Tariximizin 40 min illik sirri
23 dekabr 2009 15:45 (UTC +04:00)

Tariximizin 40 min illik sirri

Lent.az-ın əməkdaşı UNESKO-nun siyahısına düşmüş qoruqdan yazır

...Bakıdan – “20-ci sahə”dən Qobustana qədər getdiyim 105 saylı avtobusda mənimlə yanaşı oturmuş Ələt sakiniylə xeyli söhbət elədim. Lakin ona jurnalist olduğumu demədim. Təhsil naziri Misir Mərdanovun adaşı olan orta yaşlı bu kişi heç vaxt olmadığım Qobustan Qayaları barədə mənə az-çox məlumat verdi. Axırda da dedi ki, “oranın bir Fərrux adında işçisi var. Gedib ona mənim adımı ver, səni qapıda qoymaz. Əgər Misir desən tanımasa, deyərsən ki, məni Talış Misir göndərib, mütləq tanıyacaq və səni içəri buraxacaq”.

Nə nazirin adaşı, nazirlikdən icazə al...

Talış Misirlə sağollaşıb “Qobustan” sözü yazılmış daşın yanında avtobusdan düşürəm. Oradan mənim kimi Qobustan Qayalığına gedən çoxlu adam görmüş bir sürücünün taksisinə minib, mənzil başına yollanıram. Qapıda Lent.az-dan olduğumu deyən kimi saytı hələ adını öyrənə bilmədiyim şöbə müdiri də daxil olmqla digər iki işçi tanıyır. Ancaq deyirlər ki, buradan reportaj hazırlamaq üçün hökmən nazirlikdən – yəni Mədəniyyət və Turizm Nazirliyindən icazə almalısan. Deyirəm adi bələdçi kimi gəlsəydim buraxacaqdınız? Cavab verirlər ki, hə. Sonra da deyirlər ki, jurnalistlər buradan yazı yazmaq, çəkiliş aparmaq üçün mütləq nazirlikdən icazə almalıdır.

Əlacım kəsildiyindən, nazirliyin mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətovu aramaq istəyirəm. Birdən yadıma Talış Misir, sonra da onun adını verdiyi Fərrux düşdü. Fərrux adında işçi soruşan kimi dedilər ki, var, ancaq indi burda yoxdu. Mən Talış Misirin dediklərindən qoruq işçilərinə danışanda hamısı gülüşdü. Məlum oldu ki, Fərrux burada... qarovulçu vəzifəsində çalışır. Onun yalnız məşhurluğu var ki, bu da mənim karıma gəlmədi.

Qapı ağzında titrəyən xalq artisti kim olub?

Qoruq işçiləri maraqlı bir əhvalat da danışdılar. Sən demə, bir müddət əvvəl indi xalq artisti adını daşıyan müğənni Faiq Ağayev də bura klip çəkdirməyə gəlibmiş. Müğənni qapıda gözləyib, prodüseri də gəlib ki, qoruq rəhbərliyindən icazə alsın. Ancaq eynən mənə verilən cavabı eşidib. Deyiblər ki, olmaz, gedin nazirlikdən icazə alın. Prodüser deyib ki, heç bilirsən o kimin mahnısını oxuyur? Mədəniyyət nazir Polad Bülbüloğlunun. Ancaq yenə də eyni cavab olub: “Lap yaxşı, nazirlikdən icazə alın, sonra keçin içəri...”
Hava da yaman soyuq imiş. Maşından düşmüş Faiq Ağayevin soyuqdan necə tir-tir əsməsi də qoruq işçilərinin ürəyini yumşaltmayıb. Axırda nazir müavini zəng vurub ki, Faiqi buraxın...

Nəysə, İntiqam Hümbətovun nömrəsini dostlardan tapıb, zəng vurdum, məsələni danışdım. Sağ olsun, çox qısa müddətdə məsələni həll elədi və mən Qobustan Milli Tarixi Bədii Qoruğuna daxil oldum.

