Qoçaq Əsgərov: “Estrada oxuyanlarımız təlxəklik edirlər” – MÜSAHİBƏ
21 sentyabr 2012 17:27 (UTC +04:00)

Qoçaq Əsgərov: “Estrada oxuyanlarımız təlxəklik edirlər” – MÜSAHİBƏ

Tanınmış muğam ifaçısı Qoçaq Əsgərov Füzuli rayonunda dünyaya gəlib. 6-7 yaşlarında oxumağa başlayan Qoçaq musiqi təhsili almaq üçün valideynlərindən xəlvət kənddəki evlərindən qaçıb. Füzuli rayon mərkəzindəki musiqi məktəbinə gedib. Müharibənin ən qanlı-qadalı vaxtlarında – 1992-1994-cü illərdə azərbaycanlı gənclər könüllü şəkildə cəbhəyə yollanıblar. 15 yaşlı Qoçaq da onlardan biri olub. Döyüşlərin birində gözündən yaralanaraq, hospitala düşüb. Uğursuz əməliyyatdan sonra isə ev-eşiklərini itirib. 1993-cü ildən qaçqın şəraiti yaşayan Qoçaq ailəsi ilə birlikdə 1998-ci ildən Bakıda məskunlaşıb.

Müharibə zamanı səs telləri zədələndiyi üçün bir müddət oxuya bilməyib. Daha sonra isə Asəf Zeynallı adına musiqi məktəbinə daxil olub. 2005-ci ildə “Muğam” Müsabiqəsinin qalibi, 2009-cu ildə Səmərqənddə keçirilən “Şərq təranələri” musiqi festivalının birinci mükafatına layiq görülüb. Qoçağın yaradıcılıq yolu davam edir. Hazırda bir neçə yeni layihə üzərində işləyən Qoçaq Əsgərov Lent.az-ın suallarını cavablandırır:

- Muğam Müsabiqəsində qalib olmağınızdan artıq 7 il keçib. Bu illər ərzində sizin üçün nələr dəyişib?

- Əslində, lap əvvələ qayıtsaq, Muğam Müsabiqəsi mənim xatirəmdə uğurlarla yanaşı, həm də ağrılı-acılı günlərlə qaldı. Müsabiqə ərəfəsində mənim itirdiyim acının yerini heç nə verməz. Yarışmanın 4-cü həftəsində biz ailəliklə İran istehsalı olan qaz sobasında zəhərlənmişdik. Çox acı çəkdim. Mənim 4 yaşlı oğlum həlak oldu. Uşaq öldü, biz isə öləmmədik. Mən elə həmin həftə səhnədə çıxış etdim. Əslində qətiyyən çıxış etmək istəmirdim. Arif müəllim və Nadir müəllim məni ruhlandırdılar, çıxış etməyimi istədilər. Çətinliklə də olsa, mən oxudum. Qazandıqlarım da təbii ki, qat-qat çox oldu. Müsabiqədən sonra Avropanın qapıları üzümə açıldı.

- Sizi Avropaya aparan yoldan danışın...

