İnsan beyninin inkişafı bütün ömür boyu bir neçə dəqiq şəkildə ayrılmış mərhələlərlə davam edir. Alimlər müəyyən ediblər ki, 9, 32, 66 və 83 yaş beyin üçün əsas dönüş nöqtələridir.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, bu nəticələrə Kembric Universitetinin alimləri gəlib.
Araşdırma müəllifləri hesab edir ki, əldə edilən bilgilər psixi pozuntuların və demensiyanın niyə yaşla dəyişdiyini daha yaxşı anlamağa kömək edəcək. Qeyd olunur ki, beynin “gənclik fazası” təxminən 30 yaşa qədər davam edir və bu dövr insan orqanizminin ən yüksək potensiallı mərhələsi sayılır.
Araşdırma göstərib ki, beyin öyrənməyə və təcrübə qazanmağa davam etsə də, onun dəyişməsi bütün ömür boyu eyni templə getmir. Proses tədrici və sabit deyil - dalğalanmaları və yenidənqurma mərhələləri var.
Beynin inkişafının 5 əsas mərhələsi belə müəyyən edilib:
Uşaqlıq - doğuşdan 9 yaşa qədər
Gənclik dövrü - 9 yaşdan 32 yaşa qədər
Yetkinlik - 32 yaşdan 66 yaşa qədər
Erkən qocalıq - 66 yaşdan 83 yaşa qədər
Gec qocalıq - 83 yaşdan sonra
Araşdırma müəlliflərindən biri, doktor Aleksa Mousli bildirib: “Beyin ömür boyu yenidən tənzimlənir. O, bəzi əlaqələri gücləndirir, bəzilərini isə zəiflədir və bu proses düz xətt üzrə getmir”.
Uşaqlıq fazasında beyin sürətlə böyüyür, lakin eyni zamanda çox erkən formalaşmış əlavə sinaptik əlaqələri “təmizləyir”. Bu dövrdə beynin işi sanki parkda özbaşına gəzən bir uşağa bənzəyir.
Təxminən 9 yaşdan sonra isə vəziyyət kəskin dəyişir. Sinir əlaqələri maksimum effektivliyə yönəlmiş şəkildə yenidən qurulmağa başlayır. Mousli bu keçidi insan həyatındakı ən böyük dönüş nöqtələrindən biri adlandırır. Məhz bu dövrdə psixi pozuntuların yaranma riski ən yüksək olur.
Gənclik fazasının yeniyetməliklə məhdudlaşmaması, əksinə 32 yaşa qədər davam etməsi alimlər üçün böyük sürpriz olub. Əvvəllər gəncliyin 20 yaşların əvvəlində bitdiyi düşünülürdü.
Mousli qeyd edib ki, beyin funksiyaları ən yüksək səviyyəsinə məhz 30 yaşdan dərhal sonra çatır, yəni 9–32 yaş arası uzun gənclik fazasının son illərində. Alimlər bu qədər uzun dövrün eyni bir faza kimi davam etməsinə təəccüblənib.
Sonrakı mərhələ yetkinlik dövrü beynin ən uzun və ən stabil işlədiyi yaş aralığıdır. Bu müddətdə dəyişikliklər çox yavaş gedir və insan öz “şəxsiyyət və intellekt platosuna” çatır.
Erkən qocalıq təxminən 66 yaşlarında başlayır, lakin bu, beynin fəaliyyətinin kəskin zəifləməsi demək deyil. Beyin artıq vahid bir sistem kimi deyil, sıx əməkdaşlıq edən ayrı-ayrı sahələr kimi fəaliyyət göstərməyə başlayır. Elə bu yaşlarda demensiyanın və yüksək təzyiqin təsirləri görünür.
83 yaşdan sonra isə beyin gec qocalıq fazasına daxil olur. Bu mərhələdə erkən qocalıqda görünən dəyişikliklər daha güclü şəkildə özünü göstərir.