Aysel Əlizadə Lent.az-ın oxucularına yazır: Nağıl danışmaq vaxtı
17 oktyabr 2012 14:34 (UTC +04:00)

Aysel Əlizadə Lent.az-ın oxucularına yazır: Nağıl danışmaq vaxtı

“Oxucuya məktub” adlanan bu layihə Azərbaycanda ilk dəfə gerçəkləşdirilir. Lent.az-ın bu pəncərəsində Aysel Əlizadə fikir və düşüncələrini, cəmiyyətdə və hətta təbiətdə baş verən hadisələrə münasibətini oxucusuyla paylaşacaq. Məktubların mövzusu müxtəlif ola bilər. Şəxsi məsələlərdən tutmuş dünyanı bürüyən çoxsaylı problemlərə qədər. Yazara və oxuculara bu yeni münasibətlər müstəvisində uğurlar arzulayırıq!

İlk məktub

Oxucum, hər şeydən öncə, salam. Bundan sonra Sizə tez-tez məktub yazacam, dərdləşəcəyik. İstəsəz, Siz də mənə yazın.

Necə oldu məktub yazmaq qərarına gəldim? İki gün əvvəl möhkəm darıxdım. Telefon bloknotumu axtardım, bir adam tapmadım dərdləşməyə, bir adam tapmadım görüşməyə. İki saat vaxtım vardı. Şəhəri dolaşdım, bir az sonra gəldim evə. Qızımı qucaqlayıb oturdum. Bir xeyli susduq ikimiz. Qızım çox maraqlıdı, sərbəstdi, ağıllıdı. Həmin gecə dəhşət darıxırdım, başımı balaca köksünə qoyub uzandım. Cırtdancam elə həssasdı ki, gözlərim dolur. Müdrikcə böyük və ağıllı gözlərini gözümə dikib ovcuma yerləşən, öpməkdən doymadığım cücə əlləriylə sakitcə saçlarımı sığallamağa başladı. Elə həmin gecə qərara gəldim ki, Sizə məktublar yazım. Bəlkə hər gün, bəlkə hərdən...

Bir ehtiyac var - tənha, səbrli bir ehtiyac. Danışmaq istəyirsən, ağzın sözlə doludu. Ancaq üzünü divara tutub özünü dəliliyə də qoya bilmirsən. Düşündüm ki, bu ehtiyacı yalnız Sizinlə ödəmək olar.

Daha çox qızımdan yazacam - dünyanın ən böyük eşqindən, qüsur saymayın. Həyatımın ən önəmli yerini tutur. Ən dəyərli vaxtımın yiyəsidi. Bayaq eyni anda öpdük bir-birimizi. Öpüşlər üst-üstə düşəndə necə gərəkli hiss edirmiş adam özünü. Gedib-gəlib üzümdən öpücük alır, burnumdan tutur, ayaqlarımı pilləkən kimi kullanıb qalxıb qucağıma oturur. Onun üçün dünya bir yanadı, anası bir yana. Bütün cocuqlar kimi. Səni olduğun kimi sevən, hətta bəlkə belə olduğun üçün daha çox sevən, ya bəlkə sadəcə olduğun üçün sevən bir insanın həyatında var oluşu, zülmətdə görünən işıq ucu kimi ümidlidi, sevinclidi. Bir də kitaba “çikab” deməyi var. Məni ən çox çikaba qısqanır bu balaca qız.

Bir gün nağıl danışırdım ona. Axırda qaydaya görə dedim: Göydən 3 alma düşdü... Etiraz elədi. “Yox, 3 alma azdı, çoxlu alma düşsün, hamıya çatsın.” O gündən yatmağa hazırlaşanda özü deyir. “Suyumu içim, gedək uzanaq, nağıl danış, sonra da göydən çoxlu alma düşsün.”

İndi Kamal Abdullanın “Labirint” ini oxuyuram. Kamal bəy adamı gerçəkdən də labirintə salır bu kitabla. Burdan vurub, ordan çıxırsan. Mifdən müasirə, rasionallıqdan irrasionallığa dəhliz-dəhliz gəzdirir. Qəribə döngələr var. Ya bir də görürsən, səni tunelə salıb. Get ki gedəsən. Nə sağ var, nə sol. Burdan çıxmalısan birtəhər. Qarşıda nəsə, harasa var. Ona çatmalısan. Elə ki çatdın, qəfildən yeni bir döngə, yeni bir başlanğıc, paralellər. Kamal çox zəhmətkeş yazıçıdı, zəhmətkeş adamdı. Kitab da maraqlıdı. Ancaq səhvlər var. Mənə görə səhvdi. Oxuduqca işarələyirəm. Gələn məktubda kitabda qeyd elədiyim yanlış məqamları yazacam. İlk məktubdanca hücuma keçməyək durduq yerdə.

Redaktorun diqqətsizliyidi, ya başqa səbəbdi, bilmirəm. Hər halda, kitabı zəiflədir, gərək olmayaydı. Nəsə mənə elə gəlir ki, Kamal bəy uşaqlar üçün çox maraqlı nağıllar yaza bilər. Onun yazılarında sevgi var, sonsuz sevgi. Həm mən qızıma yeni nağıllar danışmaq istəyirəm axı. Sonunda göydən çoxlu almaları düşən nağılın əvvəli gərək yeni olsun, yepyeni. Kim yazacaq bəs?

Məncə, uşaqlar üçün yazmaq lazımdı, uşaqlardan yazmaq lazımdı, nə bilim, uşaqları yazmaq lazımdı. Onlardan təmiz, maraqlı, əziz nə var bu “unutmağa kimsəmiz olmayan” dünyada?

İndi üzrlü sayın, getməliyəm. Uşağa nağıl danışmaq vaxtıdı... Gözlərinizi qoruyun. Sizə yenə yazacam...
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5539
avatar

Aysel Əlizadə

Oxşar yazılar