- Ümumiyyətlə, əvvəldən bir şeyi qeyd edim. Həmişə sənətimi ucaltmaq istəmişəm. Yəni, məni nə maddiyyat düşündürüb, nə toylara getmək arzusu. Hər kəs istəyər maddi durumu yaxşı olsun. Amma sənət uğuru mənim üçün vacibdir. Hələ Asəf Zeynallı adına musiqi məktəbində oxuyarkən belə, Alim Qasımova baxıb, həsədlə deyirdim ki, kaş mən də Avropada belə tanınardım. Həyatda nəyi arzu etmişəmsə, ona da nail olmuşam. Müsabiqədən sonra bu, baş verdi. Elə oldu ki, Avropa-Azərbaycan cəmiyyətinin sədri Tale Heydərov həmin müsabiqə dövrü mənim ifamı bəyəndi. Mənə təklif gəldi. Beləliklə, ilk çıxışım Londonda Suas Universitetində oldu. BBC radiosunda yarım saatlıq canlı veriliş hazırlandı. Həmin vaxt onlar Azərbaycan musiqisindən xəbərsiz idilər. Verilişin adı “Musiqi yolları” idi. Çəkiliş qrupu ilin 6-8 ayını Afrikada, Malida, İspaniya, İtaliya və sair ölkələrdə musiqilərlə maraqlanırlar. İlk konserti verməklə mən birinci mərhələni keçdim. Həmin konsertin müəyyən maliyyə xərclərini Tale Heydərov çəkdi. Avropaya yol açmağımda onun rolu əvəzsiz oldu. Əgər madiyyat olmasa idi mən həmin uğurları əldə edə bilməzdim. Uğuru qazanmaq üçün təkan lazım idi. İndi də belə düşünürəm ki, xərclər boş yerə sərf olunmadı. Avropa Azərbaycan Cəmiyyəti nümayəndəlikləri ilk konsertimdə də iştirak etdilər. Oradan qayıtdıqdan sonra tanınmış jurnalist, Azərbaycan haqqında bir çox yazıların müəllifi Tomas Qoldsla tanış olduq. Bir şeyi xüsusi qeyd etməliyəm ki, Avropanın hansısa bir ölkəsində özbaşına gedib çıxış etmək qeyri-mümkündür. Yəni, bütün uğurlar sənin necə təqdim edilməyindən çox asılıdır. Həmin şəxs nüfuzlu və kifayət qədər inanılmış şəxs olmalıdır. YUNESKO-nun eksperti Sənubər Bağırova bu işin öhdəsindən gəldi. Əmin olun ki, mən xaricilərə 40 dəfə də yazsam, milyonlar da təklif etsəm qəbul etməzdilər. Təqdimatdan sonra isə maddiyyat durur. Onlarda bir məsələ var ki, bəyəndilər, deyirlər, xərclərinizi çəkin, gəlin, baxaq. Belə də oldu. Biz radioda çıxış edəndən sonra onlar dəhşətə gəlmişdilər. Aparıcı dedi ki, biz mütləq Azərbaycana gəlməliyik. Biz sizi kəşf etdik. Onlar bizim ölkəmizə gəldilər. Buradakı musiqiçilərimiz haqqında süjetlər çəkdilər. Hətta Tovuz, Qazaxda oldular. Gədəbəy aşıqlarının səsini yazıb apardılar. Daha sonra Beynəlxalq Muğam müsabiqəsində gəlmişdilər. Eyni zamanda buradan aşıqlarımızı Londona dəvət etmişdilər. Musiqiçilərimiz orada çıxış etdilər. Bu, yüksək səviyyədə qarşılandı.

- Hazırda səfərləriniz davam edirmi ?

- Bəli. Çünki, müəyyən an var ki, o anı buraxdınsa, bir daha ələ düşməyəcək. İlk dəfə Londona getməyim mənim üçün bir qapı idi. Bu qapı mənim üçün açıldı. Avropada disklərim buraxıldı. İtaliyada işıq üzü görən diskim məni daha çox tanıtdı. Mediada, jurnallarda işıqlandırıldı. Bizdə deyirlər pul ver, tərifləyim səni. Amma orada belə şeylər yoxdur. Baxırlar, necəsən o cür də yazırlar. “Eurovision” müsabiqəsi qabağı təmsilçilərdən hansısa televiziyada çıxış edərkən demişdi ki, mən Azərbaycan musiqiçilərini tanıyıram. Alim Qasımov, Qoçaq Əsgərov və sair. Adımın o sənətkarla birlikdə çəkilməsi mənim üçün milyarddır.

- Keçirdiyiniz konsertlərdə Avropa və Azərbaycan dinləyicisi arasında fərq hiss olunurmu?