Onlara baxıb müğənnilərin geyiminə sevin

Qoruğu gəzərkən bələdçiliyi qoruğun Kütləvi Ekskursiya şöbəsinin müdiri Lətif Həsənli etdi. Qoruğun həyətində bir muzey var. Muzeydə qoruq ərazisindəki qayaüstü yazıların şəkillərindən tutmuş, qoruğun kiçik maketinə qədər çox şey var. Hətta nənə-babalarımızın o vaxtkı vəziyyətdə olan kiçik maketləri də var ki, onlara baxmaqla ulularımızın nə geyindiyini, daha doğrusu nə qədər az geyindiyinin yarıcanlı şahidinə çevrilmək mümkündür. Təsəvvür edin ki, indi ən çox açıq-saçıq geyinən müğənnilərimiz belə, onların yanında heç nədi...

Muzeydən çıxıb qayıdaq onun da yerləşdiyi qoruğa. 4 400 hektar ərazisi olan qoruq üç dağdan ibarətdir: Böyükdaş dağı, Kiçik daş dağı və Çingizdağ (mən əsasən Böyükdaş ərazisini gəzdim). Qoruq Böyük Qafqaz dağlarının cənub-şərqində yerləşir. Bakı şəhərindən 65 kilometr cənubdadır. Buradakı rəsmləri ilk dəfə 1939-cu ildə Azərbaycanın görkəmli arxeoloqu İsaq Cəfərzadə aşkar edib, öyrənib. Onun davamçısı Cəfərqulu Rüstəmov olub. 1939-cu ildən keçən 70 il ərzində ümumilikdə 1000 qaya üzərində 6000 rəsm öyrənilib. Bunlar əsasən kişi və qadın rəsmləri və heyvan şəkilləridir. Həmçinin, qayaların üzərində ərəb və Roma yazıları var. Qoruq ərazisində 20-yə yaxın mağara-sığınacaq öyrənilib (mağaraların hər birində orta hesabla 1000-ə yaxın insan yaşayırmış). Öyrənilən kurqanların (qəbirüstü təpəliklər) sayı isə 40-a yaxındır.
Ərazidə 11 insan skeleti tapılıb. Lakin həmin skeletlərin müəyyən hissələri torpağa qarışdığından, onların hamısını bütöv halda götürmək mümkün olmayıb. Skeletlərin yaşı eramızdan 7 min il əvvələ çatır.

“Yeddi gözəl” və... diş pastası

Muzeydə poleolit dövrünə aid olan daşlara rast gəlmək mümkündür. Qədim insanlar bu daşlar vasitəsilə qaya üzərinə rəsmlər çəkirmiş. Ancaq o vaxtların da özünəməxsus rəsm çəkmə texnikası olub. Qayaüstü rəsm çəkərkən əsasən qazma və döymə üsulundan, hətta metal üsulundan da istifadə olunub. Qayaüstü rəsmlərin içərisinin ağardılaraq boz qayanın rəngindən fərqləndirilməsinə gəlincə, bunu qədim insanlar eləməyib. Ağartma işini sovet vaxtı arxeoloqlarımız nə qədər qəribə olsa da, diş pastası ilə edib. Bu, şəkillərin kənardan daha aydın görünməsi üçün edilib.

Qoruqdakı mağaralardan biri “Yeddi gözəl” adlanır. Burada yan-yana yeddi xanım şəkli var. Ümumiyyətlə isə Qobustandakı qadın rəsmləri ən qədim rəsmlər hesab olunur. Şəklin kişi, yoxsa qadına aid olmasını müəyyənləşdirmək o qədər də çətin deyil: sinə hissəsi qabarıq, çanaq nahiyəsi daha enlidirsə, bu, qadın rəsmidir (hündür boylu, əzələli rəsmlər isə kişilərə aiddir). Yeddi xanımın çiynində silahları olsa da, arxeoloqlar onların ana rəmzi – həyatın davamçısı kimi çəkildiyini iddia edir.
Aparılan sonuncu tədqiqatlara görə, Qobustandakı ən qədim rəsmlərin yaşı 34-40 min ildir. Bu barədə qoruğun üzünü görmədiyim müdiri Məlahət Fərəcovanın kitabı da var. Buna qədər isə sovet dövrünün alimi Cəfərqulu Rüstəmov buradakı qadın rəsmlərinin 20 min illik tarixi olduğu qənaətinə gəlmişdi. Bu cür qədim qadın rəsmləri bəzi Avropa ölkələrində də var. Ancaq həmin ölkələrin alimlərinin araşdırmalar aparmaq üçün imkanları genişdir. Onlar “Karbon-14” adlanan kimyəvi analiz nəticəsində həmin rəsmlərin 40 min il və daha çox yaşının olduğu müəyyənləşib. Həmin rəsmlər Qobustandakı rəsmlərlə təxminən eynilik təşkil etdiyindən, bunların da yaşının o qədər olduğunu güman etmək olar.

