Aprelin 8-də Yer kürəsinin sakinləri unikal hadisəni - tam Günəş tutulmasını yaşayacaqlar. Onu şəxsən izləyə bilməyənlər bu prosesi onlayn izləyə biləcəklər.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, tam Günəş tutulması Ayın Günəşlə Yerin arasından keçərək bütün işığın qarşısını müvəqqəti kəsdiyi zaman baş verir. Bu zaman Günəşin nazik, demək olar ki, ağ tacını görə bilərsiniz.
Aprelin 8-də baş verəcək tam Günəş tutulması bütün Meksika, ABŞ və Kanadada görünəcək. Bu fenomenin müddəti 4 dəqiqə 27 saniyə olacaq.
Tutulmanın qismən fazaları Şimali Amerikanın digər hissələrində, Mərkəzi Amerikada və hətta Qərbi Avropada da görünəcək.
Ekspertlər bu tutulma zamanı möhtəşəm “Günəş tacı”nın görünəcəyini bildirirlər.
Tutulma zamanı Günəşə doğru təxminən 64.500 km/saat sürətlə hərəkət edən “Şeytanın kometası” kimi tanınan Ponsa-Bruksa kometası da görünəcək.
Günəş tutulmasını şəxsən görə bilməyəcəklər üçün NASA hər kəsin bu təbiət hadisəsini real vaxt rejimində izləyə bilməsi üçün “YouTube”da xüsusi video yayımı təmin edəcək.