- Müsabiqə bitdikdən sonra iki dəfə Bakıda solo konsert vermişəm. Filarmoniya və Muğam mərəzində keçirilən bu konsertlərin hər ikisində zal dolu olub. Amma burada konsert vermək üçün müəyyən çətinliklər var. Təşkilat işləri ilə məşğul olmaq, eləcə də publikanın qarşısına çıxıb oxumaq çətindir. Bizdə musiqini bilən adamlar çoxdur. Ən azı oxuduğun sözlərin mənasını başa düşürlər. Amma Avropada oxumaq daha çox məsuliyyətlidir. Biz elə hesab etməyək ki, onlar bizim dili başa düşmür, nə istəsək oxuya bilərik. Yox, əlbəttə. Çünki onlar əvvəldən Alim Qasımov, Nüsrət Fateh Əlixan, Şəcəryan kimi tanınmış musiqiçilərə qulaq asıblar. Mən İtaliyada olanda dedilər ki, 10 il əvvəl bu səhnədə Pakistanlı sufi musiqisi oxuyan Nüsrət Fateh Əlixan çıxış edib. Onu dinləyən adam məni də dinləyirsə, deməli o tamaşaçı zövqlüdür və dinləmə qabiliyyəti yüksəkdir. 90 dəqiqə fasilə etmədən konsert oxudum. Ayaqlarını yerə vurub, məni təkrar səhnəyə qaytardılar. Onların bizimkilərdən əsas fərqi musiqi dinləmək qabiliyyətlərinin yüksək səviyyədə olmasıdır. Onlara söylədim ki, istəyirəm muğamı Avropa musiqisi ilə sintez edim. Onlar mənə güldülər. Dedilər ki, maraqlıdır, Şərqdən gələnlər hamısı belə deyil. Amma biz bunu qəbul etmirik. Biz orijinaldan qulaq asmaq istəyirik, bundan zövq alırıq.

- Belə çıxır ki, bizim musiqilər xaricdə burada olduğundan daha düzgün təbliğ olunur.

- Elədir. Bilirsinizmi, bizdə təbliğat düzgün işləmir. Bu yaxında bir kanalda bir neçə sənətkarımız oturub, erməninin “Sarı gəlin” oxumağını müzakirə edirdilər. Lağ edib, gülürlər. Jurnalist də qələmini oynada-oynada bir şərh verir. Amma əslində bilmir ki, o, özü bunu təbliğ edir. Ümumiyyətlə, Sovet vaxtındakı kimi kriminal, şou xarakterli, müğənnilərin, jurnalistlərin ağızlarına gələn işlətdikləri sözləri efirdən silmək lazımdır. Mən İngiltərədə “Sarı gəlin” haqqında disk buraxdım. Ona baxan millət vəkilimiz dedi ki, bundan gözəl təbliğat ola bilməz. Üzərində Azərbaycanın bütöv xəritəsi verilmişdi. Əgər bizimkilərə desəydim ki, mənim o diskim haqqında verilişdə danışaq, heç vaxt verməzdilər, yaxud da pul istəyərdilər. Amma götürüb erməninin “Sarı gəlin” oxumağını təbliğ edir. Daha sonra “Sarı gəlini” o qədər ifrat təbliğ etdilər ki, hamı bu mahnını oxumağa başladı.

- Azərbaycan estrada müğənnilərinin muğam oxumağını necə qiymətləndirirsiniz ?

- Bu, dəhşətdir. Əllərinə qaval alıb oxuyan estrada müğənniləri Azərbaycan muğamının inkişafını istəməyən insanlardır. Onlar lağ üçün oxuyurlar. Əmin olun ki, onlar Azərbaycan musiqisinin düşmənləridir. Heç də müsbət qiymətləndirmirəm. Estrada müğənnisinin muğam oxuması təlxəklikdir.

- Müsabiqədən sonra bir çox həmkarlarınız müxtəlif teatr ocaqlarında fəaliyyətə başladılar. Siz belə bir iş yeri düşünürsünüzmü ?

- Hər kəs öz yolunu seçdi. Allah mənə də belə qismət elədi. Hamının işi avand olsun. Mənim heç vaxtım olmur. Müəyyən yerdə soruşurlar tələbə hazırlayırsınızmı? Mən özüm hələ öyrənmək mərhələsindəyəm. Kiminsə üçün həvəsli ola bilər, mənim üçün yoxdur.

- Bəs, Məcnun olmaq arzusu ?

- Yox, arzulamıram. Dəfələrlə “Leyli və Məcnun” tamaşasına gedib baxmışam və zövq almışam. Mən tamaşadan özüm üçün nəsə öyrənmişəm, qidalanmışam. Amma özüm arzulamıram. Konservatoriyada oxuyanda istəyirdim. Amma doğrudan indi həvəsim yoxdur. Ümumiyyətlə, başqa heç bir yerdə işləmirəm.

- Gəlir mənbəyiniz haradandır ?

- Gəlir mənbəyim Avropadandır. Hazırda bir neçə diskim işıq üzü görüb. O disklərin satışından əldə olunan gəlirlə dolanırıq.

- Kifayət edirmi ?

