatmaq olmaz. Ümumiyyətlə, rəqs ifa etmək hər adamın işi deyil. Rəqs sənəti əziyyətli və zəhmətsevən sənətdir. Necə ola bilər hər küçədən keçən özünü rəqqasə sayır? Mən hazırda Təranə Muradovanı əsl rəqqasə hesab edirəm. İncə, boyu uzun, məktəbi də var. Bir müddət öncə səhnə fəaliyyətimin 60, anadan olmağımın 80 illik yubileyi dövlət səviyyəsində qeyd olundu. Orada “Uzun dərə”ni ifa etdi. Oynayanda barmaqları da titrəyirdi. Səbəbini soruşdum, dedi – “elə bil ki, birinci dəfədir səhnəyə çıxıram”. Əsl rəqqasə belə olmalıdır. Bizim dövrümüzdə bir rəqqasə toyda oynasaydı, onu işdən çıxarardılar. Mən belə rəqqasələrin adını bilmirəm, bilmək də istəmirəm. Peşəkar, sənətini sevən rəqqasələri tanıyıram və onlardan danışıram. Çox təəssüflər olsun ki, indi belələrini görmürəm. İndi məşq də etmədən “bu gün toydur”, - deyib düzəlirlər yola. Ya sənət, ya toy. Əvvəl biz 500 rubl alırdıq, indinin elə bil 50 manatı. Ona şükür edirdik. Çünki səhnəyə çıxıb rəqs edirdik. İndi istəyirlər elə toy olsun, vəssalam. Rəqqasə gərək xalqın ürəyinə girə bilsin. Əməkdar, xalq artisti adını alırlar, lakin xalq arasında onları heç kim tanımır. Amma o vaxt bizim fəxri adımız olmasa da, camaat bizi tanıyırdı. Ona görə ki, xalqın sevgisini qazana bilmişdik.

- Roza xanım, sizcə, bayaqdan yanğı ilə danışdığınız o milli rəqsləri yenə əvvəlki kimi bərpa etmək olar?

- Mən çox istərəm ki, əvvəlki xalq rəqslərimiz yenidən bərpa olunsun, onları yenidən səhnədə görüm. Bir müddət keçid dövrü oldu, hərə çörək pulu üçün bir tərəfə dağıldı. Bunun özünün də incəsənətə nə qədər zərəri dəydi. Həm də başqa bir problem də var. Peşəkar rəqqas və rəqqasələr yaşlanırlar. Onların çoxu artıq həyatda deyil. Qalanların da yaşı çoxdur, artıq işləmək qabiliyyətində deyillər. Onlar da dünyasını dəyişəndən sonra milli rəqs sənətinin aqibəti necə olacaq? Rəqqasə səhnədəki fəaliyyətini başa vurandan sonra, bir az yaşlananda gərək rəqslərə quruluş verməklə məşğul ola. Ömür qısalır, bir gün də yaşasaq, ona şükür edirik. O bir gündən də səmərəli istifadə etmək lazımdır. Bu haqda hələ Polad Bülbüloğlu mədəniyyət naziri olan zaman dərindən düşünməliydilər. Bizdən hələ gücümüz olan zaman istifadə etməliydilər. Ancaq təəssüf ki etmədilər. Bir də ki sənətkarı qorumaq lazımdır. Qorumayanda, ona qarşı etinasızlıq edəndə inciklik yaranır. Məsələn, Kamil Dadaşov kimi rəqqas indiyə kimi xalq artisti adını almayıb. Bəlkə də onun tələbələri çoxdan bu adı alıblar. Sənətkara qarşı belə diqqətsizlik etmək olmaz.

- Siz özünüz də xalq artisti adını 78 yaşında aldınız. Bildiyimə görə, “Şöhrət” ordeni almaq məsələsində də problem yaranıb.

- Bildiyimə görə, Mədəniyyət və Turizm Nazirliyindən “Şöhrət” ordeni almağım üçün təqdimat gedib. Amma niyə saxlanıb onu bilmirəm. “Şöhrət” ordeni almağım bir müşkülə dönüb. Mən hələ 30 yaşımdan əvvəl orden qazanmışam. İmperator qızıl medalı, Berlində qızıl medal almışam. O vaxt hər adama belə mükafatlar verilmirdi. Mənim 80 yaşım var. Necə olur, məndən sonra sənətə gələnlərə orden verirlər, mənə yox? Mən bunun səbəbini bilmək istəyirəm. Mən bütün həyatımı sənətimə bağlamışam. 6 aylıq uşağımla Moskvaya gedib qızıl medal qazandım. Uşağımı mehmanxanada bir nəfərə tapşırıb səhnəyə çıxırdım. Bütün bu fədakarlıqlarıma görəmi mənim təqdimatıma baxılmır?! Mən bu işin dalınca ona görə çox getmədim ki, birdən nazirimizin acığına gedər. Çünki mənim Əbülfəs Qarayevə böyük hörmətim var. Ancaq belə şeylər adamda küskünlük yaradır. Mən indiki nazirdən çox razıyam. Arzum bu idi ki, 80 yaşımda həyatımı qurban verdiyim bu mədəniyyət sahəsinə daxilən mədəniyyəti olan bir insan rəhbərlik etsin. Mən bunu gördüm. Daha mənim başqa arzum yoxdur.

Xəyalə Muradlı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3125

Oxşar yazılar