Qobustanda qaya üzərində ov səhnələri də var. Bu rəsmlərin mezolit dövründə çəkildiyi güman olunur. Çünki insanlar məhz mezolit dövründə silah ixtira etmişdilər. Buna qədər isə onlar heyvanları qovub dağın üzərindən düşməsinə nail olurmuşlar. Sonra da yaralanmış, yaxud ölmüş heyvan cəsədlərilə qidalanırmış (çiy yox, bişirib yeyirmişlər...).

Arxeoloji qazıntılar zamanı saxsı qablar da aşkarlanıb. Qədim insanlar həmin qabların içərisində yemək və dənli bitkilər saxlayırmışlar. Tunc dövrünə aid qəbirlərdən tapılmış saxsı qablar insanların axirət dünyasına inamı ilə əlaqədardır. Onlar ölümdən sonrakı həyata inanaraq, ölən adamların yanına saxsı qabda yemək qoyurmuşlar. Ancaq müxtəlif dövrlərə aid saxsı qabların forma və rəngləri bir-birindən fərqlidir.
Odadavamlı qab isə ərimiş metalı formaya salmaqdan ötrü istifadə olunub. Bu, Azərbaycan ərazisində metallurgiyanın qədim tarixə malik olmasından xəbər verir. Həmin qablardan eramızdan əvvəl 4-cü minillikdə istifadə edildiyi güman olunur.
Aşkarlanmış bəzək əşyaları isə heyvan dişlərindən və balıqqulağından hazırlanıb.

İndi Xəzər nefti xaricə ixrac olunduğu kimi, orta əsrlərdə Xəzər suitilərinin dərisindən tuluq düzəldərək, onun içərisində neft və duz kənara daşınırmış.

Bayaq dediyim kimi, qoruq ərazisində Roma yazıları da var. Məsələn, bu cür yazılardan birindən anlaşılır ki, romalılar Azərbaycan ərazisinə bizim eranın əvvəllərində – 84-96-cı illərdə gəliblər. Bəzi alimlərin fikrincə, Bakının Ramana qəsəbəsinə qədər gediblər. Həmin iddialara görə, Ramana qəsəbəsinin adı məhz romalılarla bağlıdır.

Burada həmçinin, 12-13-cü əsrlərə aid ərəb və fars yazılarına da rast gəlinir. Həmçinin, “Qurani-Kərim”in ayələri də var. Ən böyük və ən məşhur qavaldaşı isə qoruqdakı Çingizdağ ərazisindədir. Bu daşdan çalğı aləti kimi istifadə oluna bilməsinin sirrinə gəlincə, qavaldaşların – hansı ki, onlar qayalardır – içərisindəki balıqqulağıların arasında cüzi məsamələr var. Bu daşların içərisinin bir hissəsində sıxlıq çox, bir hissəsində isə azdır. Bir şeyi də deyim ki, əgər qavaldaş yerə qoyularsa, üzərinə daşla vurarkən heç bir səs çıxarmayacaq. Onu gərək iki daş parçasının üzərinə qoyasan.

Qobustan qoruğunun rəmzinə çevrilmiş yallı rəsmləri isə insanların ova getməzdən əvvəl ovun uğurlu olması üçün etdikləri hərəkətlərin əksidir.

Qobustanda qayıq rəsmlərinin sayı 100-dən çoxdur. Kiçik qayıqlar ov, böyük qayıqlar isə başqa ölkələrə getməkdən ötrü istifadə olunurmuş.

Məşhur Norveç arxeoloqu Tur Heyerdal 1999-cu ildə Qobustan qoruğuna gələrək, rəsmləri Norveçdəki analoji rəsmlərlə müqayisə edib. O, belə bir fikir irəli sürüb ki, buradakı adamlar düzəltdikləri qayıqlarla başqa Avropa ölkələrinə, o cümlədən Norveçə gediblər. Bu səfərlər Volqa çayı, yaxud Qara dəniz vasitəsilə gerçəkləşib. Yeri gəlmişkən, Qobustandakı qayıq rəsmləri dünyada ən qədim qayıq rəsmləridir. Onların yaşı 8-9 min ildir.

Qız qaçırmaq o vaxtdan qalıb...