- Siz bilirsinizmi Üzeyir Hacıbəyov o dövrdə kabab yeyib, yoxsa şorba? Yox, bilmirsiniz. Yaxud da Qara Qarayev 10 manatlıq şalvar geyinib, ya 100 manatlıq? Bütün bunlar gəlib-keçicidir. Amma onların adı tarixdə qalıb. Qalacaq da. Mənim üçün önəmli sənətimdir.

- Toylara da getmirsiniz ?

- Az hallarda gedirəm. Toylara dəvətlər alıram. Amma elə adam olur ki, heç onun danışığı belə xoşum gəlmir, imtina edirəm. Yalnız dost-tanışlar dəvət edərlərsə, gedirəm. Bir dəfə bir müğənni dedi ki, siz sənətkarsınız, amma toyları biz oxuyuruq. Mən ona dedim ki, olsun. Amma tarixdə Şövkət Ələkbərovanın, Xan Şuşinskinin adı qalıb. Sənin adın isə yaşamayacaq.

- Azərbaycanda disk çıxarmaq fikriniz varmı ?

- Bunu Azərbaycanda etmək fikrim yoxdur. Burada disk çıxarmaq məsələsi də qəlizdir. Bir dəfə bununla bağlı söhbət düşmüşdü. Dedilər ki, disk çıxarmaq üçün filan qədər pul lazımdır. Soruşdum ki, pulu mən sizə verəcəyəm, ya siz mənə ? Dedilər, siz verməlisiniz. Amma orada mənim fotosessiyamdan tutmuş, hər bir məbləğ ödənilir. Bir məsələ də var ki, bizim 9 milyondan çox əhalimiz var. Bakıda 3 milyonun 1 milyonu oxuyandır. Bu, reallıqdır. Musiqiçi disk buraxır. Kim alacaq? Bu disk 20 dənə satılsın. Baxın, hamı oxuyur. Amma Londona mənim diskim buraxılanda 10 min tirajla satılır. Avstraliyaya və Zelandiyaya getdim. Baxdım ki, disklərim orada da satılır. Deməli, hansı ölkədə festival olanda müqavilə bağladığım şirkət diskləri satışa çıxarır. Bizdə belə bir mexanizm yoxdur.

- Müğənnilərimizi dinləyirsinizmi ?

- Xeyr, qulaq asmıram. Heç birini dinləmirəm. Yalnız köhnə sənətkarlarımızdan Oqtay Ağayev, Rəşid Behbudova qulaq asıram. Axı mən onları dinləsəm, nə qazanacağam, nə öyrənəcəyəm? Məndə bir xüsusiyyət var ki, bir insanla münasibət quranda, kiməsə qulaq asanda fikirləşirəm ki mən bundan nə götürəcəyəm, nə öyrənəcəyəm. Qulaq asıram, öyrənirəm, beynimdə qalır. Bunlardan mən nə götürüm?

- Dediniz ki, indi muğam oxuyanların sayı artıb. Sizcə, bu axın bu sahədə xaos yaratmırmı? Bunun üçün müəyyən qaydalar lazımdırmı ?

- Artıq gecdir. Qarşısını almaq da mümkün deyil. Muğam ifaçılarını yenə başa düşmək olur. Amma estrada müğənnilərinə təlxək kimi baxıram. Əslində onlar özləri o fonda elə görünürlər. Onları yaradan da bizim televiziyalarımızdır. Bilirsinizmi, mən əvvəllər başqa cür edirdim. Efirə dəvət olunarkən, dərhal kamança, tarı götürüb qaçıb gəlirdik. Amma baxdım ki, bu belə deyil. Musiqiçi məşq etməlidir. Keyfiyyətli məhsul təqdim etmək üçün mən hazırlaşmalıyam. İnsanlar fərqli çıxışlar gözləyir. Nə qədər eyni musiqi eşitmək olar. İndi həftədə bir neçə dəfə 3-4 saatlıq məşq edirəm. Birdə görürsən zəng edirlər ki, sabah saat 12-də verilişə çıxacaqsan. Heç soruşmurlar ki, nə təqdim edəcəksən. Yəni, bu o deməkdir ki, onlar üçün fərqi yoxdur ki, müğənni tamaşaçıya nə təqdim edir. Əsas efir vaxtı dolsun. Ona görə də bu cür hallar yaranır. Mən Avropaya gedəndə 8 ay öncədən xəbər edirlər. Orada çəkiləcək xərclər, plan haqqında məlumat gəlir. Mən də ona uyğun proqram hazırlayıram. Belə də olmalıdır. Keyfiyyətli məhsul təqdim etmək üçün çox hazırlaşmalısan. Mənim 2013-cü ilin axırına konsertim olacaq. Amma mənə iki il öncədən xəbər veriblər. Yəni, bunun üçün iki il əvvəl proqram tutulub.

