ABŞ-ın məşhur milyarderləri Mark Zukerberq və Ceff Bezosun gizli yeraltı sığınacaqları olan malikanələr tikdiyi məlum olub. Dülgərdən tutmuş elektrikçiyə, rəssamdan mühafizəçiyə qədər tikinti prosesində iştirak edən hər kəsə bu barədə danışmaq qadağan edilib.
Pandemiyadan əvvəl dünyanın ən zəngin adamlarından bəzilərinin bir növ “post-apokaliptik sığınacaq” qurmağı qarşısına məqsəd qoyduğu barədə müxtəlif KİV-lər məlumat veriblər.
Lent.az xəbər verir ki, ABŞ-da nəşr olunan “Wired” jurnalı “Meta” şirkətinin rəhbəri Mark Zukerberqin Havay adasında yüz milyonlarla dollara başa gələcək apokalipsis bunkeri inşa etməyə başladığını yazıb. Zukerberqin tikdiyi kampusun ABŞ tarixinin ən böyük evlərindən biri olacağı iddia edilir.
Məlumata görə, Sakit okeandakı Havay adalarının şimalında, Kauai adasındakı turizm obyektlərinin və yaşayış məntəqələrinin ortasında Mark Zukerberqə aid torpaqda bir müddətdir ki, tikinti işləri başladılıb. Görüntülərin qarşısını almaq üçün təhlükəsizlik işçiləri və hündür divarlarla əhatə olunan ərazidə Zukerberqin “qiyamət sığınacağı” tikdirdiyi iddia edilir.
Bu layihədə işləyən heç kimə nə tikdikləri barədə danışmağa icazə verilmir.
Məsələ ilə bağlı mətbuata açıqlama verən və adlarını açıqlamayan bəzi işçilər sosial şəbəkədə paylaşım edən həmkarlarının layihədən uzaqlaşdırıldığını gördüklərini yaxud eşitdiklərini iddia edirlər.
Zukerberqin “qiyamət günü sığınacağı” ilə bağlı ictimai qeydlərə daxil olan və layihə haqqında məlumatlı insanlardan müsahibə alan “Wired” jurnalı, 1400 hektarlıq kampusun böyük məxfilik şəraitində inşa edildiyini və 5000 kvadrat metrlik yeraltı sığınacağın inşa ediləcəyi barədə məlumat paylaşıb.
Yeraltı sığınacağın özünü təmin edən imkanlara sahib olacağı bildirilərkən, layihə dəyərinin torpaq alqı-satqısı və tikinti qiymətləri ilə birlikdə 270 milyon dolları keçəcəyi deyilir.
Layihə haqqında məlumatı olan adı açıqlanmayan mənbələrdən əldə edilən məlumata görə, Zukerberqin “qiyamət günü bunkeri” ümumilikdə ən azı 30 yataq və 30 vanna otağı olan ondan çox binadan ibarət olacaq. Nəhəng mətbəxə sahib olacaq şəhərcikdəki binaların körpülərlə bir-birinə bağlanacağı və idman zalları, hovuzlar, sauna, spa mərkəzi, tennis kortu, iclas otaqları kimi bir çox obyektin yer alacağı bildirilir. Nəhəng kampusda partlayışlara davamlı səs keçirməyən qapılardan istifadə ediləcəyi və onlarla təhlükəsizlik kamerası ilə yüksək səviyyədə mühafizəyə sahib olacağı da iddialar sırasındadır.
Jurnalistlər məsələ ilə bağlı Mark Zukerberqin sözçüsü Brandi Hoffine Barrla əlaqə saxlasalar da, Barr şərh verməkdən imtina edib.
Amazon-un qurucusu və dünyanın üçüncü ən varlı adamı olan Ceff Bezos da 79 milyon dollara sığınacaq tikdirib.
Qiyamət gününə hazırlaşan tək onlar deyillər.
“Linkedin”in həmtəsisçisi Rid Hoffman milyarderlərin yarısının belə davrandığını bildirib. Bestsellerlər müəllifi, eyni zamanda uğurlu iş adamı kimi tanınan Antonio Qarsiya Martines hətta Sakit okeanda ada almağa imkan tapıb. Adaya xeyli generator, günəş panelləri və silah aparılıb.
“PayPal” ödəmə sisteminin yaradıcılarından olan iş adamı Piter Til və “Reddit”in təsisçisi Stiv Haffman qiyamətə hazırlaşdıqlarını gizlətmirlər. Til deyib ki, Yeni Zelandiya dünyada salamat qalacaq tək yerdir. Maraqlıdır ki, bütün sağ qalmaq istəyənlər qidadan daha çox silah tədarükü görürlər. Görəsən niyə? İnsanların məhv olub, bitəcəyi bir gündə onlar kiminlə savaşmaq üçün ehtiyat görürlər?