Altında tarix gizlənən sirli yurd – ARAŞDIRMA
25 noyabr 2012 16:33 (UTC +04:00)

Altında tarix gizlənən sirli yurd – ARAŞDIRMA

Lent.az Güney Azərbaycandakı yurdlarımız barədə yazıları davam etdirir. Bu dəfə Zəncan əyalətinin Əbhər mahalı haqda söz açacağıq.

İnzibati bölgüsü, əhalisi

Zəncan əyalətinin zəngin mahalı hesab edilən Əbhər iki bölgə (Mərkəz və Sultaniyyə), beş şəhər (Əbhər, Sultaniyyə, Hidəc, Şərifabad, Sayınqala) və on kənd rayonundan (Əbhərçayı, Əbhər, Sacın, Dövlətabad, Sayınqala, Şərifabad, Əhək, Sultaniyyə, Sünbülabad, Gözəldərə) ibarətdir.

2006-cı ilin rəsmi statistikasına görə, mahal əhalisi 161257 nəfərdir.

Əbhər şəhərinin coğrafi mövqeyi, tarixi

Mahal mərkəzi Əbhər şəhəri Zəncan əyalətinin ikinci böyük şəhəri hesab edilir. Əyalət mərkəzi Zəncandan 85 kilometr şərqdə yerləşən Əbhər dəniz səviyyəsindən 1540 metr yüksəkdədir. 2009-cu ilin statistikasına əsasən, şəhər əhalisinin sayı 90 min nəfərdir.

Mahal əhalisinin çoxu Azərbaycan türkləridir. Mərkəz və başqa bölgələrdən mahala gələn dövlət məmurları istisna olmaqla, əhalinin tam əksəriyyəti Azərbaycan türkcəsində danışır.

Əbhərin adı və tarixi haqqında olan məlumatların demək olar ki, çoxu qeyri-dəqiq və birtərəflidir.

Azərbaycanlı və tərəfsiz alimlərə bu bölgənin, eləcə də şəhərin tarixini, etimologiyasını yerində işləməyə imkan verilmədiyi üçün mövcud məlumatlar sifariş əsasında hakimiyyət (həm Pəhləvilər, həm də indiki İslam Respublikası) “tədqiqatçı”ları tərəfindən tərtib edilib.

Əbhər mahalı və Əbhərçayı ətrafı əraziləri ölkədə ilk insan yaşayış məskənlərindən hesab edilir. Bu yerlər uzun tarixi keçmişə malikdir.

Eradan iki min il öncə Əbhər çayı vadisi əhəmiyyətli dərəcədə inkişaf etmişdi. Eradan öncə doqquzuncu yüz illikdə midiyalılar bu bölgədə müxtəlif tayfalardan ibarət konfederasiya yaradaraq, Əbhərçayı ərazisini onun mərkəzi elan etmişdilər.

Elxanlıların hakimiyyətə gəlişi və Sultaniyyənin paytaxt elan edilməsindən sonra bu bölgə müxtəlif əlaqə yolları şəbəkəsinə malik olduğu üçün önəmli əlaqə mərkəzlərindən birinə çevrildi.

Əbhər şəhərində ilk yaşayış məskənləri olan evlər Təpəqalası adlanan tarixi yerdə, Əbhər çayının sağ sahilində yerləşir. Bura Zəncan əyalətinin ilk insan məskənlərindən biri sayılır. Arxeoloqların bildirdiyinə görə, ən azından eradan 4 min il öncədən burada icma şəklində yaşayış mövcud olub.

Son arxeoloji qazıntılar zamanı burada 260-dan çox tarixi yer, əşya və abidə aşkar edilib. Onlardan 25-i tarixi abidə, qalanları isə tarixi kurqanlar, mağaralar, qalalar və qəbiristanlıqlardır.

Bu tapıntılara əsasən belə qənaətə gəlmək olar ki, Əbhər mahalında mövcud olan qədim mədəniyyət “Kalklotik” dövrünə, eradan 6 min il əvvələ aiddir. Bir çox tapıntılar isə dəmir dövrünə, eranın 1-ci və 2-ci min illiyə məxsusdur.

Bütün tarixi tapıntılar göstərir ki, Əbhər çayı vadisi tarix boyu önəmli yaşayış və mədəniyyət mərkəzlərindən biri olub.

Əbhər çayı və Sultaniyyə çəmənliyi ərazisində aşkar edilən arşaklar, midiyalılar, əhəmənilər və sasanilər dövrünə aid kurqanlar, tarixi yaşayış məskənləri bunu sübut edir.

Bundan başqa, islamın ilk illərinə və orta əsrlərə aid abidələr də mahalın inkişafının, önəminin uzunmüddətli olduğunu göstərir.

Əbhər mahalı Elxanlılar, Səfəvilər və Qacarlar dönəmində də öz əhəmiyyətini qoruyub, saxlamışdı.

Fransız səyyahlarından Şarden öz xatirələrində yazır: “İkinci Şah Abbas Səfəvi dövründə Əbhər şəhəri 2500 ev və bağçadan ibarət idi. Şəhərin bir başından o biri başına getmək üçün atla ən azı yarım saat vaxt lazım gəlirdi”.