- Sizə Amerikada yaşamaq təklifi gəlmişdi. Amma qəbul etmədiniz...

- Mən, orada yaşaya bilmərəm. Doğrudur, gözəl yerdir, Amma mən bir həftə qalandan sonra darıxıram. Dostlarımdan, yaxınlarımdan ayrı qala bilmirəm.

- Estrada mahnısı ifa etməyi düşünürsünüzmü ?

- Təlxəklik etmək istəmirəm.

- Amma muğam ifaçılarının bir neçəsi estrada mahnısı ifa ediblər. Həm də uğurlu alınıb.

- Mən istəmirəm. Estrada mənim sahəm deyil. Oxusam da klassik mahnılar ifa edərəm. Bülbüldən, Rəşid Behbudovdan oxuyaram. Amma oxumaq istəmirəm. Mən xaricdə elə musiqiçilər gördüm, adam dəhşətə gəlir. Bizdə estrada yoxdur. Ona görə də estrada da olmaq fikrim yoxdur.

- Uğurlarınızı mediadan gizlədirsiniz ?

- Kənardan reklam olunması kimi qəbul edilməsin deyə, hər şeyi bölüşmək istəmirəm. Bilmirəm bu məsələni danışmaq doğrudurmu? Azərbaycanda bir səfir işləyirdi. Adını deyə bilmərəm. Yaxşı münasibətlərimiz var idi. Mənim dostum Tomas Qoldsla bir yerdə idik. Mən məclisdə oxudum. Səfir dizlərini yerə qoyub, qarşımda yerə uzandı. Dedi ki, mən Azərbaycan musiqisi qarşısında diz çökmürəm, uzanıram. Bu, bizim musiqimizin qüdrəti idi, onu diz çökdürdü. Mən indi onu əlimdə bayraq edim, hər yerdə deməli idim ki, səfir mənim qarşımda diz çökdü? Avropa ölkələrində özləri yazırlar. Mən onların heç çoxunu tanımıram.

- Efirlərdə az görünürsünüz ?

- Mən heç vaxt 4-5 min manat verib efirə çıxmaram. Əvəzində xarici ölkədə çıxış edərəm. Mən Avstraliyada konsertin görüntüsünü çəkdirib, gətirmişəm. Bir neçə kanala təklif etdim, məndən 6 min pul istədilər. Deyirəm axı niyə mən pul verməliyəm? Dedilər, filankəs 8 min verir. Başa düşə bilmirəm, mən Azərbaycan musiqisinin inkişafına çalışıram. Azərbaycanın adı ilə çıxış edirəm.

- Sizin sahədə də özünü birinci hesab edənlər çoxdur ?

- Bizdə qaliblik bilirsiniz nədir? Filankəs nə qədər telefon gəzdirir, neçə manatlıq şalvar geyinir. İndiyədək heç kim deyə bilməz ki, Qoçaq bizə pul təklif edib ki, qalib olum. Mən Səmərqəndə “Şərq təranələri” müsabiqəsinə getdim. Orada iştirak edənlər bilir ki, ora necə önəmli yerdir. 56 ölkənin arasında birinci yer oldu. Mükafat aldım. İndi oturub o mükafata alnıaçıq baxıram. Oxudum, birinci yer də tutdum. Kimlərsə pul verib titul ala bilər. Ancaq mən bunu edə bilmərəm.

- Fəxri ad almaq necə arzusundasınızmı?

