Səssiz-səmirsiz 55 yaş
14 avqust 2012 17:57 (UTC +04:00)

Səssiz-səmirsiz 55 yaş

Bu gün Alim Qasımovun 55 yaşı olur, səssiz-səmirsiz. Nə ad günü qeyd edir, nə sosial şəbəkələrdə “mən də varam ”, “özü də mən mənəm” xarakterli şəkillərini, haqqında nuh əyyamından qalmış məlumatları paylaşmır. Deyir, ayıbdır, Qarabağ yağmalanıb, Təbrizdə canı bir, qanı bir olduqlarımız yas içində, dünyanın hansı tərəfindəsə ən zəngin ölkədə müsəlman əhli bu müqəddəs ayda aclıqdan, xəstəliklərdən əziyyət çəkir. Mən də durub ad günüm olduğu üçün şadyanalıq edim?! Pafoslu səsləndi? Bunların heç biri onun dilindən çıxmayıb, amma tanıdığım qədər, məhz belə düşündüyünə əminəm. Onun yerinə başqa kim olsaydı, bir neçə gün əvvəldən telekanallardan düşməzdi, haqqında sifarişli yazılar yazdırardı, məclislər qurular, şərəfinə sağlıqlar deyilərdi, o da daha nə bilim, nələr etməzdi... Alim Qasımov bu gün sadəcə öz hücrəsində əyləşib, onu deyib gələn dostlarını qarşılayıb yola salacaq. Onu deyib gələnlər o hücrədə yerdə xalça və mütəkkələr üzərində oturub Alimin ruhu özü ilə çəkib aparan ifasını dinləyəcək, iftar süfrəsinə qonaq olacaqlar. Kimdir Alim Qasımov? Kasıb bir ailədə dünyaya gəlib, bəlkə də əksər kənd uşaqları kimi ayaqyalın, başıaçıq həyət-bacada böyüyən sıradan bir Azərbaycan balası. Böyüdükcə istedadı da özü ilə boy atan, qoyun-quzu otara-otara əlini qulağının dibinə qoyub oxuyan, səsi dağlara əks-səda verən bir yeniyetmə. Kasıbçılıqdan arzuladığı dəfi belə ala bilməyib. Atası onun göz yaşlarına dözməyib həyətindəki bir keçidən keçməli olub, onu kəsib oğluna bəlkə də dünyada ən böyük sevinci bəxş edib, keçinin dərisindən ona dəf düzəldib. Alimin saf, amma kədər tökülən gözlərində o gün sevinc elə işıq saçıb ki, göz yaşları bu sevincin parıltısında bir dəfə bərq vurub və çəkilib. O gündən balaca Alimi harda axtarsan dərə-təpədə əlində dəf dərvişsayağı oxuyan tapardın. O dərə-təpədən başlayan yol haralara gedib çıxmadı ki... Bu gün Alim Qasımovun Yaponiyada, Fransada, əlimiz çatıb, ünümüz yetməyən hər yerdə adı çəkilir, konsertlərinə sevə-sevə gəlib ifasını ciyərlərinə təmiz hava kimi çəkirlər. Bu həmin adamdır ki, nə dəbdəbəli ev-eşiyi var, nə də onu zərxara geyimdə görən olub. Əynində həmişə jilet olar, çöl adamlarına xas geyim tərzi var. Sadədən sadə həyatı kimi sadə də xarakteri var. Bir hamamçının toyunda da oxuyar, özü də təmənnasız, amma qazanc üçün toylara getməz. Kasıb deyil, varlı da deyil. Tanrının bir insanın dolanışığı üçün verəcəyi hər şeyə sahibdir. Hər şeydən çox isə hörməti var. Ona qısqanclıqla yanaşan, sevməyən də bu gün Alim Qasımovun varlığı ilə hesablaşmağa məcburdur. Oxuduğu yer, onu dinləyənlər ürəyincədirsə oxuduqca coşar, ürəyincə olmadısa, milyonlar belə versələr, oxumaz. Əynindən paltarını çıxarıb çılpaq imkansıza verəcək qədər əliaçıqdır, amma özü istəmədiyi bir şeyə onu kimsə məcbur, yaxud sövq edə bilməz. Bu yerdə xanımı Tamella istisnadır. Çox sevdiyi qızı Fərqanədən də irəlidə xanımıdır. Bu fədakar qadına bunu bir dəfə də olsun büruzə verməsə belə. Budur Alim Qasımov şəxsiyyəti, başı yalnız muğam oxuyarkən, tamaşaçısının qarşısında əyilər. Öz böyüklüyündən bixəbər, sadə el dilində danışan, indiyə qədər maşını belə olmayan, böyük sənətkar. 55 yaşınız mübarək. Səsiniz bundan da uzaqlardan gəlsin, amma özünüz bizimlə olun... Özünüz dediyiniz kimi, bir vaxt sizə qulaq asan, indi sizin qulaq asdığınız səsinizə qüvvət... Bu gün Alim Qasımovun 55 yaşı olur. Səssiz-səmirsiz, sosial şəbəkələrsiz, telekanallarsız...
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1554

Oxşar yazılar