Bəs qədim insanların bütün bu rəsmləri çəkməkdə məqsədi nə olub? Sualıma Lətif Həsənli belə cavab verir: “Bu sualı biz özümüz də veririk. Yəni, dəqiq məlumat yoxdur ki, qədim insanların qaya üzərinə rəsm çəkməkdə məqsədləri nə olub. Bəzi alimlər izah edirlər ki, bu şəkillər ovsunçuluqla əlaqədardır. Yəni, insanlar ova getməzdən əvvəl şəkil çəkirmişlər ki, ov uğurlu olsun. Bəziləri deyir ki, bura müqəddəs yer olduğundan insanlar bura ziyarətə gəlib, sitayiş edirmişlər, şəkillər də onunla bağlıdır. Başqa bir versiyaya görə isə bu şəkillər insanların nitq qabiliyyətinin olmaması səbəbindən çəkilib. Onlar şəkillər vasitəsilə bir-birinə nə demək istədiklərini çatdırırmışlar. Ancaq istənilən halda, rəsmlər burada yaşayanların nə işlə məşğul olduğunu göstərir. Burada ov səhnələrindən başqa, döyüş, qız qaçırma səhnəsi də var. Elə indiki qız qaçırma da o vaxtdan qalıb...”
Həsənli sonuncu sözlərini gülə-gülə desə də, mən bunu ciddi qəbul etdim.
Yeri gəlmişkən, qoruq ərazisində iki tərəfi açıq olan kiçik bir oyuq da var. Bura gələn qızlar həmin oyuqdan keçir. Çünki belə bir inam var ki, həmin oyuqdan keçən qızlar tezliklə ailə qurub, xoşbəxt olur.

Mağaralardan birində təxminən metr yarım uzunluğu olan bir qaya parçasının sanki indi düşəcəkmiş kimi vəziyyətini görüb, maraqlanıram: buradakı daşların dağılma, qopma təhlükəsi varmı? Lətif Həsənli: “Təbii aşınma prosesi gedir. Ancaq məsələn, Azərbaycandakı sonuncu böyük zəlzələ zamanı – 2000-ci ildə burada heç bir hadisə baş vermədi. İstənilən halda, bura seysmik zona sayılır”.

Qaya üzərində kiçik oyuqlar da var. Ancaq bunlar illərlə təbii aşınma nəticəsində yaranıb. Qayalardakı rəsmlərin isə aşınma prosesi gedir. O vaxt çəkilən rəsmlərin bizə yalnız 20 faizi gəlib çatıb.

Bu qoruğa kimlər gəlməyib...

İsveçrə prezidentindən tutmuş, Sudanın mədəniyyət nazirinə qədər, YUNESKO-nun baş katibindən tutmuş, dünyanın məşhur arxeoloq-alimlərinə qədər çoxsaylı tanınmış şəxslər gəlib bura. Bu qoruq Azərbaycanın YUNESKO-nun siyahısında olan iki abidəsindən biridir (digər abidə “İçərişəhər” Tarix-Memarlıq Qoruğudur).

Burada klip çəkdirən müğənnilərimiz də var. Bayaq Faiq Ağayevin adını çəkdim. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu (“Gəl ey səhər” mahnısı), xalq artisti Fidan Hacıyeva və başqa müğənnilər də qoruqda klip çəkdiriblər.

Qoruğa giriş pulludur

Bura hər kəs gələ bilər: giriş haqqı böyüklər üçün 1 manat, uşaqlar üçün 20 qəpik, tələbələr üçün 40 qəpikdir. Əcnəbi vətəndaşlar isə qoruq ərazisinə girmək üçün 3 manat ödəməlidirlər. İstəyən, bələdçi xidmətindən də istifadə edə bilər. Ancaq bu xidmət də pulludur. Azərbaycan və rus dillərində bələdçilik xidməti 3 manat, tələbələr üçün 2, məktəblilər üçün 1 manatdır (bir qrupun haqqı). İngilis dilində bələdçilik xidmətinin qiyməti isə 6 manatdır.

Əcnəbilər öz yerində, ancaq hər bir azərbaycanlının ömründə heç olmasa bir dəfə bura gəlməməsi günah sayılar. Çünki bu qoruq bizim həm milli sərvətimiz, həm də tariximizdir: çox qədim olan tariximiz... Tariximizə yaxın olun...

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1496

Oxşar yazılar