Aysel Əlizadə yazır: “Heç nə izah edə bilmədik...” - YEDDİNCİ MƏKTUB
25 oktyabr 2012 21:00 (UTC +04:00)

Aysel Əlizadə yazır: “Heç nə izah edə bilmədik...” - YEDDİNCİ MƏKTUB

Oxucum, gecən xeyir... Bu gün yazmayacaqdım Sənə. Ancaq nəsə çatışmırdı axşama yaxın. Ha vurnuxdum, gördüm yox, danışmalıyıq.

Mən səninlə bu məktubda gecəmi paylaşmaq istəyirəm. Onsuz da heç vaxt böyük anlamda gecəmizi kiminləsə bölüşməyəcəyik. Onsuz da hər kəs gecəsini öz içində çəkəcək. Həmişə belə olacaq, heyf...

Niyə adamlar bu qədər yalqızdılar axı...

Gecəni unutmaq istəyirəm.

Ancaq Sən darıxma, mən gecələr yazacam sənə. Ay kimi kompüterindən işıq ötürəcəm, sel ötürəcəm otağına. Darıxma, yalqızların ən gözəli bizik. Gəl, eyvana çıxıb Ayı salamlayaq, bir siqara yandırıb tüstüsünü havaya qataq, Aya arzularımızdan danışaq. Məsələn: Ay, mənim ən böyük arzum sevgilimin gözləridir. Ay, arzum kimisə sevindiyindən dəlicəsinə ağlayan görməkdi. Ay, sevindiyimdən dəlicəsinə ağlayacağım anı arzulayıram...

Gəl, eyvana çıxaq...

Bizim bir eyvanımız var. Əlbəttə, hamının eyvanı var. Ancaq bizim eyvanımız bir az başqa cürdür. Hamının eyvanı hava almaq üçündü, bizimki yox. Mənim orda havam çatmır, nəsə burnumu-ağzımı tutub boğur, iki tərəfdən qollarımı sıxıb ensizləşdirir.

Günlərin birində anladım niyə belə olur. Ağrının səbəbini biləndə onu müalicə eləmək daha asandı. Ancaq yox, bu mənə ikiqat ağrı verdi. Bu səfər hər eyvana çıxanda məni orda boğan səbəb yadıma düşür.

Bu eyvanda nə hisslər yaşamışam mən, İlahi. Çox keçmiş olsun, olacağına əmin etsəydin sən də bir, İlahi...

Neçə sabahı diri, ayıq gözlərlə yuxudan xəbərsiz qarşılamışam bu eyvanda. Nə qədər yumaq kimi bükülüb bir küncündə içim hönkürüb, haray salıb, neçə itgi, neçə günah, neçə dərd can verib bu eyvanda bir türlü canını tapşırmadan...

Yazıya qədər nələr yarıda qalıb. Yazıya qədər nələr çilik-çilik olub, nələr ovulub göz önündə. Sevdiyim iş, sevdiyim adam...

Yarıda qoymaq nədi? Bərabər bir yolçuluğa çıxırsız və yolun tən ortasında yol-yoldaşın əlini əlindən üzüb hayanasa qaçıb gedir. O qədər qəfil, gözlənilməz olur ki, mat-mat arxasınca baxırsan, “hara?” sualını səsləndirməyə fürsətin də olmur. Həmişə anama deyirəm. Sağ olsunlar. Məni yazıçı elədilər. O qədər incitdilər ki, iyrəndim, tüpürdüm hər şeyə.

Yoxsa indi bu qədər hissi neyləyəcəkdim? Bu qədər duyğunun öhdəsindən necə gələcəkdim?

Yazı məbəddi. Biz yazı adamları üzümüzü ona tuturuq yüngülləşmək üçün. Başını kompüterin içinə soxub illərlə yazırsan, bir də başını qaldıranda görürsən ki, hər şey dəyişib. Artıq kim bilir neçənci ildir.

“O adamlar” bəlkə də çox yumşaq döşəklərdə uzanıb, səhərə qədər divanə yuxuların seyircisi olub xorhaxor yatırmışlar, bizim eyvanın qəfəsi xatırladan barmaqlıqları arasından, Günəş nəhayət boylananda.

Biz “o adamlara” heç nə izah edə bilmədik... İndi heç izah etmək istəmirik də.

Biz bədbəxtliyin də, mutluluğun da ən möhtəşəmini yaşayırıq.

Buna görə eyvana çıxıb dərindən və rahatca bir nəfəs çəkib Aya göz vurmaq olar... Eyvanın havası da dəyişəcək. Əslində çoxdan dəyişib, xırda-para işləmlər qalıb, onları bitirmək lazımdı, vəssalam. Onsuz da bütün şəhərin eyvanını təzələyirlər. Zaman yaxşıların dostu, pislərin düşmənidir. Hər şeyi yerbəyer edir.

Əsas odu, gözlərini qoru, doğma gözlərini...
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3237
avatar

Aysel Əlizadə

Oxşar yazılar