- Ad əslində qonşundan geri qalma məsələsinə görədir. Avropada onsuz da bu, maraqlı deyil. Onlar üçün xanəndəni təqdim edəndə onun harada disklərinin çıxması, tanınmış musiqiçiləri ilə bir araya gəlməsi, hansı məşhur zallarda konsert verməyi və digər məsələlər önəmlidir. Adımın altında yazılır ki, bu xanəndə Səmərqəndə beynəlxalq festivala çıxıb. Amerikada haqqında film çəkilib. Həmin film mükafatlara layiq görülüb. Məsələn, İtaliyada diskim buraxılmazdan əvvəl, Sənubər xanım bildirmişdi ki, belə bir xanəndə var. Onlar demişdilər ki, tanımırıq. O həmin bu filmi göstərəndən sonra razılıq vermişdilər. Deyiləndə ki, Kraliça Elizabet salonunda çıxış edib. Onlar üçün bu, çox prestijli bir şeydir.

- Konsertlərinizdə Qarabağla bağlı məsələlər yer verirsiniz. Orada buna necə münasibət göstərirlər?

- İngilis jurnalistinə bunları dedizdirmək heç də asan deyil. O, özü istəyir və deyir. Bir dəfə mən salonda çıxış etdikdən sonra, jurnalist səhnəyə çıxdı. Haqqımda danışdıqdan sonra, dedi ki, Qoçaq Əsgərov Qarabağ bölgəsindəndir. Onun torpağı neçə illərdir ermənilər tərəfindən işğal olunub. Mən heç vaxt əlimdə bayraq etmərəm ki, mən Azərbaycan bayrağını qaldırdım. Birincisi, Qoçaq Əsgərov Azərbaycan adına çıxış edir. Mən ölkəmi, vətənimi, bayrağımı sevirəm. Onun bircə dəfə səhnədə dalğalanması üçün əlimdən gələni edirəm. Azərbaycandan kənara çıxanlar bircə dəfə də olsa Azərbaycanı yaxşı təmsil etsələr, hər şey çox mükəmməl olar. Birinci xanım bizə əsl şəraiti yaratdı, efirə çıxardı. Bundan sonrası isə bizim işimizdir. Mən oturub kimdənsə, mənim üçün nəsə etməyini gözləyə bilmərəm.

- Xarici ölkədə dil problemini necə həll edirsiniz ?

- (Gülür). Avropaya ilk addımlarımı atanda heç nə bilmirdim. Onlar danışırdılar, mən də baxıb qalırdım. Amma indi özümü sudan quru çıxarda bilirəm.

- Qoçaq, muğamımızı bölgələrə bölünməsinə münasibətiniz necədir? Qarabağ, Şirvan bölgüsünün olması ayrı-seçkiliyə səbəb olurmu ?

- Bu məsələ illərdir həll olunmur. Mən bu barədə sərt demişəm. Düşünürəm ki, bu bölücülüyü salanlar qanından erməni qanı axanlardır. Kimlərə nə haqq verilir ki, məsələni bu cür qabardırlar. Bir dəfə dedilər ki, Azərbaycanda muğam mafiyası yaranır. Muğam oxuyandan mafioz olar? Mənim kamança çalanım Şamaxılıdır. Mənim sözüm şamaxılı ilə tutur, onu seçmişəm. Füzulidənəm deyə, indi mən Qarabağlı kamança çalan tapmalıyam? Bu cür yanaşmanı anlaya bilmirəm. Cılız insanlar da bu məsələni salıblar. Heç bir fərq də yoxdur. Sadəcə məlum məsələdir ki, bizim dillərdə ləhcə var. Alim Qasımov Şirvan bölgəsindəndir. Dünya şöhrətli xanəndədir. Bu məsələni yaradanların qanı təmiz türk qanı deyil. Ona görə də onlar elə həmişə Azərbaycan musiqisinin uğuruna görə sevinməyəcək.

- Övladlarınızın musiqiçi olmağını istəyirdinizmi ?

- Məndən soruşsalar ki, bir daha dünyaya gəlsəydiniz, xanəndə otardınmı? Dərhal söyləyərdim ki, yox. Kənardan ola bilər ki, xoş görünür. Müəyyən şeylər var ki, onları edə bilmirsən. Mən səhnəyə hər çıxanda stress keçirirəm. Ona görə də övladlarımın musiqiçi olmağını istəmirəm. Bir şərtlə razı olaram. Əgər övlad atasından yaxşı musiqiçi olarsa, olsun. Əzizə Mustafazadə kimi. Ancaq “xala, xətrin qalmasın” deyə olmaq istəyərlərsə, imkan vermərəm.

Jalə Məmmədli
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3009

Oxşar yazılar