Aysel Əlizadə yazır: “Bu da xəyanətdi...” – SƏKKİZİNCİ MƏKTUB
26 oktyabr 2012 23:49 (UTC +04:00)

Aysel Əlizadə yazır: “Bu da xəyanətdi...” – SƏKKİZİNCİ MƏKTUB

Gecən xeyir, oxucum...əslində oxucularım...Sizi tək-tək salamladığma görə tək halda yazıram. Oxucum...

Mən məsələn, çox həyəcanlanıram Sizi yazımla üzbəüz düşünəndə. Əslində, bir az da qorxuram, daha düzü, ehtiyat edirəm. Çünki içimdən, ağlımdan çox şey keçir. Fikirləşirəm, görəsən, bunları yazsam sizi usandırmaz ki?..

Məndən olsa, hər maraqlı saydığım detalı yazaram. Məsələn, bu gün Ona “mənim sevgim, sədaqətim, sənin sevginə, sədaqətinə qədərdi” dedim. “Sən xəyanət etsən, sərhədlər itər, xaos yaranar münasibətimizdə”. O da soruşdu: Xəyanət nəyə deyirsən? Məsələn, başqa bir qadınla görüşmək xəyanətdi?

Bu DA xəyanətdi, dedim...

Xəyanət satqınlıqdı. İnandığın, hətta tapındığın nəsnələrin ayaqlanmasıdı. Üzərinə götürdüyün vəzifənin öhdəsindən bilərəkdən gəlməməkdi. Xəyanət, sevdiyin adamın başqasıyla bir yatağa girməsi deyil, təkcə. Hətta, mənə görə, bu, sonuncu xəyanətdi. Sevdiyin adamın sənin yanında ola-ola başqası haqda düşünməsi və bunu səndən gizlədərək yalandan üzünə gülmsəməsidi. Xəyanət - yuxularda başqasıyla sevişmək üçün yerinə uzanmaqdı. Xəyanət bütün mənalarda saxtakarlıqdı.

Rüşvətxor məmur öz vəzifəsinə, dövlətinə xəyanət edir. Vəzifəsindən istifadə edib adamları incidən kəs bütün insanlığa xəyanət edir. Başqasının xəyalıyla səndən xəbərsiz yanında yaşayan adam sənə xəyanət edir. Dürüst olmayan hər kəs xəyanətkardı. Dürüst olmayan hər şey xəyanətdi.

Mənim rəhbər işçi olan dostlarım var. Onlar bilirlər ki, hardasa rəhbər olan birinin öz qadın işçisini təqib etməsi, ona görüş təklif etməsi-filan başımın daşıdı. Bu, bağışlanmazdı. Əgər dostlarım da eyni işi görsə, bu zərbəni çətin yaşayaram. Bu, böyük xəyanət olar. Birgə yaşadığın adam hansısa qadını seksə vadar edirsə, mənə görə xəyanət onun kiminləsə sevişməsi deyil, buna kimisə məcbur eləməsi, bunu kiməsə düşünülmüş şəkildə təklif eləməsidi.

Sevdiyim adamlar kiminsə haqqını kəssələr, kiminsə pulunu yesələr, kiminsə eşinə göz diksələr, kiminsə hüququnu pozsalar, bu ən pis , ən ağır xəyanət olar.

Dost, sevgili, valideyn, övlad...əziz olan kim varsa, insanlıq adına, vicdana ləkə gətirəcək nə edirsə xəyanətdi.

Hə, bunların heç biri səbəb deyilsə, hesab sormaq, aydınlaşdırmaq olar. Özünü kiminləsə paylaşdı... Nədən etdi? Çıxış yolu nədi? Getməkmi, qalmaqmı, unutmaqmı...anlamaqmı..(?) bağışlamaqmı ..(?)

Neçə il əvvəl bir dostumla təsadüfən yolda rastlaşdıq. Yaxınlıqda bir kafe vardı, oturduq, söhbətləşdik. Mən nədənsə danışırdım, dostum dalğın-dalğın əyin-başıma, üz-gözümə baxırdı. Bunu hiss edirdim. Hiss edirdim ki, nəyisə anlamaq istəyir. Çox ağır bir period idi. Ailə problemləri, işsizlik, səhhətimdə nasazlıq... İki gün sonra mənə zəng vurdu.” Bir reklam çarxı var, dedi, onu oxumaq lazımdı. Normal qonorar da verirlər. Fikirləşdim ki, sənin səsin yaxşıdı, yarayar. “Onsuz da gedəcək yer, çəkinəcək səbəb yox idi. Gedib həmin reklama öz ecazkar səsimi bəxş eləmək yerinə düşərdi))). Bir neçə gün sonra yenə zəng vurub, yenə eyni təklifi elədi. Yenə bir reklam mətni səsləndirmək lazım idi. Yenə getdim. O aralar bir az başım qarışdı. Sonralar heç həmin reklamlara rast gəlmədim də. Dostum arada məni yığırdı, kefimi soruşurdu, güldürürdü. Üstündən 6 il keçdi. Mən yalnız indi anlamışam ki, dostum bir bəhanə tapıb hər mənada mənə dəstək olmaq istəyirmiş. Həmin an yanımda heç bir “dost” yox idi. Problem başdan aşırdı. “Darıxma, hər şey yaxşı olacaq” deyən bir bəndəyə ehtiyacım vardı. Bu ehtiyac üzümün cizgilərindən asılıb qalmışdı. O, bunu duymuşdu. Dostum zəhmətlə yaşayan, vicdanlı, təmiz bir oğlandı. Varlı-hallı da deyil.

Sədaqətli, ürəkli dostdu sadəcə. Gerçək dostdu... Və əslində özünün də dəstəyə ehtiyacı var. Bu günlərdə qəfildən zəng elədi. Hal-əhval tutdu. Telefonu qapayandan sonra bir xeyli onun haqda düşündüm. Birdən bu hadisəni xatırladım və yalnız həmin an anladım...

O, bundan sonra yüz il məni axtarmaya bilər. Yeni dostları olar, onları daha çox sevər. Bu heç vaxt xəyanət sayılmayacaq. Çünki onun bir zaman dostluğa uzatdığı əl həmişə mənim üçün qiymətli olacaq. Bu vəfalı əl dünyanı gəzərək, boynuna kəndir keçirib özünü asmaq istəyən insanların əlini saxlamaq üçün yaranıb...

Bax, sizə bütün bunlardan – dostum Turaldan yazmaq istəyirdim... Gözlərinizi yormadım ki?.. yordumsa bağışlayın. Gözlərinizi qoruyun, xəyanət etməyən gözlərinizi...

ayselalizade@yahoo.com
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3874
avatar

Aysel Əlizadə

Oxşar yazılar