O, at belində tanklara hücum edib - XX əsrin Don Kixotu
16 aprel 2024 00:00 (UTC +04:00)

O, at belində tanklara hücum edib - XX əsrin Don Kixotu

İspan yazıçısı Migel de Servantes Saavedranın müəllifi olduğu "Ağıllı zadəgan Don Kixot" romanı dünya ədəbiyyatının əsas nümunələrindən biri sayılır.

Yeni dövrdə sıradan çıxmaqda olan cəngavər ənənələrini qorumağa çalışan, insanların köməyinə gəlməyi əsas prinsipi elan etsə də, Don Kixotun addımları yaxşılıq yerinə, ətrafındakılara yalnız zərər verir. Bununla belə, sadəlövh, öz xəyal dünyasında yaşayan və əksər hallarda reallıq hissi ilə əlaqəsini itirən real insanlar hər zaman Don Kixotun idealist obraz kimi müqayisə edilib.

Lent.az belə şəxslərdən biri – “Çexiyanın Don Kixot”u sayılan Yozef Mençik barədə yazını təqdim edir.

O, 1870-ci ildə anadan olub. Ailəsi mülkədar olduğu üçün Mençik uşaq yaşlarından yaxşı təhsil almışdı. O daha çox tarixlə, xüsusən orta əsr cəngavərlik ənənələri ilə maraqlanırdı.

Bu maraq onu 1911-ci ildə XIV əsrdə tikilmiş və yanğın nəticəsində dağılmış Dobş qalasını Şvartsenberqlər ailəsindən almasına və onu yenidən qurmasına yol açır.

Yozef Mençik qalanı diqqətlə tarixi görünüşünə uyğun rekonstruksiya edir. Bu vaxtdan etibarən o artıq cəngavər ənənələri ilə yaşamağa, orta əsr döyüşçüləri kimi zirehli geyimdə, qılınc və dəbilqə ilə gəzməyə başlayır.

Orta əsrə aid geyim və əşyalar əldə etmək üçün Çexiyanın tarixi bazalarına tez-tez baş çəkir, bəzi çatışmayan əşyaları Fransadan qaçaqmalçılıq yolu ilə gətizdirir.

Məhz bu zaman yerli sakinlər ona Çexiyanın Don Kixotu”, “Saqqalı baba” və “Sonuncu cəngavər” adı verirlər.

Yozef Mençik qəsrin ətrafındakı şəhərlərə dəbilqədə və at belində çıxır, müasir texnologiyalardan imtina edir, elektrik enerjisindən istifadə etmir, qəsrin içində işıqlandırma üçün şam yaxud məşəldən istifadə edirdi.

İnsanlarla nəzakətli davranan, yardımsevərliyi ilə ad çıxarsa da, heç kəs onu cəngavər obrazından ciddi saymır, bəzi hallarda isə dəli kimi baxırdılar. Amma baş verən hadisələr onun sözdə deyil, əməldə də cəngavər olduğunu isbat etdi.

1938-ci ildə almanlar Çexoslovakiya hakimiyyətinin müqavimətinə rast gəlmədən Sudet vilayətinin ərazisini işğal etdilər. Alman tanklarının qəsrinə yaxınlaşmasından xəbər tutan 68 yaşlı Yozef Mençik zirehini geyinərək, qılıncını götürərək, ata minir və alman ordusuna tərəf hərəkət edir və tank kolonunun qarşısını kəsir. Almanlar çaş-baş qalırlar və qısa müddətə irəliləyişlərini dayandırırlar. Qısa müddət davam edən çaşqınlıqdan sonra Almaniya ordusu hərəkətini davam edir.

Bu fərdi şücaət Çexoslovakiyanı xilas etməsə də, lakin dəlisov qocaya "Sonuncu Cəngavər" ləqəbini verən yerli sakinlər üçün qürur mənbəyi olur.

Əvvəllər o, nəzakəti, başqalarına kömək etmək istəyi və xeyirxahlığı ilə seçilirdisə, bu dəfə “yel dəyirmanlarına” qarşı bu az qala intihara bərabər hərəkəti hər kəsə təsir etmiş, cəngavər ideyalarının onun qəlbinin dərinliyinə kök saldığını isbat etmişdi. Almanlar Yozef Mençikə toxunmadılar və onun öz kiçik qalasında qalmasına icazə verdilər.

Yozef Mençik 1945-ci ilin noyabrında 75 yaşında ürəktutmasından öldü. Hazırda onun ömür sürdüyü tarixi Dobş qalası onun muzeyinə çevrilib.

# 3213
avatar

Vüqar İsmayılov

Oxşar yazılar