Yəqin söhbət zamanı “süfrədə quş südü, can dərmanı nə desən var” ifadəsini çox eşitmisiniz. Quşların südü olmur. Bəs bu can dərmanı olan quş südü ifadəsi necə yaranıb? Onu haradan tapmaq olar?
Lent.az “Belə yaranıb” rubrikasında quş südü barədə məlumatı təqdim edir.
Flaminqo kəlməsi portuqal dilində “flamengo” sözündən gəlib, “atəş” mənasını verir.
Flaminqolar cütləşmə dövrünə çatanda çəhrayı, narıncı, qırmızı rəngə düşdükləri üçün bu adı alıblar.
Bir çoxları etdikləri müşahidələr əsasında flaminqoların öz balalarını qanla bəsləmələrini düşünürlər. Onları müşahidə edən çoxları görüb ki, erkək flaminqo dişinin başını deşir, oradan axan qanı isə yumurtadan yeni çıxmış bala quşun ağzına axır.
Əslində məsələ tamamilə fərqlidir. Erkək flaminqolar yedikləri qidaları mədələrində müvafq həzm prosesindən keçirdikdən sonra beta karoteni deyilən maddə şəklində geri qaytarırlar.
Qırmızı rəngdə olan bu maddəyə kisə südü deyilir. Bu qiymətli maddə yerə tökülüb israf olunmasın deyə, onu dişi quşun başına, oradan da bala quşun dimdiyinə axıdırlar. Həmin qana bənzər maddəyə quş südü deyilir. Həddən artıq qidalandırıcı tərkibə malik olan quş südü enzimlər, karotenoidlər, B vitaminləri ilə zəngindir. Quş südü birbaşa bala quşun qara ciyərində, dərisində və tüklərində toplanır. Bu maddə bala quşların tez böyümələrinə və immunitetlərinin güclənməsinə yardım edir. İnsanlar üçün də faydalıdır. Elə buna görə quş südü can dərmanı ifadəsi də yaranıb.
Bu süd flaminqolardan başqa çox az sayda quş növündə mövcüddur.