Tez-tez yaşlı nəsil üzü tüklü gəzən, saqqal saxlayan gənclərə ironiya ilə “bu nə saqqaldır saxlayırsan, kimə yas tutursan, pişiyin ölüb?” kimi suallar verirlər. Niyə məhz pişiyin adı çəkilir?
Lent.az “Belə yaranıb” rubrikasında bu məsəlin yaranma tarixçəsindən bəhs edir.
Qədim Misirdə pişiklər müqəddəs heyvan sayılırdı. Pişiklərin ölməsi isə, bir ailə üçün faciə hesab olunur, tanrıların qəzəbinə gəlmək anlamı verilirdi. Buna görə ölən pişik üçün yas saxlanırdı. Yas saxlamaq sonradan müsəlman aləmində qəbul edildiyi kimi saqqal saxlamaqla yox, qaşlarını qırxmaqla göstərilirdi. Yas 40 gün davam edirdi.
“Pişiyi ölüb, yas saxlayır” ifadəsi beləcə tarixin 5 min il öncəyə aid tozlu səhifələrindən qopub son minilliyə gəlib. Amma indi qaşı qırxılan yox, saqqal uzadan adamlar barəsində yarızarafat bir deyimə çevrilib.