Döymələr uzun illərdir özünüifadə və incəsənət forması kimi qəbul olunur. Aparılan araşdırmalar göstərib ki, döyməsi olan qadınların özünə hörmət səviyyəsi, xüsusilə bir neçə döyməyə malik olanlardan, daha yüksək olur.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, döyməyə sahib qadınlar gözəllik standartları və cəmiyyətin onları necə qəbul etməsi məsələsində öz yollarını seçirlər.
Araşdırma nəticələrinə əsasən, bir neçə (dörd və daha çox) döyməyə malik qadınların özünə qiymət vermə səviyyəsi döymə olmayan və ya daha az döyməyə sahib qadınlarla müqayisədə daha yüksəkdir.
Son onilliklərdə döymələr daha geniş yayılıb və dəbə çevrilib. Lakin buna baxmayaraq, cəmiyyətin döyməyə münasibəti qadınlar və kişilər üçün eyni deyil. 2018-ci ildə keçirilmiş sorğu göstərib ki, qadınlar döymələrinə görə kişilərlə müqayisədə daha çox qınağa məruz qalırlar. Bu səbəbdən bir çox qadın döymələrini gizlətməyə üstünlük verir.
Bununla belə, qınaq hiss etməyən və ya buna əhəmiyyət verməyən qadınlar döymələrdən daha çox məmnunluq əldə edir və bədənlərinə yeni döymələr əlavə etməyə davam edirlər.
2015-ci ildə aparılmış başqa bir araşdırma isə göstərib ki, bir neçə döyməyə malik qadınlarda özünə hörmət daha yüksəkdir. Eyni zamanda müəyyən olunub ki, belə qadınlar arasında keçmişdə intihar cəhdi halları daha çox qeydə alınıb. Tədqiqat müəllifləri qeyd ediblər ki, bu statistika ilk baxışda mənfi səslənsə də, kontekstdə fərqli məna daşıyır.
Araşdırma nəticələrinə görə, döymələrin sayının artması qadınlarda depressiya və ya intihara meyilliliyin artmasına səbəb olmur.
Tədqiqatın rəhbəri Cerom Kox bildirib ki, bəzi hallarda qadınlar, məsələn, cərrahi əməliyyat nəticəsində itirilmiş bədən hissəsini bədii döymə ilə əvəz edir. Onun sözlərinə görə, döymələr emosional itkilərdən sonra özünə dəyər hissini bərpa etməyin bir yolu ola bilər.
Mütəxəssislər vurğulayırlar ki, bir çox qadın üçün döymə özünə qayğının bir formasıdır və məhz bu baxımdan özünə hörmətlə əlaqələndirilir. Ağrılı və ya insanın çirkin hesab etdiyi bir izi, məsələn, çapığı sənət əsərinə çevirmək güc və özünəinam hissi yaradır.
Bəzi insanlar döymələri ölüm, ayrılıq və ya yaxın bir insanın itkisi ilə bağlı xatirə kimi seçirlər. Bu mənada döymə insanın emosional həyatının əksi və çətinliklərin öhdəsindən gəlmə mexanizmi ola bilər.
Psixologiya professoru Kirbi Farrell isə qeyd edib ki, döymə həm simvol, həm də davranış olaraq güclü məna daşıyır. Onun sözlərinə görə, adi olmaqdan daha artıq olmağa can atmaq, daha dolğun həyat yaşamaq və özünə münasibəti yaxşılaşdırmaq istəyinin ifadəsidir.