Birisinin haqqında “başına kül olsun”, “boyuna qamış ölçülsün” kimi qarğışları xüsusilə Aran bölgəsində tez-tez işlədirlər. Bundan əlavə, “ağacı kəsilmiş”, “saçı kəsilmiş” kimi ifadələr də yer alır.
Bəzi bölgələrdə ataların qızlarının saçlarını kəsməyə icazə verməməsi də qan yaddaşımızdan qalıb. Beləki, qədim türklərdə mərhum üçün yas tutanda əzizlərini özlərinin və atlarının saçını, quyruğunu kəsmək adəti var idi. Görünür, saç kəsmə ölüyə verilən qurbanların bir şəkli olaraq düşünülmüşdü. Məsələn, böyük qəhrəmanları Atilla ölən zaman hun türkləri dəfn mərasimində dədə-baba qaydasına uyğun olaraq göz yaşları axıtmamış, ancaq saçlarını kəsərək, üzlərini yaralayıb qan axıtmışdılar. Sonrakı dövrlərdə at quyruğu kəsmək birinin namusuna sataşmaq kimi işlədilməyə başladı.
Ölü üçün və ya hansısa bir fəlakətin qarşısını almaq üçün verilən qurbanlardan biri də bar verən ağacı kəsmək idi. “Bar verən ağacların qurusun demək” qapına vay düşsün anlamına gəlirdi. Hazırda ərəb dünyasında bar verən xurma ağacını qurban eləmək kimi bir ənənənə qalmaqdadır. Çünki xurma ağacının yarpaqları, meyvəsi, xurmanın tumu, lifləri faydalı olduğu üçün bu ağac insan qədər qiymətli sayılır.
Qədim türklərdə öləni ağlamaq üçün xüsusi olaraq çağırılmış ağıçılar (onlara "yuğçu" deyərdilər) olardı, onlar ikisimli qopuzda çalıb, əvvəlcə onun igidliklərindən danışar, ağı deyərdilər. Bundan başqa, həmin mərasimlərdə üz yırtmaq, saç yolmaq, başa kül ələmək adəti vardı. Yaslı adam başına kül töküb gəzər, hər kəs onun yaslı olduğunu bilərdi.
Boya qamış ölçmək ifadəsinin yaşı nisbətən kiçikdir. Ölçü qamışı ölüyə məzar qazmaq və kəfən biçməklə əlaqəli idi. Ölünün boy ölçüləri qamışla ölçülər, ona uyğun məzar qazılar, kəfən kəsilərdi. “Boyuna qamış ölçüm” demək, səni öləsən, boyunun ölçüsü alınsın anlamı verir.