Zamanla ayaqlaşmayıb unudulan çox peşələr var. Lent.az bu gün unudulan peşələrdən bəhs edəcək.
Qədimlərdə gəlinləri bəzəmək üçün xüsusi məşşatələr olardı. Bu gün onları kosmetoloqlar, vizajistlər əvəz edir.
İndi yun çırpıb, yorğan-döşək salmaq qadın işi sayılsa da, keçmişdə bu işi qolu qüvvətli kişilər edərdilər. Peşənin adı həllaclıq idi.
Sərraclar yəhər və sair qoşqu ləvazimatı düzəldib satmaqla məşğul olurdular.
Atın ayağına nal vuranlar nalbəndlər idilər.
Münəccimlər əsasən sarayda yaşayır, ulduzların hərəkətlərini izləyir və bu hərəkətlər əsasında ölkəni hansı müjdənin və ya fəlakətin gözlədiyini proqnozlaşdırırdılar.
Rəmmallar müxtəlif vasitələrlə fala baxan adamlara deyirdilər. Bu adamlar çox zaman nücum elmini (ulduzları) yaxşı bilirdilər.
Papaqçılar, adından məlum olduğu kimi, müxtəlif növ papaqlar hazırlayardılar və bu, çox hörmətli peşə sayılırdı.
Əttarlar müxtəlif otların dilini öyrənməklə yanaşı, ədviyyat hazırlamaqla, kimyagərlər əsasən zəhər və zəhərə qarşı məhlullar hazırlamaqla məşğul olurdular.
Sarvanlar karvanlara qoşulub yola çıxan bələdçilərə deyilirdi. Onları bəzən karvanbaşı da adlandırırdılar.
Kankanlar quyu qazan adamlara deyərdilər, dərin quyular qazıb su çıxarılmasına xidmət edərdilər. Bir də bu peşəyə bənzəyən lağımçılar var idi. Onlar müxtəlif binaların altına lağım atardılar, başqa sözlə, gizli yollar çəkərdilər.
Mütrüblər toylarda çalıb-oynayan şənlik təşkil edən dəstəyə deyərdilər. Mütrüb kişiləri yüksək təbəqənin adamları o qədər də önəmsəməz, onların yanında qız-gəlinlərin üzüaçıq dolaşmasına izn verərdilər. (XX əsrə qədər Azərbaycan kişiləri erməni və mütrübləri eyni pillədə görər, qadınların onların yanında yaşmaqlanmasını tələb etməzdilər)
Çarvadar isə yük heyvanı ilə muzdla yük daşımaqla məşğul olan adama deyərdilər. Onlar bir növ indiki nəqliyyat daşımaları işini görürdülər.
Torpağı şumlayıb, əkin işini yaxşı bilənlərə cütçülər deyilirdi.
Gön aşılayıb, onu hazır dəri şəklinə salanlara dabbaq deyilərdi.
Dəlləklər həm indiki bərbər vəzifəsini görürdülər, həm diş çəkirdilər, həm də müsəlman uşaqların sünnət edilməsi onlara həvalə olunurdu.
Dəllallar bir növ indiki maklerlərin işini görürdülər. Alverdə alanla satan arasında vasitəçilik edirdilər.
Parça alveri ilə məşğul olan adamlara sövdəgər, bu işi xırda sahibkarlığa çevirən, küçə-küçə gəzənlərə arşınmalçılar deyilərdi.
Bundan əlavə, qaralmış qazanları ağardıb təmizləyənə qalayçı, misdən müxtəlif məişət əşyaları düzəldən misgər, gildən qab düzəldən dulusçu peşələri də var idi.
Hörmətli peşələrdən biri də dəmirçilik və silahdüzəltmə idi. Ox-yay düzəltmə ayrıca sənətkarlıq tələb edirdi. Keyfiyyətli döyüşçü ox-yaylarının hazırlanması bir ilə qədər zaman alırdı.
Bu gün aradan qalxmış peşələrdən biri də cəlladdır. Yəqin nə olduğunu demədən də anlayarsınız. Cəlladlar həmişə edama üzübağlı gedərdilər ki, edam olunanın qohum-əqrəbaları onları tanımasın, kin tutmasın. Sarayda böyük maaşa çalışan cəlladların məzarları əsasən gizli olar, üstünə ad yazılmazdı.
Toylarda çalanlara sazəndələr deyərdilər və hələ zurnaçıların özlərinin zil verəni də ( züytutanı) olurdu.
Çaparlar, qasidlər poçtun olmadığı zamanlarda bir yerdən başqa yerə təcili xəbər aparan adamlara deyərdilər.