Asan və ya çətin olmasına baxmayaraq, qadınlar da kişilərin bacardığı işi bacara bilirlər. Memarlıq sahəsində də dünyanın ən məşhur binalarından bir çoxunda qadınların imzası var.
Maraqlıdır, bəs, həmin memar qadınlar kimlərdir?
Lent.az dünyanın ən məşhur tikililərinə imza atan memar qadınlarının siyahısını təqdim edir:
Şenonso qəsri - Fransa
Fransanın Luara vadisindəki Şer çayı boyunca uzanan Şenonso qəsri dünyada ən çox fotosu çəkilən tikililərdən biridir. Bu möhtəşəm qala 500 il əvvəl bir qadın tərəfindən dizayn edilib. 1513-cü ildə Katerina Briçonnetin əri Tomas Boye bu ərazini alanda burada sökük bir malikanə və dəyirman var idi. Katerina ərinin aldığı bu kiçik mülkü qısa müddətdə saraya çevirdi.
Şenonso qəsrinin ən mühüm xüsusiyyəti evin içərisində ilk dəfə düz pilləkənlərdən istifadə edilməsi idi. O vaxta qədər bütün pilləkənlər fırlanırdı.
Qala tikiləndə Katerina Briçonnetin həyət qapısının üzərində də bir yazı asılmışdı: “S'il vient à point, me souviendra”, yəni “Bu bina tamamlananda hamı məni xatırlayacaq”.
Villa Benedetti – Roma, İtaliya
Plautilla Bricci rəssam idi, atasının emalatxanasında rəsm çəkirdi. Plautilla Bricci 1663-cü ildə Villa Benedetti tikdirəndə o, İtaliya tarixində ilk qadın memar oldu. Briccinin başqa bir xüsusiyyəti o idi ki, o, dünyada binaları peşəkar şəkildə layihələndirən ilk qadın memar idi.
Barokko üslubunda tikilmiş Villa Benedetti əyri divarları, eyvanları və ayrıca suvaq işləri ilə seçilir. Binanın memarı Plautilla Bricci olsa da, 1677-ci ildə Villa Benedettinin tanıtımında onun qardaşının adı çəkilib. Buna səbəb cəmiyyətdə qadın memarın qəbul edilməməsi idi.
1849-cu ildə Fransanın Roma mühasirəsi zamanı bina dağıdıldı və üç mərtəbəli malikanənin yalnız bir neçə divarı salamat qaldı.
"Hotel Lafayette" - Buffalo, Nyu-York
ABŞ-ın ilk qadın memarı Luiz Blançard Bethundur. 1891-ci ildə Ümumdünya Kolumbiya Sərgisinin tikinti şöbəsi binanın layihələndirilməsi üçün qadın memar axtardıqlarını elan edib. Bununla belə, yenə də bir sıra problemlər var idi. Belə ki, kişi memar 10 000 dollar, qadın memar isə 1 000 dollar mükafat ala bilərdi. Luiz bununla razılaşmadı və təklifi rədd etdi.
1904-cü ildə Buffaloda tikilən “Lafayette” adlı otel Luizin ən böyük işi oldu. Otelin fərqli xüsusiyyətlərindən biri də hər otaqda telefonun və bütün otaqların hamamında həm isti, həm də soyuq suyun olması idi.
“Lafayette” otel bu gün də fəaliyyət göstərir və ABŞ-ın milli tarixi yerlər siyahısındadır.
Qəlb Qalası - Kaliforniya
Yüzdən çox binanın layihələndirilməsi ilə məşğul olan memar Culiya Morqanın ən məşhur əsəri Kaliforniyadakı Qəlb Qalasıdır. Culiya Morqan ABŞ-da başladığı memarlıq təhsilini Parisdə davam etdirmiş və 1898-ci ildə normalda 4-5 il davam edən “Ecole des Beaux-Arts” akademiyasında 3 il müddətində təhsilini tamamlamışdır. O, 1904-cü ildə Amerikanın ilk lisenziyalı qadın memarı kimi öz işinə başladı.
Qəzet sahibi Vilyam Randolf 1919-cu ildə Morqanı qalanın və onun ətrafındakı binaların dizaynı üçün işə götürdü. Qəlb Qalası Morqanın 28 illik işi idi və layihənin hər bir detalını şəxsən özü hazırlamışdı. Qalanın içərisində ayı, zebra, bəbir və dəvə kimi həm ev, həm də ekzotik heyvanlardan ibarət zoopark hazırlanmışdı.
1937-ci ildə maddi çətinliyə görə, qala heyvan satışına başlayıb. Qalanın tikintisi 1947-ci ildə dayandırılıb.
Qeyd edək ki, qalanın tikintisi heç vaxt tamamlanmayıb.
Kral Şekspir Teatrı – Stratford-upon-Avon, İngiltərə
1926-cı ildə Şekspirin doğulub dəfn olunduğu Stratford-upon-Avonda onun adına teatr tikilməsi qərara alındı. Bununla bağlı müsabiqə elan edildi. İştirak edən 70-dən çox memar arasında Elizabet Skot da var idi. Müsabiqənin nəticələri nə çox, nə az düz 2 ildən sonra açıqlandı. Elizabet Skot müsabiqədə qalib olmuşdu.
Skotun dizaynı “Art Deco” bəzəkləri və Skandinaviya təsirləri ilə hazırlanmışdı və çox sadə idi. Teatr bu gün də fəaliyyət göstərir.