Bu dövrdə Əbhər üç böyük məscidə, çox saylı saray və böyük binalara, “Gəlin Qala” adlı qalaya (tarixi daha uzaq dövrlərə aid şəhər tipli qala) malik olub.

Səfəvi şeyxlərindən olan Şeyx Qütbəddinin məzarının Əbhərdə olması Səfəvi sülaləsinin bu şəhərə daha çox əhəmiyyət verməsinə və şəhərin inkişaf etməsinə təsir göstərib.

Qacarlar hakimiyyəti dövründə, xüsusilə Nəsrəddin Şah Qacar dönəmində Əbhər bölgənin əhəmiyyətli şəhərlərindən biri kimi həm də dövlət qoşunlarının topxana mərkəzlərindən biri kimi hərbi əhəmiyyətə malik olub.

Əbhər beynəlxalq Tehran-Bazərgan tranzit yolunun üzərində yerləşdiyi üçün iqtisadi, ictimai və mədəni göstəricilərinə görə, əyalətin ən əlverişli mövqeyə malik mahal və şəhəri kimi tanınır.

Məşğuliyyət və sənaye

Mahalda müxtəlif zavodların mövcudluğu, inkişaf etmiş əkinçilik, məhsuldar və geniş meyvə bağlarının olması, insan ayağı dəyməyən yerləri, gözəl təbiəti, çeşidli təbii sərvətləri, eləcə də özünəməxsus tarixi məkanlar və abidələrə, o cümlədən möhtəşəm Sultaniyyə abidəsinə malik olması mahalın zənginlik və məşhurluğunu artırıb.

Əbhər əlverişli iqliminə, tranzit yolunun üzərində yerləşməsinə, əyalət mərkəzinə yaxınlığına, Gilan, Qəzvin əyalətləri, Takistan, Xürrəmdərə, Xudabəndə şəhərləri ilə qonşuluğuna və habelə dəmiryolu stansiyası və yük daşımaçılığı üçün əhəmiyyət daşıyan tranzit yola malik olduğuna görə bölgənin ən mühüm mahallarından biri hesab edilir. Qeyd olunan göstəricilərə görə Əbhər bölgədə ən çox sərmayə qoyuluşu və turizmin inkişafı üçün münbit şəraiti olan mahaldır.

Əbhər mahalı dörd sənaye şəhərciyinə (Əbhər, Hidəc, Sayınqala və Sultaniyyə) malikdir. Ölkənin 10 il öncəki iqtisadi statistikasına əsasən, Mahalda mövcud olan 123 zavod və sənaye müəssisələrində 10 min nəfərə yaxın işçi və mütəxəssis çalışırdı.

Mahalda sənayesi əsasən, qida, toxuculuq, gön-dəri emalı müəssisələri, ağac emalı müəssisələri, mühərrikli nəqliyyat vasitələri, kağız, təkər və plastmas əşyaları istehsalı müəssisələri, ayaqqabı və çanta istehsalı fabriklərindən ibarətdir.

Bundan başqa son illər avtomobil hissələrinin istehsalı ilə məşğul olan “Saypa Dizel” şirkətinin Əbhərə köçürülməsi mahalda əhalinin məşğulluğunun artmasında önəmli rol oynayır.

Bütün bunlarla yanaşı Əbhər mahalı daha çox inkişaf etmiş əkinçilik və bağçılığı ilə məşhur olduğu üçün burada yerli məhsulların konservləşdirilməsi, habelə qida sənayesi daha çox inkişaf edib. Bu sahə mahal əhalisinin məşğulluğunun əsas hissəsini təşkil etməkdədir.

Hazırda Əbhər mahalında mövcud olan mədənlərdən 34-ü istismar olunur. Bunlar əsasən əhəng daşları, qeyri-filiz kanilər, traverten, qranit-mərmər, sənaye torpağı, silisium, dəmir, gips, kaolin və s. ibarətdir.

Tarixi, gəzməli yerləri

Əbhər mahalının bir neçə tarixi və gəzməli-görməli yerlərinin adını qeyd edirik: Əbhər kurqanı, Sayınqala kurqanı, Dizəc kurqanı, Muncuqtəpə kurqanı, Yoncalıq kurqanı, Qalatəpə kurqanı, Sünbülabad kurqanı, Muradtəpə kurqanı, Səidabad kurqanı, Ələmdar kurqanı , Sultaniyyə abidəsi, Şeyx Qütbəddin məqbərəsi, Qurvə məscidi, İmamzada İsmayıl, İmamzada Zeydülkəbir, Pir Əhməd məqbərəsi, Əbhər cami məscidi, Əbhər tarixi hamamı, Qeydar Nəbi məqbərəsi, Qürvə Cami məscidi, Molla Həsən Kaşı məqbərəsi, Çələbi Oğlu tarixi abidəsi, Daşkəsən tarixi məbədi, Vir və Qürvəqaya kəndləri, Əli bulağı, Sahil parkı, Əbhər meşələri, Pərdis parkı, Əbhər çayı bəndi, müxtəlif istisu bulaqları, tarixi mağaralar və s.

Bunların bir çoxu baxımsızlıq ucbatından məhv olsa da, onlardan bir neçəsi hələ də qalmaqdadır.

ODAM (Orta Doğu Araşdırma Mərkəzi) Güney Azərbaycan Qrupu
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2230

Oxşar yazılar